YAP-dan AXCP-nin qurultayına reaksiya - “Tamaşa idi...”

YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə AXCP-nin ötən gün keçirilən qurultayında baş verənlərə münasibət bildirib. A. Mirzəzadə "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, gizli və ya açıq səsvermə ilə seçkilərin keçirilməsi qurultayın səlahiyyətində olan məsələdir:

"Digər tərəfdən bütün nümayəndələr məhz Əli Kərimli diqtəsi ilə seçildiyinə görə hər hansı yenilikdən, alternativlikdən danışmağa dəyməz. Bütün nümayəndələr əvvəlcədən təlimatlandırılmışdı. Ona alternativ namizəd olan şəxsin əvvəlki çıxışları və qurultayda namizədliyini geri götürməsi əvvəldən hazırlanmış ssenari idi. Ola bilməzdi ki, əvvəldən Əli Kərimlini bir çox məsələlərdə ittiham edən şəxs birdən- birə qurultayda öz platformasını təqdim etməsin, alternativlik yarada bilməsin. Qurultayda bir qayda olaraq partiyanın nümayəndələri çıxış edib gələcək fəaliyyətlə bağlı fikirlərini, təkliflərini bildirməli olduqları halda, bunu etmədilər. Əli Kərimli və onun bir müavinindən başqa çıxış edənlər ancaq təbrik edənlər idi. Bu təbrik məclisi idi, yoxsa partiyanın bütün məsələlərini həll edən ali orqan idi?! Bu detalı da yaddan çıxarıb qurultay nümayəndələrinin çıxışını belə təşkil etməmişdilər. Bu sadəcə olaraq uğursuz qurulmuş bir tamaşa idi və bir siyasi partiya ona verilmiş şansdan növbəti dəfə istifadə edə bilmədi".

Onun sözlərinə görə, AXCP həmişəki kimi radikal mövqedə, real həyatdan kənar, partiyalararası mübarizədə fəaliyyət göstərən kiçik bir siyasi təşkilatdır: " Özünün rəhbərliyinin siyasəti ilə çoxdan cəmiyyətə töhvə verə biləcək təşkilat funksiyasından uzaqlaşıb. Bir-birinin ardınca qopmalar, son dövrdə isə parçalanmalar partiyanı bugünkü siyasi proseslərdən kənarda saxlayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00