Azərbaycanlı politoloq Ukrayna telekanalından ermənilərə meydan oxudu
Elxan Şahinoğlu: “Cəhənnəmə xoşları gəlsin”
28 Sentyabr 2015 12:37 Siyasət"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ukraynanın "Ukrayna-112" telekanalında separatizm mövzusunda çıxış edib. O, aparıcının dünyanın müxtəlif bölgələrində baş verən separatçı fəaliyyətlər barədə suallarını cavablandırıb. Elxan Şahinoğlu jurnalistin Ukraynanın xarici işlər naziri Klimkinin "Donbasda sülhməramlı qüvvələr yerləşdirilə bilər" sualına cavabında deyib: "1994-cü ildə ATƏT-in Budapeşt sammitində Dağlıq Qarabağda yerləşdiriləcək sülhməramlı qüvvələrlə bağlı qərar qəbul edilmişdi. Üstündən 21 il keçib, nə sülhməramlı qüvvələr var, nə də sülhün özü. Ona görə Ukraynada da hazırki vəziyyətdə bu hələ mümkün görünmür. Bu sülhməramlı qüvvələr hansı ölkələrin təmsilçilərindən təşkil olunacaq? Nisbət necə müəyyənləşəcək? Onlar harada yerləşəcəklər? Bu suallara cavab illər aparacaq". Elxan Şahinoğlu daha sonra Rusiyanın proseslərdəki destruktiv rolundan danışıb: "Bizə dost deyir, o biri tərəfdən işğalçıya silah almaq üçün 200 milyon dollar kredit verir. Jurnalist Donbasla Qarabağ arasındakı fərqi soruşdu. Dedim elə bir fərq yoxdur, orda da separatçılar Rusiyanın köməyi ilə torpaqları işğal edib, burda da, hətta özlərinin yaşamadığı əraziləri (Dağlıq Qarabağ ətrafındakı rayonlar) da ələ keçiriblər. Proqramdan çıxanda aparıcılardan biri fikirlərimin Ukraynadakı ermənilərin xoşuna gəlməyəcəyinə eyham vurdu. Dedim ki, cəhənnəmə xoşları gəlsin. Onların xoşuna gəlməyəcək deyə, həqiqəti deməməliyəm? Dedim ki, siz kimdən yanasız, Ukrayna kimi ərazi bütövlüyünü qoruyan Azərbaycandan, yoxsa separatizmi başladan Ermənistandan?" ("OLAYLAR" İA)