“Niyə bu təxribata görə, Azərbaycanı "dəstəkləyən" Rusiyaya bir söz deyilmir?” – Politoloq əsəbləşdi

"Rusiyada kimsə və ya kimlərsə "Levada"nın apardığı sorğuya Dağlıq Qarabağın da daxil edilməsini məsləhət bilib". Bu barədə politoloq Elxan Şahinoğlu çıxış edib. "Azərbaycanın bəzi saytları Rusiyanın RTR kanalında dünən ölkəmizlə bağlı yayınlanan reportaja belə başlıqlar vermişdilər: "Rusiya Azərbaycanı dəstəklədi".Bu necə dəstəkdir ki, Rusiyanın "Levada" sorğu mərkəzi separatçıların işğalında olan Dağlıq Qarabağı müstəqil dövlət kimi qələmə verməyə çalışıb. Bəs niyə bu təxribata görə Azərbaycanı "dəstəkləyən" Rusiyaya bir söz deyilmir? "Levada" - Rusiyanın ən məşhur sorğu mərkəzidir və Kremlə yaxınlığı ilə tanınır. Mərkəz sorğusunda Abxaziya, Cənubi Osetiya və Dnest bölgəsi ilə kifayətlənə bilərdi, çünki hər üçünü faktiki Gürcüstan və Moldovadan qoparıb. Deməli kimsə və ya kimlərsə sorğuya Dağlıq Qarabağın da daxil edilməsini məsləhət bilib. Sorğunun nəticəsi həm də Rusiya vətəndaşlarının Azərbaycana olan münasibətindən xəbər verir. Sorğuya qatılanların 47 faizinin Dağlıq Qarabağı "müstəqil dövlət" kimi tanıması Azərbaycanın Rusiyadakı lobbi çalışmalarının durumunu da ortaya qoyur", - deyə E. Şahinoğlu qeyd edib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00