“Dağlıq Qarabağa gələcək Aksenovu “qara siyahı”ya salmaq haqqında düşünmək lazımdır”

Elxan Şahinoğlu: “Ukraynanı parçalayan Aksenov Putinin yaxın silahdaşı, Kreml sahibinin ən "böyük layihəsini" həyata keçirən şəxsdir”

"Ermənistan müxtəlif ölkələrin tanınmış simalarının - deputatların, müğənnilərin, idmançıların, artistlərin Dağlıq Qarabağa səfərlərini təşkil edir". Bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu məlumat verib. E. Şahinoğlunun sözlərinə görə, son zamanlar Azərbaycana qeyri-qanuni gələnlərin sayı o qədər çoxalıb ki, Xarici İşlər Nazirliyinin "qara siyahısı"nda çoxluq yaranıb: "Dağlıq Qarabağa sərhədimizi pozaraq keçənlərin daha sonra Azərbaycana yolu bağlanır. Ancaq son iki hadisə göstərir ki, Azərbaycan XİN-nin işi getdikcə çətinləşir. Məsələn, XİN qeyri-qanuni Dağlıq Qarabağa gedən futbolçu Mxitaryan və şahmatçı Aroyana Azərbaycana qapılarını açmaq məcburiyyətində qaldı. Mxitaryan "Borrusiya-Dortmund" futbol komandasının tərkibində Azərbaycana səfərə hazırlaşır, Aroyan isə artıq Bakıdadır. Dağlıq Qarabağa gedən bir başqa tanınmış simanı Azərbaycana buraxmasalar, onun "bəs Mxitaryanla Aroyanı niyə Azərbaycana buraxdız" dedikdə bizim XİN bu suala necə cavab verəcək? Deyəcək ki, Mxitaryan və Aroyan komanda tərkibində gəlmişdilər və ona görə Bakıya buraxıldılar? Ona qalsa, Dağlıq Qarabağda olan hansısa opera müğənnisi də Bakıya böyük bir orkestrin tərkibində təşrif buyura bilər. Hələliksə XİN Krım separatçılarının lideri Sergey Aksenovun Dağlıq Qarabağa səfərinə necə reaksiya verəcəyi haqqında düşünməlidir. Rusiyanın Krıma təyin etdiyi bu separatçı şəxs İrəvana səfərə hazırlaşır. Şübhə etmirəm ki, İrəvan Aksenovu Xankəndinə səfərini də təşkil etməyə çalışacaq. Ukraynanı parçalayan Aksenov Putinin yaxın silahdaşı, Kreml sahibinin ən "böyük layihəsini" həyata keçirən şəxsdir. Onu "qara siyahıya" daxil etmək cəsarət tələb edir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00