Əli Kərimlinin sonu
Partiya daxilində AXCP sədrinə möhlət vermiş qrup yaranıb
28 Sentyabr 2015 09:41 SiyasətAzərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bu gün qurultay keçirdi və Əli Kərimli yenidən yekdilliklə partiyanın sədri seçildi.
ANS PRESS-in məlumatına görə, qurultayın sovet dövrünün partiya iclaslarını xatırladan sonluğunda heç səslərin sayılmasına da ehtiyac olmadı. Lehinə olanlar soruşulanda çoxluq əlini qaldırdı, əleyhinə və bitərəf olanlar soruşulanda isə kimsə dinmədi. Beləliklə, Əli Kərimli sovet partiya iclaslarında olduğu kimi gurultulu alqışlar altında qələbə nitqini elədi: "Əlimdən gələn hər şeyi edəcəm ki, siz bu etimada görə peşman olmayasınız" və s. və i.a.Beləliklə, Əri Kərimli heç bir rəqibi olmadan səsverməyə girdi və Azərbaycanın milli-azadlıq hərəkatının birbaşa varisi olan partiya sədr seçkisi həyata keçirilən qurultayı cari məsələlərə sıradan bir iclas kimi başa vurdu. Bu, təbii ki, ilk lideri mərhum Əbülfəz Elçibəyin zamanında klassiklər və islahatçılar qanadı arasında gedən mübarizə ilə siyasi gündəmin daimi diqqətində olan partiya üçün bir qədər qeyri-təbii görünürdü.
Qurultayada mövcud sədrə alternativ tapılmadı və AXCP bununla hətta hərəkat yoldaşı Müsavat Partiyasından fərqləndi, Müsavatın indiki sədri Arif Hacılı rəqibi Qubad İbadoğluya çətinliklə qələbə çalmışdı.
Beləliklə, qurultay AXCP-nin durğunluq içində olduğunu, partiya sədrliyinə alternativ namizəd tapa bilmədiyini protokolla təsdiqlədi.
Əslində, qurultayda müxalif səs var idi. AXCP sədrinin müşaviri Sahib Kərimli 2000-ci ildən bu yana ilk dəfə olaraq Əli Kərimliyə alternativ kimi partiya sədrliyinə namizədliyini irəli sürmüşdü. Lakin qurultayın gedişində Sahib Kərimli öz namizədliyini geri götürdü.
"Mən partiya sədrliyinə seçkilərin gizli olmasını tələb etdim, tələbim yerinə yetmədi, ona görə də namizədliyimi geri götürdüm. Mən məsələ ilə bağlı polemika açmaq istəmirəm, sözümü qurultayda demişəm",- deyə Sahib Kərimli ANS PRESS-ə bildirib.
Qurultayda çıxış edən Sahib Kərimli səsvermənin gizli olmasının vacib olduğunu bildirib: "Açıq səsvermədə açıq-aşkar müdaxilə var". Təbii ki, onun bu istəyi təmin edilməyib.Əslində, Sahib Kərimlinin tələbi beynəlxalq təcrübəyə əsaslanır. Beynəlxalq təcrübə göstərir ki, istənilən quruma seçkilərin azad keçirilməsi üçün səsvermənin gizli olması vacibdir. Dünyada bununla bağlı qəbul olunmuş standartlar var. 2002-ci il ildə Venetsiya Komissiyası təlimat yayaraq, seçkilərin azad keçirilməsi üçün səsverməninin gizlilik prinsipinin qorunmasını tövsiyyə edib. Çünki açıq səsvermədə səsverəni təsir altına salmaq asandır.Əgər AXCP-nin qurultayında gizli səsvermə olsa idi, böyük ehtimalla, yenə də Əli Kərimli qalib gələcəkdi. Amma səsvermənin nəticəsi sovet praktikasından gələn "yekdilliklə" variantına uyğun gəlməyəcəkdi. Amma Sahib Kərimli də müəyyən qədər tərəfdar toplayardı. Hər halda, AXCP sədrinin yeniyetməlik çağı hərəkat dövrünə düşmüş müşaviri uzun illərə dayanan mübarizə yolu keçib və bu yol həbsxana divarlarında keçib.
Sahib Kərimli seçkilərdə müəyyən qədər səs toplaması partiyada fikir müxtəlifliyinin olduğunu göstərərdi. Bu, AXCP-də Əbülfəz Elçibəyin ölümündən sonra islahatçılarla klassiklərin (KXCP) ayrılması nəticəsində tarixə gömülmüş plüralizmi bərpa edərdi. Bu həm də partiyada potensial liderlərin yetişməsinə imkan yaradardı.
Əslində, Əli Kərimli özü də sələfi Əbülfəz Elçibəyin zamanında partiya daxili fikir müxtəlifliyinin mövcudluğu hesabına lider kimi yetişmişdi. Əgər Elçibəyin zamanında AXCP-də klassik və islahatçı qanadlar olmasa idi, Bəy dünyasını dəyişən zaman partiya liderisiz qalaraq siyasi səhnəni tərk edə bilərdi.
Amma belə görünür ki, AXCP-də 15 illik sükutdan sonra buz sınıb və artıq yeni qanad formalaşmaqdadır. Sahib Kərimli hələ ki, partiyada sıravi üzv kimi fəaliyyətini davam etdirdiyini, Əli Kərimliyə 3 il möhlət verdiyini deyir. Əgər Əli Kərimli 2018-ci il seçkilərində qələbə çalmazsa, onda Sahib Kərimli öz tərəfdarları ilə birlikdə sədrlik uğrunda mübarizəyə başlayacaq.