Əli Kərimlinin son driblinqi: AXCP rəhbərliyi məğlubiyyətlə barışdı
Qurultaydan sonra partiyasız qalacaq sədrin Azərbaycanın siyasi həyatından getməsi də rəsmiləşəcək
22 Sentyabr 2015 18:56 SiyasətOktyabrda AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin qurultayı keçiriləcək. Təmsilçiliyin bundan sonra TK-a verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət ediləcək. Əgər qurum müraciətə müsbət cavab versə, böyük ehtimalla təmsilçilik hüquqi yollarla Əli Kərimlinin səlahiyyətlərindən alınacaq. Nazirliyin narazı cəbhəçilərə müsbət cavab verəcəyi inandırıcıdır. Bu günədək 30-dan çox rayon və şəhərdə bərpa konfransları keçirən AXCP EQTK nəzərdə tutulan işlərin öhdəliyindən vaxtından əvvəl gəlib. Əsas hədəf qurultaya qədər rayonların sayının 50-yə çatdırılmasıdır. Məsələnin digər tərəfi isə, AXCP-nin bölgə şöbələrinin buraxılaraq Təşkilat Komitəsində birləşmələridir. Paralel olaraq, Əli Kərimlinin cəbhəsi tərəfdən AXCP EQTK-a müraciət edənlərin sayı da çoxalıb. Cəbhəçilər kütləvi və fərdlər formasında Razi Nurullayevin ətrafında toplaşırlar. Baş verənlərə qarşı tədbirlər planı olmayan Əli Kərimli prosesin qarşısını almaq üçün alternativə də sahib deyil. Sədr və müavinləri hadisələri nəzəri diqqətlə izləyirlər.
Yol görünür
Kompromisə getmək əvəzinə Əli Kərimli və ətrafı narazı cəbhəçilərin təşəbbüslərini söyüş və təhqirlərlə qarşılayır. Vəziyyət o yerə çatıb ki, AXCP EQTK Əli Kərimliyə bir neçə dəfə xəbərdarlıq edərək, təhqirlərin qarşısını almayacağı halda məhkəməyə müraciət edəcəklərini bildirib. Lakin, xəbərdarlıqlar qarşısında heç bir addım atılmır. Qurultayın vaxtı yaxınlaşdıqca nə edəcəyini bilməyən AXCP rəhbərliyi mümkündür ki, söyüş və təhqirlərin sayını artırmaqla dolayı yolla məğlubiyyətlə barışdıqlarını əvvəldən elan edirlər. Bu bir növ uduzmuş uşağın cığallığına oxşayır. İdman diliylə ifadə etsək, bu, böyük hesabla məğlub olmuş komandanın özünü göstərmək və yaddaşda qalmaq üçün son driblinqidir.
Sədr noyabrı gözləyir
Qurultaydan sonra partiyasız qalacaq Əli Kərimlinin Azərbaycanın siyasi həyatından getməsi də rəsmiləşəcək. Bundan sonra AXCP sədri ölkədən çıxmağın yollarını axtaracaq. Pasport məsələsinə görə, Avropa Məhkəməsinin son qərarı noyabrda veriləcək. Pasport əldə edəcəyi halda o, böyük ehtimalla Avropada məskunlaşmağın yollarını axtaracaq. O, bunu Əvəz Zeynallının "Qaynar qazan"ında da etiraf etdi. Düzdü, Əli Kərimli jurnalistin sualına cavabında siyasi fəaliyyətinin davamı olaraq, digər ölkələrə gedəcəyini və qayıdacağını dedi, lakin bu inandırıcı deyil. Hamı bilir ki, uzun illərdir, yalan iddialarla tərəfdarlarını aldadan Əli Kərimlinin yeganə məqsədi şəxsi iqtisadi və maddi təhlükəsizliyini təmin etmək olub. Bu aldatmaları sayəsində o, Avropanın donor təşkilatlarından külli miqdarda pul alıb və özü üçün zəngin həyat təsis edib. Əli Kərimlinin üz tutacağı ölkəyə gəlincə, ora sözsüz ki, banklarında külli miqdarda maddi vəsaitin olduğu Almaniyadır.
"...40 ildir ki, cəbhəçiləri yalançı və əsassız vədlərlə doyuzdurursuz"
AXCP-dən ayrılan cəbhəçilərin də etiraz etdikləri məsələ, məhz heç vaxt Əli Kərimlinin siyasi iddialarının olmadığı ilə bağlıdır. Keçmiş müavini və AXCP EQTK-nın sədri Razi Nurullayev bunu çox net şəkildə dedi. Əli Kərimlinin mətbuata prezidentlik iddiasında olmaması ilə bağlı səsləndirdiyi fikirlərə R. Nurullayev: "Əgər bu gün müxalifətin lideri sizsinizsə, o zaman prezident olmamaq iddiası gülüncdür. Əgər siz prezident olmaq istəmirdinizsə və mübarizəniz bu deyilsə, o zaman niyə onilliklərdir ki, bu cəbhəçiləri ac-yalavac arxanızca sürükləyirsiz? Onilliklərdir ki, cəbhəçilər ümid edirlər ki, siz prezident olacaqsınız və onlara vəd etdiyiniz xoşbəxt həyatı verəcəksiniz. Musa peyğəmbər İsrail xalqını Misir fironlarının zülmündən qurtarıb 40 il səhralarda dolaşdırdı. Artıq siz də az qala 40 ildir ki, cəbhəçiləri yalançı və əsassız vədlərlə doyuzdurursuz. Cəbhəçi ac qalmaqdan, işsiz qalmaqdan, döyülmək və söyülməkdən yorulub. O gözləyir ki, siz siyasi iddia ortaya qoyub üzərinizə məsuliyyət götürəsiniz", - dedi.
Bu qədər pul Əli Kərimliyə haradan gəlib?
Razi Nurullayevin fikirlərində həqiqət var. O, uzun illər Əli Kərimlinin müavini kimi çalışıb və bu şəxsi yaxından tanıyır. Yəni kim olduğunu daha yaxşı bilir. Bəli, Əli Kərimlinin zəngin həyatı fonunda AXCP rəhbərliyində təmsil olunan bir sıra şəxs və partiya fəalları məhrumiyyətlər içərisində yaşayırlar. Çünki, Əbülfəz Elçibəy vəfat etdikdən sonra Əli Kərimli "əqidə" adı altında onları iliyinə qədər istismar edib. Bu məqamda sual yaranır, bu qədər pul Əli Kərimliyə haradan gəlib? O, 2005-ci ildən bəri rəsmən heç yerdə işləmər. Bizneslə məşğul deyil, nə o, nə də AXCP beynəlxalq açıq formada fond və təşkilatlardan qrant almayıb. Bəs bu qədər maliyyə vəsaiti Kərimliyə hansı mənbələrdən gəlib? Qaranlıq məqamdır. Əslində asan məsələdir, hamının bildiyi kimi gizli kanallarla Avropa və Amerikadan. Əli Kərimlini maliyyələşdirən gizli spekulyatorun kim olmasını bilməksə asan deyil. Mövzuya qaldığımız yerdən davam edəcəyik.
Ömər Zamin