Spiker: “Parlament seçkilərinin azad və ədalətli keçirilməsi üçün hər cür şərait yaradılıb”
23 Sentyabr 2015 14:40 SiyasətMilli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə missiyası üzrə Ad hok (müvəqqəti) komitəsinin ön heyətinin üzvləri ilə görüşüb. Sədr deyib ki, sizin ölkəmizdə keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədi ilə yaradılmış missiyanın ön heyəti qismində Bakıya gəlişiniz təqdirəlayiqdir: "Ümid edirik ki, səfər çərçivəsində Siz Azərbaycanda mövcud olan seçki mühitini və seçki ilə əlaqədar hazırlıqları daha yaxından müşahidə etmək imkanı qazanacaqsınız". O, ölkəmizdə keçiriləcək parlament seçkilərinə AŞPA tərəfindən müşahidəçilərin göndərilməsi təklifinə qurumun sədrinin müsbət cavab verməsini yüksək dəyərləndirərək bildirib ki, Azərbaycan hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu yolunda inamla addımlayır və gələcəkdə də bu istiqamətdə işlər davam etdiriləcək. Spiker ölkəmizdə qarşıdan gələn parlament seçkilərinin azad və ədalətli keçirilməsi üçün hər cür şəraitin yaradıldığını deyib. O, belə bir inamı ifadə edib ki, AŞPA-nın Ad hok komitəsinin fəaliyyəti uğurla başa çatacaq və Azərbaycanda növbəti bir seçkinin demokratik, şəffaf şəkildə keçirilməsi prosesində öz yerini tutacaq. AŞPA-nın seçki müşahidə missiyası üzrə Ad hok (müvəqqəti) komitəsinin rəhbəri Xordi Çukla deyib ki, səfərdən əsas məqsəd Azərbaycandakı seçki öncəsi vəziyyətlə yaxından tanış olmaq, seçkiyə hazırlıq prosesinin gedişatını izləməkdir.