Erkən seçkilər HDP üçün uğurlu olmayacaq

"Erkən seçimlər terror təşkilatı PKK-nı dəstəkləyən və ilk dəfədir ki, parlamentə düşən HDP üçün uğurlu olmayacaq". Bu fikirləri "OLAYLAR"-a Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyinin sədri Mütəllim Rəhimli səsləndirib. Bildirib ki, əksər kürdlər artıq bu seçkilərdə 7 iyun seçkilərindən fərqli olaraq HDP-yə səs verməyəcəklər: "Çünki insanlar kimlərinsə əlində vasitə olmaq istəmirlər. Onlar oynanılan oyunları, qurulan ssenariləri yaxşı başa düşürlər. Hesab edirəm ki, kürd toplumu bu seçkilərdə daha çox ölkəyə barış gətirəcək siyasi qüvvəyə dəstək verəcək". İctimai Birlik sədri hesab edir ki, Türkiyədə mövcud ictimai-siyasi durum MHP-nin də səslərinin artmasına səbəb ola bilər: "Dünyada baş verən maliyyə və iqtisadi böhranlar, regiondakı hərbi münaqişələrin şiddətləndiyi bir dönəmdə Türkiyədə hökumətin qurulmaması yaxşı hal sayıla bilməz. Hakimiyyətlə müxalifətin razılaşa bilməməsi Türkiyə üçün yeni bir problemin ortaya çıxmasını şərtləndirib. Amma düşünürəm ki, kövrək koalision hökumətin formalaşdırılmasından təkrar seçkilərin keçirilməsi daha uğurlu ola bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00