“Putin Bakıda Ərdoğana dedi ki...””
Elxan Şahinoğlu: “Hətta bu maraqlar naminə Kreml Əsədi qorumaq üçün Suriyada "Hizbullah"la belə müttəfiq olmağa hazırdır”
11 Sentyabr 2015 12:45 Siyasət"Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Avropa Oyunları çərçivəsində Bakıda rusiyalı həmkarı Putinlə görüşdən razı qalmışdı". Bu barədə politoloq Elxan Şahinoğlu danışıb. E. Şahinoğlunun sözlərinə görə, Ərdoğan bu görüşdən sonra Putinin Suriya prezidenti Əsədə baxışının dəyişəcəyini düşünürdü. Politoloq xatırladıb ki, Ərdoğan bugünlərdə CNN kanalına verdiyi müsahibədə Putinin Suriya siyasətindən məyus olduğunu dedi: "Bəs Putin Bakıda Ərdoğana nə demişdi ki, Türkiyə cumhurbaşqanı Kreml sahibinin siyasətinin dəyişəcəyinə ümidli idi? Putin mahir oyunçudur, Bakıda Ərdoğana deyib ki, Türkiyənin Suriya ilə bağlı haqlı rahatsızlıqlarını anlayır və hətta Əsədin bəzi addımlarından narahatdır. Ancaq Putin görüşdən ayrıldıqdan sonra Rusiyanın ənənəvi - "az olsun, (Əsədli Suriya) mənim olsun" siyasətinə qayıdıb. Görünür, Ərdoğan Rusiyanın siyasəti və bu ölkənin liderləri haqqında tarixi bilgilərə malik deyil. Kreml üçün geosiyasi maraqlar hər şeydən üstündür. Hətta bu maraqlar naminə Kreml Əsədi qorumaq üçün Suriyada "Hizbullah"la belə müttəfiq olmağa hazırdır". ("OLAYLAR" İA)