“Qərb özünü nə qədər aktiv göstərmək istəsə də, Qarabağın açarı Rusiyanın əlindədir”
23 Sentyabr 2015 16:38 SiyasətATƏT-in Minsk qrupu bu ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil olunmasında maraqlıdır.
Bu barədə açıqlama verən amerikalı həmsədr Ceyms Uorlik deyib ki, BMT Baş Assambleyasının kuluarlarında Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə hazırlığı davam etdirmək məqsədilə iki ölkənin xarici işlər nazirlərinin görüşünü səbirsizliklə gözləyirlər: "Ümid edirik ki, prezidentlər bu ilin sonunadək görüşməyə razılıq verəcəklər. Həmsədrlər BMT Baş Assambleyası çərçivəsində iki ölkənin xarici işlər nazirləri ilə bu planları müzakirə edəcəklər. İki ölkənin prezidentlərinin görüşünü təşkil etməyə həmişə hazırıq".
Bu mövzuda fikirlərini bizimlə bölüşən politoloq Qabil Hüseynli isə görüş və onun nəticələri haqda müsbət fikirdə deyil: "Düşünürəm ki, Qərb özünü nə qədər aktiv göstərmək istəsə də, açar Rusiyanın əlindədir. Biz Moskvadakı görüşün nəticələrini gözləməliyik. Bilirsiniz ki, məscidin açılış mərasimindən sonra prezidentlərin görüşü olacaq. Bu görüşdə münaqişənin mərhələli həlli və 7 rayonun qaytarılması məsələləri müzakirə olunacaq. Müəyyən qədər həlledici danışıqlar olacağına ümidliyik. Ona görə də diqqətlərin Rusiyaya yönəlməsini istəyirəm. Münaqişənin həllində şimal qonşumuzun atdığı addımları gözləməliyik. Ola bilər ki, Uorlik də, digər həmsədrlər də prezidentlərin görüşünü təşkil etməyə hazırlaşır. Amma bu yetərli deyil, nəticə əldə olunmaya bilər. Faktiki olaraq, hələ ki, münaqişə həllini tapmayıb. Bizə nəticə lazımdır. Bu isə Rusiyadan asılıdır. Ona görə də Uorlikin açıqlamasına güvənmək olmaz. Biz Moskvadakı danışıqların nəticələrini diqqətdə saxlayıb ondan sonra görüşü, onun qrafikini müzakirə edə bilərik".