Partiyaların boykot qərarı nəyi dəyişəcək?

Bəzi partiyaların seçki mübarizəsindən imtina qərarına elə müxalifətin özündən cavab gəldi

Parlament seçkiləri yaxınlaşdıqca ölkədə bir-birindən maraqlı situasiyalar müşahidə edilir. Avropadakı bəzi antiAzərbaycan dairələr yenidən ölkəmizə qarşı təzyiq vasitəsindən istifadə edərək seçkiqabağı mühiti gərginləşdirməyə, daxildəki bəzi siyasi çevrələrin əli ilə hakimiyyətə təsir göstərməyə çalışdığı halda, iqtidar da öz növbəsində bu kimi qərəzli və neqativ halları dəf etməyə, ölkəmizə qarşı növbəti dəfə başalanan şər kampaniyasını zərərsizləşdirməyə səy göstərir. Bütün bunların fonunda həm hakimiyyət, həm də müxalifət seçki hazırlıqlarını da davam etdirir. Artıq 1000 nəfərə yaxın şəxsin parlament seçkilərində iştirak etmək üçün müvafiq Dairə Seçki Komissiyasına müraciət etdiyi bildirilir. Milli Məclisə keçiriləcək seçkilərdə mübarizə aparmaq əzmində olan namizədlərin böyük əksəriyyəti müxalifət partiyalarının nümayəndələridir. Son məlumata görə, əsas müxalifət partiyası hesab edilən Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Dirçəliş, Böyük Quruluş, Azərbaycan Milli İstiqlal, Ədalət, Vətəndaş və İnkişaf Partiyası, həmçinin hakim Yeni Azərbaycan Partiyasının mövqeyi ilə eyni mövqeni nümayiş etdirən Ana Vətən və Sosial Rifah Partiyası seçki mübarizəsinə qoşulub. Ancaq bəzi siyasi partiyalar isə seçkilərdə iştirakdan imtina edib. Bir neçə partiyanın isə yaxın günlərdə seçki prosesindən imtina qərarı verəcəyi bildirilir. Boykot yolunu tutmuş siyasi partiyaların məlum mövqeyinin Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli qətnaməsindən sonra açıqlanması da bəzi məqamlardan xəbər verir. Yəni avroparlamentarilərin ardınca həmin siyasi çevrələr də hakimiyyətə təsir edərək nəyəsə nail olmaq istəyirlər. Əgər seçkidə iştirakdan imtina edən partiyaların hansısa maraqları olmasaydı boykot qərarını Avropa Parlamentinin məlum qətnaməsindən əvvəl verərdilər. Məlumat üçün qeyd edək ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərində Azərbaycan Xalq Cəbhəsi və Azərbaycan Dermokrat Partiyası iştirak etməməyi qərarlaşdırıb. Yaxın günlərdə isə Azadlıq Partiyası anoloji addım ata bilər. Partiyanın sədri Əhməd Oruc deyib ki, hətta rəhbərlik etdiyi partiyanın da təmsil olunduğu "Azadlıq-2015" seçki bloku ümumilikdə seçkilərdə iştirakdan imtina edə bilər.

Bəs görəsən seçkiləri boykot qərarı elə müxalifət düşərgəsinin özündə necə qarşılanır və seçkiləri boykot etmək nəyi dəyişə bilər?

Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Oruclu hər bir siyasi partiyanın qərarına hörmətlə yanaşmaqla yanaşı seçkiləri boykot qərarının doğru olmadığını vurğulayıb. Onun sözlərinə görə, ölkədə keçirilən bu və ya digər seçkilərdə iştirak etmək hər bir siyasi təşkilatın başlıca vəzifəsi olmalıdır: "Əgər partiya seçki prosesində iştirak etmirsə onda hansı siyasi fəaliyyətdən danışmaq olar. Seçkidə iştirak etməmək əslində hakimiyyətin qələbəsinə şərait yaratmaqdır. İndiki məqamda seçkiləri boykot etməklə heç nəyə nail olmaq mümkün deyil". AMİP rəsmisi bildirib ki, bəzi siyasi partiya və təşkilatlar da var ki, onlar da boykot barədə fikir səsləndirirlər: "Əslində isə onlar seçkini boykot etmək barədə düşünmürlər və bu fikirlərində səmimi deyillər. Sadəcə hakimiyyətə guya bununla təsir göstərib bazarlığa getmək istəyirlər". Əli Oruclu bildirib ki, seçkiləri boykot etmək əvəzinə bu prosesin daha aktiv keçməsinə, sosial baza ilə iş aparılması, onun toparlanmasına çalışmaq lazımdır.

Müstəqil ekspert Əlabbas Məhərrəmli də deyir ki, bir sıra partiyaların parlament seçkilərini boykot etmək qərarı yalnışdır. Onun sözlərinə görə, yaxın tarixdə baş verənlər belə deməyə əsas verir: "İndiyə qədər müxalifət partiyaları əksər seçkiləri boykot edib. Nə dəyişib? Əlbəttə ki, heç nə. Əksinə müxalifət sosial bazasını daha da itirib və elektorat ondan uzaqlaşıb". Əlabbas Məhərrəmlinin sözlərinə görə, müxalifət hakimiyyətə gəlmək barədə düşünürsə ilk növbədə demokratik mübarizə üsulu olan seçkilərdə iştirak etməlidir: "Əgər partiya seçkilərdən imtina edirsə, deməli demokratik mübarizə üsulundan kənardır və antidemokratik mübarizə üsullarına üstünlük verir. Yaxud da partiyanın mübarizə əzmi tükənib, seçkilərdə uğur qazanacağına inanmır". Əlabbas Məhərrəmli hesab edir ki, seçkidən imtina edən partiyalar bu prosesdən məğlub ayrılacaqlarından ehtiyat edirlər: "Etiraf etmək lazımdır ki, bu gün üzdə olan müxalifət partiyaları və onların liderlərinin cəmiyyətdə o qədər də nüfuzu yoxdur. Hər keçən il bu düşərgədə baş verən parçalanma və seçkidə üzləşdikləri məğlubiyyət onların siyasi karyeralarının sonunu çatdırıb"

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00