"Sərkisyan özünü Dağlıq Qarabağla bağlı pafoslu çıxışlarla sığortalamaq istəyir"foto
Əlisahib Hüseynov: “Ermənistan prezidenti öz aləmində bu cür pafoslu çıxışlarla qisas almaq niyyəti güdür”
28 Sentyabr 2015 13:52 SiyasətDemokratik Azərbaycan Dünyası Partiyasının(DADP) sədri Əlisahib HüseynovErmənistan prezidenti Serj Sərkisyanın işğal altındakı Dağlıq Qarabağ bölgəsini "Ermənistan dövlətinin ərazisi" adlandırmasına münasibət bildirib. Bu barədə "Olaylar"a açıqlamasında Ə. Hüseynov, Sərkisyanın belə bir iddia ilə çıxış etməsinin Rusiyanın tapşırığı olduğunu düşünmədiyini deyib: "Çünki biz tez-tez Ermənistan rəhbərliyinin beynəlxalq hüquqa zidd çıxışlarının şahidi oluruq. Həm danışıqlar masası arxasında oturub sülh danışıqları aparmaq, həm də belə bəyanatlarla çıxış etmək Serj Sərkisyan rejiminin qeyri-səmimiliyini göstərir. Onun bu çıxışları daxili auditoriyaya hesablanmış bir manevrdir və Ermənistanda əhalinin ayaqlanmasını, hakimiyyətdən üz döndərməsini bu cür pafoslu çıxışlarla sığortalamaq istəyir. Həmçinin düşünürəm ki, bu cür açıqlamalar son günlər cəbhədə baş verən hadisələrdən doğur. Təmas xəttində erməni ordusunun böyük itkilər verməsinə qarşılıq olaraq, Sərkisyan öz aləmində bu cür pafoslu çıxışlarla qisas almaq niyyəti güdür. Amma beynəlxalq təşkilatlar belə sərsəm açıqlamalara biganə qalmamalı və öz mövqelərini açıq şəkildə ortaya qoymalıdırlar". ("OLAYLAR" İA)