Ölkədə ictimai-siyasi sabitlik var
Rufiz Qonaqov: “Azərbaycanda seçkiqabağı mühiti sabit, demokratik və yüksək qiymətləndirirəm”
22 Sentyabr 2015 19:02 SiyasətNoyabrın 1-də keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca ölkənin ictimai-siyasi həyatında da bir hərəkətlilik müşahidə edilir. Artıq hakim Yeni Azərbaycan Partiyası daxil olmaqla ölkədə fəaliyyət göstərən əksər siyasi təşkilatlar seçkilərlə bağlı mövqeyini açıqlayaraq seçki mübarizəsinə qoşulub. Bu arada parlament seçkiləri təkcə Azərbaycanda deyil, ondan kənarda da diqqətlə izlənilir. Bir müddət əvvəl Avropa Parlamentinin parlament seçkiləri ilə bağlı mövqe açıqlaması da belə deməyə əsas verir. Avropa Parlamentinin məlum qətnaməsində Azərbaycanda seçkiqabağı mühitin heç də normal olmadığı iddia olunurdu. Bəs görəsən ölkədə seçkiqabağı ictimai-siyasi vəziyyət necədir və bu vəziyyət seçkilərə hansı təsir göstərəcək? Bu və ya digər məsələlərlə bağlı Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Rufiz Qonaqov bir sıra müxalifət partiyalarının seçkilərdə iştirak etməmək barədə qərarına da toxunub.
-Rufiz bəy, ölkədə seçkiqabağı ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?
-Azərbaycanda seçkiqabağı mühiti sabit, demokratik və yüksək qiymətləndirirəm. Hər şey sabit, öz axarı ilə gedir. Ölkədə ictimai-siyasi sabitlik var. Seçkiqabağı bütün namizədlər üçün normal seçki mühiti yaradılıb, demokratik ab-hava hökm sürür. Seçki kampaniyası mövcud qanunvericilik və Konstitusiyaya uyğun şəkildə həyata keçirilir. Ona görə də hesab edirəm ki, Azərbaycanda çox normal bir ab-hava var.
-Ancaq bütün bunların qarşılığında Azərbaycanda seçkiqabağı mühitin antidemokratik olması barədə səslənən iddialar nə dərəcədə məntiqli və əsaslıdır?
-Bir qayda olaraq Azərbaycanda hər hansı bir ictimai-siyasi təbdi, seçki, yaxud beynəlxalq əhəmiyyətli mədəniyyət, idman yarışları olanda Avropadan ölkəmizə qarşı təzyiqlər artır. Dəfələrlə qeyd etmişik ki, bu da ikili standartlardan irəli gəlir. Dünyada mövcud olan ikili standartlar əsasən Qərbdən ixrac olunur. Çox təəssüflər olsun ki, bu gün Avropa Parlamenti, eləcə də ayrı-ayrı qurumlar, Qərbdəki müəyyən dairələr ölkələrə qarşı ikili standartlardan çıxış edirlər. İkili standartlar o deməkdir ki, bu gün islamafob, ermənipərəsət qüvvələr Türk dünyası, müsəlman aləminə qarşı bir növ qısqanc münasibətdədirlər. Bölgədə Azərbaycanın nüfuzunun artması, regiondakı proseslərə ölkəmizin birbaşa təsiri, eləcə də Azərbaycanın dünyadakı nüfuzunun getdikcə artması bir çox Qərb dairələri, xüsusilə erməni lobbisinin təsiri altında olan çevrələri ciddi şəkildə narahat etməyə başlayıb. Ona görə də bu gün Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır ki, bu da həmin ikili standartların tərkib hissəsidir. Parlament seçkiləri yaxınlaşdıqca isə bu proseslər daha da intensiv şəkil alır.
-Bu arada bir neçə partiya parlament seçkilərini boykot edəcəyini bəyanlayıb. Seçkiləri boykot qərarı nə dərəcədə məntiqli və təsirlidir?
-Hesab edirəm ki, siyasi partiyaların əsas fəaliyyəti ölkədə keçirilən bu və ya digər seçkilər üzərində qurulur. Onlar daim olaraq həm prezident, parlament və bələdiyyə seçkilərində iştirak etməlidirlər. Əgər partiyalar seçkiləri boykot etmək taktikası yürüdür və həmin xətti davam etdirirlərsə, o siyasi partiyaların hər hansı bir perspektivindən danışmaq mümkün deyil. Çünki siyasi partiya mövcuddursa seçki prosesində iştirak etməlidir. Əgər onların seçki mühitindən hər hansı bir narazılığı varsa həmin mühiti dəyişməyə, onu öz xeyrinə etməyə çalışmalıdır. Əgər siyasi partiyanın buna gücü çatmır və hansısa xarici ölkədən kömək istəyir, Azərbaycana qarşı hər hansı təzyiqləri dəstəkləyirsə, bu həmin siyasi partiyaya heç bir uğur gətirməyəcək. Əksinə həmin siyasi partiyanın fəaliyyəti bu seçkilərdən sonra daha da mənfi xarakter alacaq. Ümumiyyətlə həmin siyasi partiyaların gələcəkdə siyasi səhnədən silinməsi prosesi başlayacaq.
-Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi parlament seçkilərini müşahidə edəcəkmi?
-Bununla bağlı müəyyən müzakirələr aparılır. Yəqin ki, bu ayın sonuna qədər müvafiq qərar qəbul ediləcək və kütləvi informasiya vasitələrinə məlumat veriləcək.
Süleyman