Milli Məclisdə ABŞ nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ-ın Nyu Həmpşir ştatının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, . komitə sədri ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən söz açaraq vurğulayıb ki, ABŞ Azərbaycanın strateji müttəfiqlərindən biridir. Hər iki tərəf siyasi, iqtisadi, mədəni, ticari əlaqələrin genişləndirilməsində maraqlıdır. Azərbaycan Birləşmiş Ştatların ayrı-ayrı ştatları ilə əməkdaşlıq edir, xüsusilə Nyu Həmpşir və Nyu Meksika ştatları bizimlə daha sıx münasibətlər qurmağa can atırlar. Ölkələrimiz strateji sahələrdə, o cümlədən enerji təminatı və terrorizmlə mübarizə sahələrində yaxından əməkdaşlıq edir. Görüşdə ABŞ nümayəndə heyətinin üzvləri Süzan Emerson, Romeo Danais, Bekki Fild, Mari Balkom, Barbara Fridman ölkəmizə səfərdən məmnunluqlarını bildirdilər. Xalqımızın qonaqpərvərliyinə, milli mətbəximizə, paytaxtın müasir gözəlliyinə, Azərbaycanda gördükləri quruculuq işlərinə və tərəqqiyə valeh olduqlarını vurğulayıblar. Görüşdə iştirak edən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, deputatlar Asim Mollazadə və Sahibə Qafarova Cənubi Qafqazda lider ölkə olan Azərbaycanın tarixən Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olduğundan, əldə etdiyi siyasi-iqtisadi uğurlardan, regionda reallaşdırdığı irimiqyaslı layihələrdən söz açdılar, gender məsələləri, xalqımızın tolerantlığı, Ermənistanın təcavüzü nəticəsində qarşılaşdığımız problemlər, Xocalı soyqırımı barədə danışıblar.

Nümayəndə heyətinin başçısı, ABŞ-ın Müdafiə və kosmik texnologiyalar üzrə dövlət nümayəndəsi Cek Balkom böyük iqtisadi potensiala malik Azərbaycanla əməkdaşlıq etmək istədikləri sahələri dilə gətirib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00