“Avropa Parlamentinin bu qətnaməsi Azərbaycana təzyiq mexanizmidir”

Avropa Parlamenti Azərbaycanda insan haqlarının vəziyyətilə bağlı müzakirələrin yekununu müvafiq qətnamənin qəbulu ilə başa çatdırıb. Qətnaməni Avropa Parlamentindəki bütün siyasi partiyalar dəstəkləyib. Modern.az xəbər verir ki, qətnamədə jurnalist Xədicə İsmayıl və həbsdə olan digər fəallar, hüquqşünas və hüquq müdafiəçiləri dərhal və heç bir şərtsiz azad etməyə çağırılır. Avropa Parlamenti eyni zamanda qətnamədə Avropa Ittifaqına üzv dövlətləri Azərbaycandakı parlament seçkisini müşahidə etməməyə çağırıb.

Qeyd edilir ki, hazırkı şərtlər altında istənilən müşahidə missiyası mənasızdır. Sənəddə Avropa Komissiyası ilə üzv ölkələr Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırılıb. Avropa Parlamentində Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Fuad Muradov məsələyə münasibət bildirib. Modern.az saytına açıqlamasında qətnamə ilə tanış olduğunu deyən millət vəkili qeyd edib ki, bu, Avropa Parlamentinin növbəti qərəzli yanaşmasıdır və quruma adekvat cavab veriləcək. "Azərbaycanın bugünki inkişafı və regionda nüfuzu təbii ki, bəzi dairələri narahat edir. Eyni zamanda seçkiqabağı mühiti nəzərə alsaq, başa düşürük ki, bu qətnamənin qəbulu müəyyən dairələrin təzyiq mexanizmidir. Bizim bu gün əsas vacib məsələmiz odur ki, ermənilər cəbhə xəttində provakasiya ilə məşğuldur, Azərbaycan təbii ki onlara adekvat cavab verir. Bunun fonunda Avropa dairələrində belə qətnamə qəbul edilməsi təsadüf sayıla bilməz". Qətnamənin 21-ci maddəsində isə Avropa Birliyi ölkələrini Azərbaycanda keçiriləcək parlament seçkilərinə nümayəndə gpöndərməkdən imtina etməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00