“Bunlar özlərində olmayan məsələləri bizim adımıza yazmağa çalışırlar”

Ziyafət Əsgərov: “Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə əsası olmayan kağız parçasıdır”

"Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə əsası olmayan kağız parçasıdır". Bunu parlamentin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib. Onun sözlərinə görə, bu qətnamədə Azərbaycanla bağlı əks olunanlar tamamilə yalan, böhtan və qərəzlidir. Z.Əsgərov deyib ki, Avropa Parlamentində bu qətnaməyə səs verən deputatların bir çoxu heç Azərbaycanı tanımır: "Bunların məqsədi Azərbaycanın beynəlxalq imicini ləkələməyə çalışır. Avropa yalandan iddia edir ki, guya Azərbaycanda söz azadlığı, demokratiya yoxdur. Bunların özlərində olmayan məsələləri bizim adımıza yazmağa çalışırlar". Ziyafət Əsgərov Milli Məclisdə olan KİV nümayəndələrinə də müraciət edib: "Burada onlarla jurnalist var, indiyədək hansınıza deyilib ki, bunu yazmayıb, onu yazın? Əgər belə bir hal olsaydı, hər halda bu deyilərdi. Azərbaycanda heç bir siyasi məhbus və ya təqib olunan jurnalist yoxdur. Avropa bu cür yolla Azərbaycana təzyiq etməyə çalışır. Avropa Parlamenti rəhbərliyində oturan bir neçə şəxs erməni lobbisinin təsiri altına düşüb. Axı Azərbaycandan nə istəyirsiniz? Azərbaycan da sizin kimi inkişaf yolu tutub, indi buna niyə paxıllıq edirsiniz? Azərbaycanda noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Avropa artıq bu seçkilərin nəticələri ilə bağlı hesabatları hazırlayıblar. Sual olunur, axı siz nə bilirsiniz seçkilərin nəticələri necə olacaq? Axı siz hansı haqqla Azərbaycan xalqının iradəsinə müdaxilə edirsiniz?".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00