BMT-nin Azərbaycan reallığına verdiyi qiymət

Ölkədə gedən sürətli inkişafın fonunda Azərbaycanın daha bir uğuru

Azərbaycanda gedən sürətli iqtisadi inkişaf, əldə edilən nailiyyətlər və ölkəmizin dünyadakı nüfuzunun getdikcə artması dostlarımızı sevindirməklə yanaşı, düşmənlərimizi kədərləndirir, onlarda ölkəmizə qarşı qısqanc münasibət formalaşdırır. Məhz buna görə də həmin qüvvələr hər addımda Azərbaycan barədə beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa çalışır, ölkəmiz barədə müntəzəm olaraq qərəzli fikir formalaşdırırlar. Ancaq bütün bu qərəzli yanaşmalara baxmayaraq Azərbaycan uğurla öz yolunu davam etdirir, yeni-yeni uğurlara imza atır. Bu günlərdə ölkəmiz həyata keçirdiyi məqsədyönlü siyasət və əldə etdiyi uğurlu nəticələrə görə daha bir nailiyyət qazanıb. Belə ki, Azərbaycan BMT səviyyəsində daha bir nailiyyət əldə edərək qurumun Cənub-Cənub mükafatına layiq görülüb. Məlumat üçün qeyd edək ki, Cənub-Cənub mükafatı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Davamlı İnkişaf üçün Cənub-Cənub İdarəedici Komitəsi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Cənub-Cənub Əməkdaşlığı üzrə Beynəlxalq Təşkilatı və bir sıra BMT-yə üzv dövlətlər, agentliklər və fondlar tərəfindən təsis olunub. Mükafat BMT-nin hesabatlarına əsasən kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, Minilliyin İnkişaf məqsədlərində əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilir. Azərbaycan 2015-ci il üzrə sözügedən mükafata layiq görülüb. Əhalinin sosial rifahınınn yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilmiş dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə Azərbaycan prezidenti İlham Əliyev Cənub-Cənub mükafatı ilə təltif olunub. Dövlət başçısının təltif olunduğu mükafat xarici işlər naziri Elmar Məmmədyarova təqdim olunub.
Mükafatın təqdim edilmə kriteriyalarına nəzər salsaq görərik ki, Azərbaycan doğurdan da göstərilən hər kriteriya üzrə nailiyyət əldə edə bilib və ölkəmiz sözün həqiqi mənasında BMT-nin Cənub-Cənub mükafatına layiqdir.
Birincisi, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər və dövlət başçısının ortaya qoyduğu siyasi iradə.  Bu bir danılmaz faktdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir. Bu siyasətin məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Təsadüfi deyil ki, son illər bu istiqamətdə mühüm addımlar atılmaqdadır. Hər il əməkhaqlarının, təqaüdlərin, sosial müavinətlərin artırılmasını buna misal göstərə bilərik. Eyni zamanda aztəminatlı ailələrə verilən ünvanlı sosial yardımlar, şəhid ailələrinin, Qarabağ əlillərinin, ümumillikdə sağlamlığı məhdud olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri addımlar atılır.
Yəni, Azərbaycan dövləti tərəfindən ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilir. Ona görə də inkişaf edən ölkəmizdə sosial siyasət həyatımızın bütün sahələrinə böyük təsirini göstərməkdədir. Həyata keçirilmiş və yaxın gələcəkdə yerinə yetiriləcək tədbirlər respublikada əhalinin sosial vəziyyətinin getdikcə daha da yaxşılaşması üçün əsaslı zəmin yaradır. Ümumiyyətlə, hər il dövlət büdcəsinin təxminən 30 faizə qədəri sosial məsələlərə yönəldilir ki, bu da ölkəmiz üçün tamamilə məqbuldur. Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir.
İkincisi, həyata keçirilmiş dövlət proqramları, yoxsulluğun və savadsızlığın minimuma endirilməsi. 2003-cü ildən ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icra müddəti ərzində təkcə paytaxt deyil, eləcə də bölgələr, hətta ucqar dağ kəndləri belə simasını dəyişib. 12 il ərzində icra olunan proqramlar çərçivəsində bölgələrdə istifadəyə verilən yeni müəssisə və zavodlar yeni iş yerlərinin açılmasına gətirib çıxarıb. Bu da öz növbəsində ölkədə işsizlik və yoxsulluq səviyyəsinin aşağı düşməsinə səbəb olub. Təkcə son illərdə ölkədə bir milyona yaxın yeni iş yeri açılıb ki, onların da əksəriyyəti daimi iş yerləridir.
Nəhayət üçüncüsü, mükafat BMT-nin hesabatlarına əsasən kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, Minilliyin İnkişaf məqsədlərində əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilir ki, Azərbaycan bu sahədə də həqiqətən son illərdə xeyli uğurlara imza atıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi taxılçılıqda orta məhsuldarlıq bu gün Azərbaycanda ilk dəfə olaraq 30 sentnerdən yuxarıdır. Bu, görünməmiş nailiyyətdir, yüksək nəticədir. Təsadüfi deyil ki, bu il Azərbaycanda "Kənd təsərrüfatı" ili elan edilib və bu da dövlətin bu sahəyə olan diqqətinin göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi çünki insanların məşğulluğu, ərzaq təhlükəsizliyi, ümumiyyətlə, iqtisadi inkişaf üçün kənd təsərrüfatı xüsusi yer tutur: "Biz neft siyasətində bütün lazımi işləri gördük. Bundan sonra yerli istehsal, kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı bizim üçün prioritet olmalıdır".
Göründüyü kimi Azərbaycan öz sürətli inkişaf yolunu davam etdirir. Bəzi beynəlxalq təzyiqlərə baxmayaraq ölkəmizin öz tutduğu yolu davam etdirməsinin nəticəsidir ki, BMT kimi mühüm beynəlxalq təşkilatların mükafatlarına layiq görülür. Azərbaycanın bu uğurlarının davamlı olacağı və yeni-yeni nailiyyətlərə imza atacağı da istisna edilmir.


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00