Hakim partiyadan Avropa Parlamentinə etiraz

“Azərbaycanın daxili siyasətinə qərəzli qiymət verməyə cəhd göstərilməsi Avropa Parlamentinin siyasətinə çevrilib”

"Yeni Azərbaycan Partiyası Avropa Parlamentinin bir qrup deputatının növbəti antiazərbaycan bəyanatından böyük təəssüf hissi keçirir. Regional parlament assambleyasının prosedur qaydalarından sui-istifadə edərək müstəqil bir ölkənin vaxtaşırı hədəfə götürülməsi heç də qarşılıqlı əməkdaşlığa və səmimi münasibətlərə dəstək verən siyasət hesab edilə bilməz". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirlər hakim Yeni Azərbaycan Partiyasının Avropa Parlamentinin qətnaməsinə etiraz olaraq qəbul etdiyi bəyanatda əksini tapıb. Bəyanatda qeyd olunur ki, Azərbaycanda gedən proseslərə obyektiv qiymət verməkdən uzaq duraraq bir qism avroparlamentari mütəmadi olaraq ölkəmiz barəsində qarayaxma kampaniyasına dəstək verir. Azərbaycan torpaqlarının bir hissəsinin qonşu Ermənistan tərəfindən işğal edilməsi faktı və bir milyona yaxın qaçqın problemi nədənsə unudulur.  Ölkəmizdə siyasi plüralizm və demokratiyanın qərarlaşmasının, mətbuatın azad inkişafı üçün yaradılan şəraitin nəzərə alınmamasını Avropa Parlamentinin Azərbaycana qarşı mövqeyinin qərəzli və qeyri - obyektivliyinin nəticəsi kimi dəyərləndirilən bəyanatda qeyd olunur ki, Azərbaycanın daxili siyasətinə qərəzli qiymət verməyə cəhd göstərilməsi Avropa Parlamentinin siyasətinə çevrilib. YAP-ın yaydığı bəyanatda daha sonra qeyd olunur ki, Rəğbət bəslədikləri bir neçə nəfər məhbusun təcili həbsdən azad edilməsi çağırışı Azərbaycanın daxili işlərinə qarışmaqla yanaşı, hüquq anlayışını nüfuzdan salan bir addımdır. YAP bəyan edir ki, Avropadakı antiazərbaycan dairələrinin cəhdlərinə baxmayaraq, Azərbaycan demokratiya, insan hüquqlarının qorunması, müstəqil xarici və daxili siyasət kursunu qətiyyətlə davam etdirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00