AXCP-də avtoritar rejim hökm sürür

Ruslan Nəsirli: “Azad düşüncəli gənclər Əli Kərimlinin yanında olmamalıdırlar”

Razi Nurullayevin partiyadan ayrılmasından sonra daxili təlatüm dövrünü yaşayan AXCP-də silsilə istefalar davam edir. Artıq partiyanın əksər rayon təşkilatları AXCP-dən ayrılaraq Razi Nurullayevin rəhbərlik etdiyi Etimad Qurultayı Təşkilat Komitəsinə qoşulduğunu bildirib. Bu günlərdə AXCP-nin daha bir fəal gənci, Ali Məclisin üzvü Ruslan Nəsirli Əli Kərimlinin sədrliyindən imtina edərək, Razi Nurullayevin tərəfinə keçib. O, Razi Nurullayevin rəhbərlik etdiyi Etimad Qurultayı Təşkilat Komitəsinə qoşulduğunu bəyan edib. Ruslan Nəsirlinin təqdim etdiyi bəyanatında qeyd olunur ki, o, 2013-cü ildən AXCP Gənclər Komitəsinin üzvü olub. Həmin il keçirilən prezident seçkilərindən sonra AXCP Gənclər Komitəsinin ümumrespublika konfransında Ali Məclisə üzv seçilib. Daha sonra fəaliyyətini təhsil aldığı Azərbaycan Texniki Universitetində davam etdirib. Çox keçmədən Bakı Dövlət Universitetinin gənclər təşkilatı ilə birləşib: "Hazırda 60-a yaxın üzvümüz var ki, onların da sədr əvəzi mənəm. 2014-cü ilin yanvarından başlayaraq mən partiyadaxili fəaliyyətimi daha da aktivləşdirərək Rəyasət Heyətinə bir çox layihələr təqdim etdim. Lakin layihələrə çox soyuq yanaşıldı, rəhbərlikdən heç bir reaksiya gəlmədi. Ruhdan düşməyərək fəaliyyətimi davam etdirdim, internet üzərində, real təşkilatçılıq sahəsində fəaliyyətimi genişləndirdim. Bunun qarşılığında isə rəhbərlikdən yalnız qısqanclıq gördüm".
***
Bəyanatda maraqlı bir məqam da diqqət çəkir. "Belə ki, kimsə partiyanın Ali Məclisinin sədri Həsən Kərimovu gecə saatlarında sosial şəbəkələrdə aktiv görə bilməz. Lakin bir gecə biz qərargahda qalmağa qərar verdik, gecə 3-4 radələrində qərargahda xoşagəlməz hadisə baş verdi. Bundan bir neçə dəqiqə sonra isə Həsən bəy "facebook"da "online" göründü. Mən dərhal ona bu barədə məlumat verdim. Əvvəllər buna təsadüf kimi baxırdım, lakin sonralar Həsən bəyin partiya daxilində gənclərə münasibətini görəndən sonra hər şey mənə aydın oldu". Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı barədə də fikirlərini bölüşən gənc fəal, onun öhdəlik götürdüyünü vurğulayıb: "Fuad Qəhrəmanlının böyük öhdəlikləri var. O, partiya rəhbərliyini ələ keçirmək istəsə də, Əbülfəz Qurbanlı buna mane oldu. Sonradan onlar Əbülfəz Qurbanlını da neytrallaşdırdılar, ona psixoloji təzyiq göstərdilər". Əbülfəz Qurbanlı ilə birgə fəaliyyətinin partiya daxilində əngəlləndiyini deyən Ruslan Nəsirli, Gəncədə inkişaf qrupu yaratdıqlarını, lakin partiya tərəfindən buna maneçilik törədildiyini söyləyib: "28 günə 40-50 üzv toplamışdıq.  Planlaşdırmışdıq ki, Gəncəyə gedək, lakin həmin gün Həsən Kərimov bizim Gəncəyə gedib təşkilat şöbəsi qurmağımıza dair şəkillər yaydı. Bu işə bütün gənclər kimi Əbülfəz Qurbanlını da hiddətləndirdi və partiyadan getməyə qərar verdi. Əbülfəz Qurbanlı getdikdən sonra Ruslan Nəsirli olaraq bu partiyada qala bilməyəcəyimə qət etdim. Baxmayaraq ki, iki dəfə həbsdə olmuşam, partiyaya xidmətlərim olub, indiyə qədər Əli Kərimlinin geniş təbliğatını aparmışam. Lakin görürəm ki, bütün bunlar heç bir əhəmiyyət kəsb etmir. Partiya daxilində avtoritar rejim davam edir, gənclərin qarşısı kəsilir. Hesab edirəm ki, azad düşüncəli, öz gələcək siyasi karyerasını qurmaq istəyən gənclər, o partiyada, Əli Kərimlinin, Fuad Qəhrəmanlının, Həsən Kərimovun yanında olmamalıdırlar".


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00