“Onlar demokratiya yox, Əli Kərimlinin sədrliyi uğrunda mübarizə aparırlar”

Rəfail Becanov: “15 il sədr olub, nə dəyişib ki, bundan sonra sədr olsun nə dəyişsin?”

"Əli Kərimlini yaxından tanıyan adamlar onun demokratiyaya hansı məsafədə dayandığını yaxşı bilirlər". AXCP-nin sentyabrın 27-də keçirilən qurultayında Əli Kərimlinin növbəti dəfə partiya sədri seçilməsi barədə "Olaylar"a danışan AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü Rəfail Becanov belə deyib. R. Becanova görə, demokratiya və Əli Kərimli - biri-birinə daban-dabana zidd olan anlayışlardır: "Sadəcə demokratiya onun üçün bir imitasiyadır. Lakin, Əli Kərimlinin hərəkət və qərarlarında bu anlayışa heç vaxt yer olmayıb. Ən xırda məsələlərdə belə demokratik düşüncəyə, demokratik dəyərlərə münasibət bir avtoritarın münasibəti səviyyəsində olub. AXCP adına keçirilən qurultayın nəticəsi əvvəldən bəlli idi. Fərqli nəticə gözləməyə dəyməzdi. Əli Kərimli üçün ən maraqlı məsələ sədrlikdir, onun üçün demokratiya önəmli deyil. "Ulduz" filmində Qədrin sədr seçilməyi fraqmenti var. Həmin obrazın dilindən səsləndirilən məşhur bir ifadə var: "Mən Qədirəm, mən sədrəm". Əli Kərimlinin də düşüncəsi bu səviyyədədir. Təəssüf edirəm ki, bəzi fədakar adamlar hələ də AXCP sıralarında qalıblar və onlar Əli Kərimlinin sədrliyi uğrunda mübarizə aparırlar. Ölkədə demokratik dəyərlərin güclənməsi, ölkənin inkişafı uğrunda fəaliyyətləri yoxdur, amma Əli Kərimlinin sədr olmağı, yaxud Xalq Cəbhəsi rəhbəri olması uğrunda mübarizə aparırlar. 15 il sədr olub, nə dəyişib ki, bundan sonra sədr olsun nə dəyişsin? Ancaq Azərbaycan siyasətinə gətirilən, müəllifləri Əli Kərimli və tərəfədarları olan söyüş, təhqir və şantaj janrı inkişaf etdiriləcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00