Avropa Parlamentinin qərəzli qətnaməsi
Deputat: “Azərbaycanın müstəqil siyasət yürütməsini qısqanan qüvvələrin işidir”
14 Sentyabr 2015 14:40 SiyasətSentyabrın 10-Da Avropa Parlamenti (AP) Azərbaycanla bağlı daha bir qərəzli qətnamə qəbul edib. Daha bir ona görə deyirik ki, təkcə son üç ayda AP ölkəmizlə əlaqədər üç üzdəniraq qətnamə qəbul edib ki, bununla da qurum Azərbaycana qarşı münasibətini ortaya qoyub. Hələ ki, bundan əvvəl qəbul edilən yalan və iftiralarla dolu qalaq-qalaq sənədlərdən danışmırıq. Qeyd edək ki, Azərbaycanda baş tutacaq önəmli tədbirlər ərəfəsində belə qətnamələrin qəbulu AP üçün bir ənənəyə çevrilib. Necə deyərlər "Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə xəstəliyinə yoluxub". Nəzərə almaq lazımdır ki, AP Azərbaycanda "Avrovision" mahnı müsabiqəsinin keçirilməsi ərəfəsindən tutmuş Avropa Oyunlarına qədər dəfələrlə qərəzli mövqe sərgiləyib. İndi də Azərbaycanda keçiriləcək parlament seçkiləri ərəfəsində təbii ki, "bu möhtərəm qurum" öz ənənəsinə xilaf çlxa bilməzdi. Elə ona görə də indidən Azərbaycana qarşı qərəzli və iyrənc qarayaxma kampaniyasına start verib. Azərbaycan cəmiyyəti üçün narahatçılıq yaradan məqam ondan ibarətdir ki, nədən bu qurum xaos hökm sürən, qeyri-sabit həyat tərzi mövcud olan, addımbaşı insan hüquqları pozulan, korrupsiya halları tüğyan edən ölkələr barədə susur, Azərbaycan haqqında isə heç bir həqiqətə uyğun olmayan, danoslara əsaslanan qətnamə qəbul edir? Niyə bu qurum hər dəfə qəbul etdiyi qətnamədən sonra Azərbaycan tərəfinin gətirdiyi arqumentləri təftiş etmədən, kor tutduğundan əl çəkmədiyi kimi öz mövqeyindən əl çəkmir? Məgər, belə münasibət qərəzlilik və məkrli siyasətin nəticəsi deyilmi? Əslində AP-nin fəaliyyəti və qərəzli mövqeyi barədə çoxsaylı suallar vermək olar. Ancaq bizim üçün maraqlısı ondan ibarətdir ki, niyə bu qurum bütün fəaliyyətini Azərbaycana təzyiq etmək üzərində qurub, yaxud bir neçə satın alınmış deputatın hazırladığı üfunətli qətnamənin qəbulu AP-nin imicinə mənfi təsir etmirmi?
Bəli, AP-nin parlament seçkiləri ərəfəsində Azərbaycanla bağlı saxta ittihamlarla dolu, qərəzli qətnamə qəbul edəcəyi gözlənilən idi. Çünki, bu qurumun fəaliyyəti, dövlətlərə qarşı münasibətinin təhlili belə qətnamənin qəbulunu labüd edirdi. Başqa sözlə, Azərbaycanda keçiriləcək parlament seçkiləri ərəfəsində bu cür qətnamənin qəbulu heç də təəccüb doğurmur. Çünki Azərbaycanda mühüm tədbirlər ərəfəsində "gözəgörünməz qüvvələr tərəfindən" idarə olunan Avropa Parlamentində ölkəmizlə bağlı absurd iddialardan ibarət qətnamələrin qəbul olunması qurumun əsas fəaliyyət prinsiplərindən birini təşkil edir. Ancaq Azərbaycan təmsil olunmasa da bu qurumda nüfuz sahibi olan dövlətlər var ki, belə qətnamələrin qəbulu onları düşündürməyə vadar etməlidir. Əks halda belə məlum olur ki, indiyə qədər "möhtəbərliyi" ilə öyünülən Avropa Parlamenti erməni diasporunun təsir altında olan bir neçə deputatın girovuna çevrilib. Burada isə məqsəd və niyyət tamamilə aydındlır: Hər dəfə Azərbaycan dünya ölkələrinin diqqət mərkəzində olduqda yaranmış əlverişli şəraitdən istifadə etməklə ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq; Azərbaycanda keçiriləcək parlament seçkiləri üzərinə indidən kölgə salmaq. Qəbul edilən qətnaməyə diqqət yetirdikdə dərhal Avropa Parlamentinin dəsti-xətti sezilir: İnsan haqları, vətəndaş cəmiyyətlərinin fəaliyyəti, media azadlığı, korrupsiya və sair barədə ittihamlar. Qətnamədən belə məlum olur ki, Avropa Parlamenti on illərdir ki, sözügedən məsələlər barədə iradını bildirir, Azərbaycan isə həmin "nöqsanların" aradan qaldırılması istiqamətində heç bir addım atmır. Belə məlum olur ki, Avropa Parlamenti Azərbaycanda onlarla siyasi partiyanın, yüzlərlə QHT-nin və mətbuat orqanlarının sərbəst fəaliyyət göstərməsini, internet azadlığının təmin edilməsini göz ardına vuraraq öz "kopi-vstav"ənənəsindən əl çəkmək istəmir. Maraqlı məsələdir, beynəlxalq antikorrupsiya təşkilatları ölkəmizdə bu sahədə həyata keçirilən tədbirləri, islahatları yüksək qiymətləndirərək, Azərbaycan təcrübəsini dünya ölkələrində yaymağı tövsiyyə etdiyi halda Avropa Parlamenti bununla bağlı irad tutur. Qətnamədə Azərbaycanda korrupsiya hallarının araşdırılmasını tələb edən Avropa Parlamenti nədən öz daxillərində baş verən hadisələrə nəzər yetirmir, Avropa İttifaqı ölkələrində milyardlarla avro vəsaitin mənimsənilməsi hallarını araşdırmır?
Millət vəkili Qənirə Paşayeva deyib ki, Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilmiş qətnamənin qərəzli və ədalətsiz olduğunu insanlarımızın əksəriyyəti yaxşı anlayır: "Avropa Parlamentini heç bir zaman Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz evinə dönə bilməyən 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərin haqları maraqlandırmadı. Bu haqların Ermənistan tərəfindən 20 ildən artıqdır ki, pozulmasının qarşısını almaq üçün heç bir zaman Ermənistana təzyiq etmədi.Heç ciddi etirazlarını da eşitmədik. Azərbaycan əleyhinə qüvvələrin niyə bu qədər fəallaşdığının səbəblərini də insanlarımızın əksəriyyəti yaxşı anlayır və bunun üçün də onlar bu istiqamətdə heç bir maraqlarına nail ola bilməyəcəklər". Deputat Fuad Muradov isə bildirib ki, Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi "qətnamə" qərəzdən başqa bir şey deyil: "Qətnamədə yer alan fikirlərin heç biri konkret faktara əsaslanmır. Bu sadəcə olaraq Azərbaycana qarşı olan qərəzli kampaniyanın tərkib hissəsidir. Qətnamədə guya insan hüquq və azadlıqlarının pozulması hallarını "qınayan" Avropa Parlamentinə elə Avropanın özündə insanlarının milli və dini mənsubiyyətinə görə pozulan hüquqlarına nəzər salmaq tövsiyyə edilməlidir. Bu gün Avropanın özündə insan haqqlarının pozulması sayəsində ciddi problemlər mövcuddur. Avropada demək olar ki, tolerantlıq məsələsi çox aşağı səviyyədədir. Amma Azərbaycanda bu sahədə və digər sahələrdə hər hansı problemlər mövcud deyil". Deputat onu da əlavə edib ki, qətnamədə qərəzli məqam isə vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları sahəsində tapılan "nöqsanlardır." Bu qətnamə layihəsini hazırlayanların deyəsən Azərbaycandan heç xəbəri yoxdur. Yoxsa Azərbaycanda müstəqil şəkildə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarından, QHT-lərdən məlumatları olardı. F. Muradov onu da əlavə edib ki, bütün bunlar sadəcə olaraq Azərbaycanın inkişafını və onun müstəqil siyasət yürütməsini qısqanan qüvvələrin işidir: "Azərbaycanın bugünki inkişafı və regionda nüfuzu təbii ki, bəzi dairələri narahat edir. Eyni zamanda seçkiqabağı mühiti nəzərə alsaq, başa düşürük ki, bu qətnamənin qəbulu müəyyən dairələrin təzyiq mexanizmidir. Bizim bu gün əsas vacib məsələmiz torpaqlarımızın azad edilməsidir. Bu ermənilər isə cəbhə xəttində provakasiya ilə məşğuldur. Azərbaycan hazırda öz ərazi bütövlüyü məsələsində kəskin mövqeyi ortaya qoyub və erməni tərəfinə adekvat cavab verir. Bunun fonunda Avropa dairələrində belə qətnamə qəbul edilməsi təsadüf sayıla bilməz. Görünür ki, istər ölkə rəhbərliyi, istərsə də Azərbaycan xalqının ərazi bütövlüyü məsələsində yekdil mövqeyi bu cür qara qüvvələrin narahatlığına səbəb olub".
Alim