Deputat: “AP qətnamələrinin arxasında ancaq siyasi maraqlar dayanır”
22 Sentyabr 2015 13:36 SiyasətÖlkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə missiyası üzrə Ad hok (müvəqqəti) komitəsinin ön heyəti Milli Məclisdə təmsil olunan Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə görüşüblər. ("Olaylar") Görüşdə YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərində iştirak etmək üçün öz namizədlərini elan edib. Partiyanın irəli sürdüyü 117 namizəd hazırda qanunvericiliyə uyğun olaraq müvafiq prosedurları həyata keçirirlər. Siyavuş Novruzov təbliğat üçün namizədlərə ayrılan vaxt, maliyyə vəsaiti, ölkəmizin seçki qanunvericiliyi barədə ətraflı məlumat verib. Avropa Parlamentinin Azərbaycanla bağlı sonuncu qətnaməsi barədə danışan Siyavuş Novruzov bildirib ki, həmin qətnamənin ölkəmizdə keçiriləcək seçkilər ərəfəsində qəbul olunması təsadüfi deyildi. Belə ki, son il yarımda Avropa Parlamenti Azərbaycanla bağlı 3 belə qətnamə qəbul edib. Onların hər birinin Azərbaycandakı mühüm hadisələr ərəfəsində qəbul edilməsi onu deməyə əsas verir ki, bu qətnamələrin arxasında ancaq siyasi maraqlar dayanır. Oradakı müddəaların heç bir hüquqi əsası yoxdur.