Azərbaycan seçkilərdə beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır
22 Sentyabr 2015 13:37 SiyasətAŞPA-nın seçki müşahidə missiyası üzrə Ad hok (müvəqqəti) komitəsinin ön heyəti qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşüb. Milli Məclisdən verilən məlumata görə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının rəyinə önəm verdiyimizi qonaqların nəzərinə çatdırıb. Qeyd edib ki, Azərbaycan bu quruma üzv olduğu müddətdə bir çox ölkələrdə seçkilərin gedişini izləyib, mövcud problemləri görüb, kifayət qədər təcrübə toplayıb və müqayisə imkanları genişdir. Noyabrın 1-də parlament seçkilərinin demokratik şəkildə, şəffaf keçirilməsi üçün ölkəmizdə ciddi hazırlıq işləri görülür. Bu prosesdə Azərbaycan beynəlxalq təşkilatlarla kooperasiyaya və əməkdaşlığa tam hazırdır. Söhbət zamanı bəzi qurumların ölkəmizə qarşı qərəzli mövqeyinə, beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı vacibliyinə də toxunulub. Bildirilib ki, məqsədimiz Avropadan və dünya ölkələrindən gələnlərin seçki prosesində Azərbaycandakı reallığı görməsidir. Nümayəndə heyətinin rəhbəri Xordi Şukla, Azərbaycan üzrə həmməruzəçi Aqustin Konde, nümayəndə heyətinin üzvü Egemen Bağış seçkiqabağı dövrdə əməkdaşlığın vacibliyini təsdiqləyiblər.