Avropa Parlamenti insan haqlarına dəyər versəydi ...
Öz siyasəti ilə Şimali Afrikada, Yaxın Şərqdə ölkələri məhvə aparmazdı
28 Sentyabr 2015 14:10 SiyasətÖlkəmizdə keçirilən hər hansı bir dövlət əhəmiyyətli tədbir ərəfəsində Avropa Parlamentində Azərbaycanla bağlı heç bir dəyəri olmayan qətnamələrin qəbulu ənənə halı alıb. Məqsəd isə ölkəmizin nüfuzuna təsir etmək və öz bəd niyyətlərini ifadə etməkdən ibarətdir. Milli Məclisin deputatı Azər Badamov bildirib ki, AP-nin son qətnaməsindən də göründüyü kimi, ölkəmizə qarşı qeyd olunmuş iradlar reallıqdan uzaqdır və həqiqəti əks etdirmir, müəyyən dairələrə xidmət edir. Əslində Azərbaycan dünyada tolerantlığın carçısı olmaqla söz və internet azadlığına, QHT-lər və siyasi partiyaların sərbəst fəaliyyətinə dövlət dəstəyi ilə yaradılan şəraitinə, sərbəst və azad mətbuatın inkişafına görə nəinki Cənubi Qafqazda, hətta, dünyada öncül yerlərdədir: "Amma çox təəssüflər olsun ki, Qərbdə, Avropada baş verən özbaşınalıqları, mətbuat işçilərinə olan təzyiqləri, islamofobiya və ksenefobiya, milli və dini mənsubiyyətinə görə diskriminasiya hallarını hamımız görürük və belə halların aradan qaldırılması istiqamətində nəinki qətnamələr qəbul etmir, heç müzakirələr də aparılmır. Avropa Parlamenti insan haqlarına dəyər versəydi, öz siyasəti ilə Şimali Afrikada, Yaxın Şərqdə bir çox ölkələri məhvə aparmazdı. Avropa Parlamenti çox yaxşı olardı ki, erməni vəhşilikləri ilə üzləşərək 20 ildən yuxarı daimi yaşayış yerlərindən didərgin düşmüş 1 milyon soydaşımızın pozulmuş hüquqlarının bərpası istiqamətində hər hansı bir addım atardı. Onların həzm edə bilmədikləri Azərbaycandakı xalqla iqtidar arasındakı möhkəm birlikdir. Onların həzm etmədikləri qarşıdan gələn parlament seçkilərində xalqın sərbəst və demokratik şəraitdə öz seçimlərini edə bilməsidir. Həm də onların həzm edə bilmədikləri Avropanın belə xəyallarına gəlməyən bir müsəlman ölkəsində azad, demokratik , inkişaf edən cəmiyyətin olmasıdır". Millət vəkili əlavə edib ki, ölkəmizin, dövlətimizin uğurlarına sevinən dostlarımız, müttəfiqlərimiz olduğu halda, inkişafımıza kölgə salmağa çalışan xarici və daxili qərəzli qüvvələr də var: "Həmin qərəzli və anti-Azərbaycan dairələr erməni lobbisinin təsiri altında olan dairələrdir. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycanın demokratik imicinə xələl gətirsinlər, ölkəmizin, xalqımızın mənafelərinə zərbələr vursunlar. Xüsusilə də, mühüm siyasi, yaxud ictimai-mədəni tədbirlər ərəfəsində fəallaşan anti-Azərbaycan qüvvələri şər, böhtan, reallığı əks etdirməyən fikirlərlə dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. "Amnesty İnternational", "Human Rights Watch", "Freedom House" kimi qərəzli beynəlxalq QHT-lər vasitəsilə qeyri-obyektiv rəy formalaşdırmağa cəhd göstərən qüvvələr müxtəlif kanallar vasitəsilə maliyyə ayırmaqla 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi, Avropa Oyunları ərəfəsində, olduğu kimi bu dəfə də daxili qaragüruhçular vasitəsilə ölkə daxilində vəziyyəti mürəkkəbləşdirməyə də səy göstərirlər". Onun sözlərinə görə, erməni lobbisinin nəzarətində olan mətbuat orqanlarına, bəzi dünya KİV-lərinə fikir verdikdə Azərbaycandakı radikal müxalifətin mətbuat orqanlarının sinxron fəaliyyəti sezilir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanda xalq-iqtidar birliyi güclüdür, xalq hakimiyyəti dəstəkləyir və müdafiə edir, bundan sonra da belə olacaq: "Bu baxımdan hesab edirəm ki, Azərbaycanı gözdən salmaq cəhdləri həmişə olduğu kimi, bu dəfə də heç bir nəticə verməyəcək".
***
Millət vəkili Leyla Abdullayeva bildirib ki, Azərbaycanın uğurları, beynəlxalq aləmdə artan nüfuzu dost ölkələri sevindirsə də, bəzi antiazərbaycançı şəbəkələri, beynəlxalq təşkilatları "narahat" edir: "Dünya ölkələri sırasında öz yerini tutan Azərbaycanda sosial-iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər onun qüdrətini daha da artırmaqdadır. Demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycan bu istiqamətdə mühüm uğurlara imza atıb. Bundan narahat olan Azərbaycan əlehinə olan qüvvələr ölkəmizdə baş tutan mühüm ictimai-siyasi, beynəlxalq tədbirlər ərəfəsində öz simalarını ortaya qoyurlar. Bu kontekstdə əminliklə deyə bilərik ki, ikili standartlar siyasətinin qurbanlarından biri də elə ölkəmiz Azərbaycandır". Millət vəkilinin sözlərinə görə, bütün bunlar sadəcə olaraq Azərbaycanın inkişafını və onun müstəqil siyasət yürütməsini qısqanan qüvvələrin işidir: "Azərbaycanın bugünki inkişafı və regionda nüfuzu təbii ki, bəzi dairələri narahat edir. Eyni zamanda seçkiqabağı mühiti nəzərə alsaq, başa düşürük ki, bu qətnamənin qəbulu müəyyən dairələrin təzyiq mexanizmidir. Bizim bu gün əsas vacib məsələmiz odur ki, torpaqlarımızın azad edilməsidir. Ermənilər isə cəbhə xəttində təxribatla məşğuldur. Azərbaycan hazırda öz ərazi bütövlüyü məsələsində kəskin mövqeyi ortaya qoyub və erməni tərəfinə adekvat cavab verir. Bunun fonunda Avropa dairələrində belə qətnamə qəbul edilməsi təsadüf sayıla bilməz. Görünür ki, istər ölkə rəhbərliyinin, istərsə də Azərbaycan xalqının ərazi bütövlüyü məsələsində yekdil mövqeyi bu cür qara qüvvələrin narahatlığına səbəb olub".
Alim