“Azərbaycan iqtisadiyyatının neftdən asılılığı” mülahizələri boşa çıxır
İlham Əliyev: “İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru ilə bağlı atılan addımlar bizə kömək etdi ki, vəziyyətdən minimum itkilərlə çıxaq”
10 Sentyabr 2015 16:28 SiyasətDünya bazarında neftin qiymətinin kəskin şəkildə azalması bir sıra ölklələrin iqtisadi inkişafına mənfi təsiri ilə müşahidə olunmaqdadır. Hətta bəzi ölkələrin iqtisadiyatı tənəzzül mərhələsinə sürüklənib. Beynəlxalq ekspertlər neftin qiymətinin sürüşmə səbəblərini müxtəlif yerə yozsalar da ondan çıxış yolu göstərməkdə aciz qalıblar. Çünki neftin qiymətinin bu qədər aşağı düşməsində obyektiv səbələrlə yanaşı, subyektiv faktorlar da mövcuddur. Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə qeyd edib ki, istisna edilmir ki, neftin qiymətinin kəskin düşməsi siyasi sifarişin nəticəsidir: "Baxın, Ukraynada, Yaxın Şərqdə, Suriyada, İraqda, Liviyada nələr baş verir? O ölkələrin ərazi bütövlüyü demək olar ki, pozulub. Yaxın Şərqdə bundan sonra vəziyyəti sabitləşdirmək, sülhü bərpa etmək üçün müsbət meyllər gözə dəyimir. Azərbaycanda sabitlik, inkişaf, normal həyat davam edir. Biz ölkəmizi bu bəlalardan qorumuşuq, bizə uzanan çirkli əlləri kəsmişik. Bundan sonra da ölkəmizi qoruyacağıq, inamlı inkişafımızı təmin edəcəyik". Sirr deyil ki, dövlət başçısının bu açıqlaması neftin qiymətinin aşağı düşməsinin siyasi səbələrini özündə ehtiva edir. Ancaq iqtisadi amillər də mövcuddur ki, neftin qiymətinin enməsinə təsir etməkdədir. Əslində nəinki neft istehasalçısı olan ölkələr, eləcə də istehlakçı ölkələr də baş verə biləcək neft təlatümünə hazır olmalı idilər. Necə ki, Azərbaycan neft ixracatçısı olmasına baxmayaraq bütün önləyici tədbirləri reallaşdırıb. Prezident İlham Əliyev bildirib ki, ötən müddət ərzində neftin qiyməti kəskin aşağı düşüb:"Yəqin ki, mütəxəssislər, təhlilçilər bunun səbəbini araşdırmalıdırlar. Ancaq istisna edilmir ki, neftin qiymətinin kəskin düşməsi siyasi sifarişin nəticəsidir. Buna baxmayaraq, biz bu vəziyyətə də hazır olmalı idik. Bu günə qədər iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektoru ilə bağlı atılan addımlar bizə kömək etdi ki, vəziyyətdən minimum itkilərlə çıxaq. Baxmayaraq ki, təbii olaraq, gəlirlərimiz böyük dərəcədə azalıb. Keçən il neftin qiyməti 100 dollardan yuxarı idisə, bu gün 50 dollardan aşağıdır. Neftin qiyməti 2 dəfədən çox düşüb. Ancaq biz çalışırıq və çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət çəkməsin. Bütün sosial proqramlar, sosial infrastruktur layihələr icra edilir, insanların təhlükəsizliyi və sosial müdafiəsi təmin edilir". Yeri gəlmişkən qeyd edək ki, sənaye və energetika naziri Natiq Əliyev də Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevlə görüşü zamanı bildirib ki, neftin qiymətinin iki dəfədən çox düşməsinin əsas səbəbləri siyasi amillər və maraqlarla bağlıdır. "Ölkənin yüksək iqtisadi göstəriciləri isə belə qənaəti formalaşdırır ki, Azərbaycan düşünülmüş iqtisadi siyasət əsasında bu mərhələni də geridə qoyacaq. Bütün ölkələr, o cümlədən Qazaxıstan da mövcud vəziyyətdən ancaq öz praqmatizmi ilə çıxa bilər." Qeyd edək ki, neftin qiymətinin düşməsinin siyasi səbəbi kimi 2014-cü ilin fevral ayında Ukraynada baş vermiş hadisələrlə əlaqədar Qərblə Rusiya arasındakı siyasi böhranın dərinləşməsi göstərilir. Yeri gəlmişkən qeyd edək ki, Rusiyanın "Rosneft" şirkətinin vitse-prezidenti və mətbuat katibi Vladimir Leontyev 2014-cü ilin oktyabr ayında "Ruskaya slujba novostey"-ə verdiyi müsahibəsində neftin ucuzlaşmasına təsir edən birinci faktor kimi Səudiyyə Ərəbistanının neft satışında böyük endirimlər etdiyini və bunun "siyasi manipulyasiya" xarakteri daşıdığını vurğulamışdı. İkinci faktor kimi o, özünü "İraq-Şam İslam Dövləti" adlandıran terrorçu qruplaşmanın nəzarət etdiyi zəngin neft yataqlarından dünya bazarına üçqat ucuzuna neft satdığını qeyd etmişdi. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2014-cü ilin noyabr ayında Çin mətbuatına verdiyi müsahibəsində neftin dünya qiymətinin aşağı düşməsinin arxasında iqtisadi səbəblərlə yanaşı, bəzən böhranlar zamanı bu mexanizmdən istifadə edən bir sıra ölkələrin siyasətinin də dayana biləcəyini bildirmişdi. İran İslam Respublikasının Prezidenti Həsən Ruhani isə neftin ucuzlaşma səbəbinin İslam dünyasına qarşı yönləndirilən siyasi əlbirlik olduğunu hesab etmişdi.
Enerji məsələləri üzrə tanınmış ekspert Artur Bermanın mülahizələrinə görə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi çox sadə səbəblərə əsaslanır. Birincisi, tələb azalıb, çünki uzun müddətdir ki, neftin qiyməti yüksəkdir. İkincisi, qiymət yüksək olduğu üçün təklif də artıb. Nəzərə alsaq ki, təklif edənlərin sırasına uzun fasilədən sonra neft hasilatını bərpa edən Liviya qayıdıb və buna ABŞ-ın yüngül neftini də əlavə etsək, onda mənzərə tam aydınlaşır. Çox sadə məntiq ortaya çıxır: təklif tələbi üstələdikdə neftin qiyməti mütləq ucuzlaşmalıdır.Nəzərə alsaq ki, ABŞ-da yüngül neft istehsalının maya dəyəri təxminən 80-85 ABŞ dolları təşkil edir, onda indiki mövcud olan qiymətlərlə yaxın gələcəkdə ABŞ-da neft istehsalı ilə məşğul olan şirkətlərin aqibəti heç də ürəkaçan olmayacaq. Bütün sadalanalara baxmayaraq dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanin iqtisadi inkişafını ləngidə bilməyib. Bu isə bəzi "mütəxəssislərin" Azərbaycan iqtisadiyyatının neftdən asılı olması barədə səsləndirdiyi fikirləri heçə endirmiş olur. Azərbaycanda həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət qeyri-neft sekrorunun inkişafına təkan verib ki, nəticədə neftin qiymətinin iki dəfə azalması nəinki sosial, hətta infrastruktur layihələrin icrasını ləngidə bilməyib. Bu isə onu göstərir ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığı barədə irəli sürülən mülahizələrin heç bir əsası yoxdur. Nəzərə almaq lazımdır ki, Azərbaycanın dövlət büdcəsində yarana biləcək mümkün büdcə kəsirinin fərqli yollarla kompensasiya edilməsi praktikası var. Bu baxımdan neftin qiymətinin düşməsinin real təsirinin Neft Fonduna gələn dividentlərin azalması ola bilər ki, bu da valyuta ehtiyatlarının kifayət qədər olması səbəbindən müəyyən dövr üçün təsirsiz olacaq. Onu da xatırladaq ki, Azərbaycan iqtisadiyyatın strukturu elədir ki, özəl şirkətlər neft hasilatı ilə məşğul olmur ki, onların ödənişləri nəticəsində büdcə formalaşsın. Büdcədə neft hasilatçılarının ödənişləri isə cəmi 10 faizdən bir qədər artıqdır. Bu isə dövlət büdcəsinin neftdən asılılığını aradan qaldırır.
Alim