Əli Kərimli özünü belə ifşa etdi

Həddən artıq şişkin ambisiyası onu öz maraqlarının girovluğuna təslim edir

"Mənə növbəti dəfə, həm də yekdilliklə etimad göstərmiş cəbhədaşlarıma təşəkkür edirəm". AXCP sədri Əli Kərimli partiyanın sentyabrın 17-də keçirilən qurultayından sonra etdiyi çıxışında belə bir etiraf edib. Prinsip gərəyi, bunu onu sədr postuna seçmiş tərəfdarlarına Əli Kərimlinin təşəkkürü kimi qəbul etmək olar. Lakin, buradakı "növbəti dəfə" birləşməsi birbaşa sahib olduğu anti-demokratik, avtoritar simasının və şəxsi ambisiyasının öz diliylə ortalığa tökülməsi mənasını verir. Çünki, demokratik situasiyanın olduğunun iddia edildiyi məkanlarda keçirilən seçkilərdə iki dəfədən sonra "növbəti dəfə" anlayışına yer yoxdur. Proses qanunvericilik əsasında tənzimlənirsə, bu başqa məsələdir. Lakin AXCP-nin seçki nizamnaməsində belə bir dəyiliklik edilmədiyindən sədr maksimum iki dəfə seçilməliydi. Dəyişiklik edilməsə belə, indiyədək olan iradları və kütləvi etirazları rəhbər tutaraq Əli Kərimli tutduğu postdan könüllü olaraq uzaqlaşmalı idi. Həm də ona görə, getməliydi ki, AXCP sədri iki dəfədən artıq hansısa partiya, yaxud dövlətə başçı seçilən şəxsləri diktator olmaqda ittiham edir. Bu ittihamlarını nəzərə almayan Əli Kərimli, beləliklə özünün hansı xislətə sahib olduğunu görüntülədi və ambisiyası ən şişkin diktator olduğunu etiraf etdi.
AXCP-ni ələ keçirmək
Sovet İttifaqının çöküşünün sürətləndiyi vaxt - 1987-ci ildə "Yurd" İctimai Birliyini yaradan Əli Kərimli AXC-ni ələ keçirmək üçün ilk qarmağı atdı. Əslində bu, "demokratiya" libasına bürünmüş Kərimlinin, avtoritar ambisiyasının nümayişi hadisəsi idi. Beləliklə, 1989-cu ildə ətrafındakı yurdçularla birlikdə Xalq Cəbhəsinin nizamnaməsində iştirak edən Əli Kərimli özünü cəbhə lideri Əblülfəz Elçibəyin gözünə soxur. Sonrakı mərhələlərdə AXC-nin BDU şöbəsi sədrindən təşkilatın sədr müavininədək yüksəlir və pərdə arxasında sədr postunu tutmaq üçün yurdçuları Elçibəyə qarşı təşkilatlandırır. Bütün bunlar 90-cı illərin əvvəllərində hiss olunmadan AXC daxilində "Yurd"un möhkəmlənməsiylə müşahidə olunurdu. Hiylə yoluyla cəbhədə özünə çoxsaylı dəstəkçilər qazanan Əli Kərimli bu minvalla 1993-cü ildə Əbülfəz Elçibəy tərəfindən Azərbaycanın Dövlət katibi təyin olunur. Ölkə rəsmisi səviyyəsinə qalxması Əli Kərimlinin AXC sədri postuna atdığı ən böyük addımdır. "Yurdu" dövlət idarəçiliyi işlərinə qarışdıran Əli Kərimli 1992-93-cü illərdə uzunmüddətli AXC - Müsavat qarşıdurmasının əsasını qoyur. Bu, faktor AXC hökumətini devirən əsas faktor idi.
Şiş böyüyür
"Yurd" AXC-də boy atdıqca, Əli Kərimlinin Elçibəyə yönəlik artan istrionik atmacaları onun hədəflərini müəyyən edirdi. Elçibəyin siyasi üslubu da onun hədəfləri qarşısında ən böyük maneə idi. Əli Kərimli daha çox doqmatik və avtoritar üslub görüntüsünü nümayiş etdirir. Bu, onun ambisiyasını şişirdir və müəyyən olduğu çərçivədə daha sərt qərarlar almağa sövq edirdi. Həddən artıq şişkin ambisiyası onu öz maraqlarının girovluğuna təslim edir. Beləliklə, o, özünü AXCP-nin sinəsindəki ən böyük "xərçəng"ə çevirir.
Kələkidən Qərbə
Əli Kərimlinin AXCP sədri olmasını özündə gizlədən ən böyük detal Elçibəyin 1993-cü ilin iyununda Kələkiyə getməsində gizlənirdi. 1993-cü il 4 iyun hadisələrindən sonra Azərbaycan prezidenti Elçibəyin Bakını tərk edib Kələkiyə getməsindən sonra o hadisələri qiyam kimi qiymətləndirir və ayın 26-da tutduğu vəzifədən istefa verərək Elçibəyin yanına, Kələkiyə gedir. Bu addımı onun ABŞ və Qərbi Avropaya olan yolunu açır. Kələkidə olduğu vaxt o tez-tez Qərbə səfər edir. Beləliklə, Amerika və Avropanın kəşfiyyat orqanları ilə əməkdaşlığı başlayır. Yəni, Kələkidən Qərbə uzanan yolu nəzərə aldıqda, Əli Kərimlinin AXCP sədri postunda niyə dərinə kök atdığını anlamaq asandır. Bunu son müsahibəsində "Mənim prezidenliyə iddiam yoxdur" deməklə açıqladı. Məqsəd pul qazanmaq və daha çox pul qazanmaqdır. Çünki, Əli Kərimliyə görə, zəngin həyat, maddiyyat və əşyalar hansısa əqidə, yaxud amaldan daha üstün məqsəddir.



Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00