Bakıda tıcxacları aradan qaldırmaq üçün...
Rayon maşınlarının yığışdırılması çıxış yoludurmu?
27 İyun 2014 14:58 ProblemBir neçə gün əvvəl Nəqliyyat Nazirliyi paytaxt ərazisinə bölgələrdən gələn avtomobillərə qadağa qoyulması barədə məlumat açıqlayıb. Səbəb yollarda yarana biləcək tıxacların qarşısının alınmasıdır. Digər bir səbəb isə rayonlardan Bakıya gələn sürücülərin bəzən yol hərəkəti qaydalarını bilməməsi və bu səbəbdən də paytaxtda qəza törətməsi göstərilir. Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov mətbuata açıqlamasında bildirib ki, yaradılması nəzərdə tutulan dayanacaqlar paytaxtın şimal, şərq və cənub girişində olacaq. Sürücü avtomobilini dayanacağa təhvil verərək ona lazım olan ünvana ictimai nəqliyyat və ya taksi ilə gedəcək. Bu da, ilk növbədə, Bakıda tıxacların azalmasına gətirib çıxaracaq.
Bölgələrdən gələn avtomobillərə qadağa nəyi dəyişəcək?
Əslində bu müəyyən mənada düzgün addım olsa da, bununla problemin qarşısını tam almaq mümkün deyil. Yəni, rayonlardan Bakıya gələn avtonmobillərin şəhərə buraxılmaması o demək deyil ki, bu prosesdə paytaxtdakı avtomobil yolları boşalacaq. Müəyyən mənada sıxlıq azala bilər, amma heç də problem tam həllini tapmayacaq. Çünki, bu gün Bakıda avtomobillər həddindən artıqdır və paytaxtda tıxac yaradan avtomobillər heç də rayonlardan gələnlər deyil. Buna görə də, təkcə bölgələrdən gələn avtomobillərin şəhərə girişini qadağan etməklə paytaxt yollarını təmizləmək olmaz. Statistika da bunu göstərir. Bu gün Bakıda tıxac yaradan avtomobillərin elə əksəriyyəti paytaxt sakinlərinin şəxsi avtomobilləridir. Məsələn, əgər gün ərzində bölgələrdən şəhərə 100-200 avtomobil daxil olursa, bu avtomobillərin əksəriyyəti şəhərin girişindən geri qayıdır. Çünki, həmin şəxsi avtomobillərin əksəriyyəti, bəlkə də 80 faizdən artığı bölgələrdən Bakıya sərnişin daşıyanlardır ki, həmin avtomobillər elə şəhərin girişindəki avtovağzallar və digər müəyyən olunmuş yerlərə çatır, sərnişinlərini düşürüb geri qayıdır. Bu isə yalnız paytaxtın giriş nöqtələrində tıxacların yaranmasına səbəb olur. Çox az hallarda bölgələrdən şəxsi işləri məqsədilə Bakıya öz avtomobilləri ilə daxil olanlar var. Bu isə az hallarda tıxacların yaranmasına səbəb ola bilər. Yəni demək olmaz ki, həmin avtomobillər şəhərdə tıxaclar yaratmır və ya qəza törətmir. Xeyr, bu heç də belə deyil. Bu cür hallar var. Bölgələrdən şəxsi avtomobilləri ilə Bakıya gələnlərin heç də hamısı şəhərin giriş-çıxışlarını, küçələrini, döngələrini, hərəkət trayektoriyasını bilmir və bununla razıyam. Amma, bir məsələ var ki, həmin şəxslər, yəni şəhərin yollarını tanımayanların da əksəriyyəti riskə getmək istəmir və avtomobilini müəyyən bir dayanacaqda saxlayıb ictimai nəqliyyatdan istifadə edir. Yəni, ən azından normal düşünən sürücü heç vaxt özünü o riskə atmır, rahatlığı və təhlükəsizliyi üçün ictimai nəqliyyatdan istifadə edir. Mən özüm də dəfələrlə bunun şahidi olmuşam. Çünki, son vaxtlar Bakıda hərəkət yolları o qədər dəyişilib ki, bu yolu Bakıda yaşayan və hər gün bu yollardan istifadə edənlər zorla tanıyır. Yeni körpülər, yol ötürücüləri istifadəyə veriləndən sonra paytaxtda küçə və prospektlərə girişlər dəyişdirilib. İllərlə Bakıya gəlməyən sürücü də nə qədər təcrübəli olsa da, həmin yolları dərhal tanıya bilmir. Ona görə də, bəzi sürücülər təhlükəsizliyi məqsədilə bu addımı atmaq məcburiyyətində qalır.
Bir evdə 12 avtomobil olan şəhərdə tixac aradan qalxarmı?
Yəni, paytaxtda tıxac yaradanlar təkcə bölgələrdən gələnlər deyil. Bayaq dediyim kimi, əgər gün ərzində Bakıya bölgələrdən 200-300 və ya 500 avtomobil daxil olursa, Bakının elə küçəsi var ki, həmin küçənin hər məhəlləsindən gün ərzində 1000-dən artıq şəxsi avtomobil Bakı küçələrinə daxil olur. Məhz elə paytaxt küçələrindəki tıxacların ən əsas səbəblərindən biri budur. Hər məhəllədən çıxan 1000-dən artıq avtomobilin bir küçə boyu hərəkət etməsi o deməkdir ki, Bakının bir kücəsində yaşayan sakinlər gün ərzində həmin küçəyə 10 mindən artıq avtomobillə çıxır. Belə bir vəziyyətə küçəmi davam gətirər? Əlbəttə ki yox. Bu gün Bakıda bir mənzildə yaşayan 4 nəfərin hər biri Bakı küçəsinə öz avtomobili ilə çıxırsa, tıxac yaradan səbəb budur. Hətta elə mənzil var ki, orada yaşayan hər bir nəfərin 2-3 avtomobili var. Yəni 4 nəfərlik bir ailənin 12 avtomobili. Budur problem. Bu cür halları aradan qaldırmaq lazımdır ki, paytaxtda tıxaclar yaranmasın, basabas olmasın. Bakıda hazırda adambaşına 2-3 avtomobil düşürsə, burda tıxacları aradan qaldırmaq üçün heç bir layihə həyata keçirməyin, körpü və yeraltı ötürücülərin inşa edilməsinin əhəmiyyəti yoxdur. Çünki, son illər artıq Bakıda kifayət qədər körpülər də salınıb, yeni yeraltı və yerüstü keçidlər də inşa olunub və inşa olunur. Amma, buna baxmayaraq tıxaclar aradan qalxmaq əvəzinə artıb. Çünki, körpülər inşa olunduqca Bakıdakı şəxsi avtomobillərin də sayı durmadan artır və nəticə sıfıra bərabər olur. Bu işdə nə Bakı şəhər İcra Hakimiyyətini qınamalı deyil, nə də Nəqliyyat Nazirliyini. Ona görə ki, Bakı şəhər İcra Hakimiyyəti istənilən qədər paytaxt yollarının müasirliyini təmin edir, Nəqliyyat Nazirliyi isə istənilən qədər körpü və yol ötürücülərinin sayını artırıb, yenilərini inşa edib istifadəyə verib. Amma, tıxaclar azalmır ki, azalmır.
Şəhərdə hamı ictimai nəqliyyatdan istifadə etməlidir
Bəs bunun üçün nə etmək lazımdı? Avtomobillərin bəzi yerlərdə hərəkətini məhdudlaşdırmaq. Bu təkcə bölgələrdən gələn avtomobillərin şəhərə daxil olmasının qarşısını almaqla həll edilmir. Ümunmiyyətlə şəhərdə hərəkət edən avtomobillərin sayını azaltmaq lazımdır. Bəlkə də bəziləri başqa cür başa düşdülər ki, mən şəhərdəki mənzillərdən avtomobillərin adambaşına düşən sayının azaldılmasının tərəfdarıyam. Əsla, bu heç də belə deyil. Bu mümkün də deyil. Yəni hansısa mənzilin qapısını döyüb deyə bilməzsən ki, sən avtomobil alma. İstənilən şəxsin istədiyi səviyyədə seçim etmək və yaşamaq hüququ var. Azərbaycan Konstitusiyasına görə, bu hüququ insanlardan heç kimin almaq ixtiyarı yoxdur. Amma, bunun üçün başqa yol var. Məsələn, əgər paytaxtda tıxacların aradan qaldırılması üçün tədbir görmək lazım olsa, ümumiyyətlə şəhərin mərkəzi hissələrinə şəxsi avtomobillərin girişi qadağan oluna bilər. Burda isə ayrıseçkiliyə yol vermək lazım deyil. Yəni, bu şəhərlidirsə olar, bölgələrdən gəlibsə olmaz. Bu mümkün deyil. Yaxşı olar ki, bunun üçün Bakı şəhər İcra Hakimiyyəti və Nəqliyyat Nazirliyi birgə layihə həyata keçirsin. Bunun üçün paytaxtda bir neçə yerdə xüsusi dayanacaqlar yaradılsın. Küçələrdə yaradılan avtomat dayanacaqlarda hər bir şəxs avtomobilini saxlayıb şəhərin mərkəzinə ictimai nəqliyyatdan istifadə etməklə daxil olsun. Məsələn, mən avtomobilimi "Nərimanov" metrosunun yaxınlığında yaradılan avtomat dayanacaqda saxlayaraq metrostansiyadan və ya avtobusdan istifadə etməklə "İçərişəhər", "Sahil", "Elmlər Akademiyası" və sair mərkəz ərazilərə gəlirəm. Bu proses əgər reallaşarsa, şəhərin mərkəzindəki tıxaclar asanlıqla aradan qaldırıla bilər. Şəhərə şəxsi avtomobillər yalnız pik saatlardan sonra buraxıla bilər. Ona görə də yaxşı olar ki, Nəqliyyat Nazirliyi bu varianta üstünlük versin və məncə tezliklə nəticə əldə olunar.
Samir