“Meqa Sığorta” ilə “Nikoylbank” nəyi bölə bilmir?
28 Aprel 2014 17:00 ProblemEmil adlı Bakı sakininin bankdan götürdüyü krediti qaytarmaması - ölkənin iki maliyyə qurumu - "Nikoylbank"la "Meqa Sığorta" şirkəti üçün əsl başağrısına çevrilib. Tərəflər arasında mübahisə məhkəməyə qədər böyüyüb - indiyədək məhkəmələrdə həm bankın həm də sığorta şrkətinin xeyrinə qərarlar çıxarılıb və bunlardan şikayət edilib.
Sığorta şirkətindən Bakı sakininə jest
Mübahisənin kökü 6 il əvvələ gedib çıxır. 2008-ci ildə Bakı sakini Emil Allahverdiyev "Nikoylbank"dan 65 min manat kredit götürüb. Kreditin qaytarılacağına "BE&G" sığorta şirkəti təminat verib və sığorta şirkətinin "Nikoylbank"dakı depoziti təminat kimi göstərilib. Yəni kredit qaytarılmasaydı həmin pul sığorta şirkətinin bu hesabından çıxılacaqdı.
Bu müddət ərzində "BE&G" sığorta şirkətinin sahibi və adı dəyişib. Onun yerində "Meqa sığorta" şirkəti yaradılıb. Yeni sahibləri "BE&G"nin səhmlərini alıb onu "Meqa Sığorta"ya çevirəndə onun bank qarşısında heç bir öhdəliyi yox imiş. Bunu bankın özü də təsdiqləyib. Nəticədə əvvəlki münasibətlərin nəticəsi olaraq artıq yeni şirkət olan "Meqa Sığorta" da "Nikoyl"bankla əməkdaşlığı davam etdirib. Şirkətin depozitləri yenə də bu bankda yerləşdirilib və s.
Amma adı çəkilən şəxsin krediti qaytarmaması vəziyyəti dəyişib. Bundan sonrakı proseslər tanış ssenari ilə dava edib - bank problemli müştərini məhkəməyə verib və bu zaman yada düşüb ki, bu kreditə sığorta şirkəti təminat vermişdi. Amma məlum olur ki, girov kimi göstərilən hesablarda pul yoxdur, yəni kredit təminatsız qalıb.
Nəticədə məhkəmə prosesinə "BE&G" sığorta şirkətinin hüquqi varisi olan "Meqa Sığorta" da cəlb olunub. Beləliklə, kreditin qaytarılması ilə bağlı mübahisə "Nikoylbank"la "Meqa Sığorta" arasında məhkəmə prosesinə çevrilib.
Məhkəmədə maraqlı detallar üzə çıxıb. Məlum olub ki, sığorta şirkəti kreditə təminat versə də, sonradan bank sığorta şirkətinin heç bir öhdəliyi olmadığı barədə arayış verib.
100 min manat "Meqa Sığorta"dan silinib
Məhkəmə problemli kreditin necə qaytarılması üsulları üzərində çox da baş sındırmayaraq bankın xeyrinə qərar çıxarıb və qərar icraya yönəldilib. Yəni qaytarılmayan kreditin vaxtilə bu kreditə zəmanət vermiş sığorta şirkətindən tutulması qərara alınıb. Amma "BE&G" sığorta şirkəti artıq mövcud olmadığına görə, və onun hüquqi varisi "Meqa sığorta" olduğuna görə, həmin məbləğin də ondan tutulması qərara alınıb. Əvvəlcə "Meqa Sığorta"nın bu bankdakı hesabına həbs qoyulub, sonra isə həmin hesablardan 100 min manat silinib.
"Meqa Sığorta"da təbii ki, bunu qanunsuz sayırlar. Şirkətin hüquqşünası Hamlet Qarayev: "Biz araşdırmağa başladıq, lazımi sənədləri topladıq və şahidi olduq ki, bu silinmə tamamilə qeyri-hüquqidir. Çünki qətnamədə həmin vəsaitləin BE&G-in hesablarından tutulması göstərilib. Əvəzində həmin pullar bizim hesablardan silinib. Ona görə də məhkəmədə iddia qaldırdıq".
"Əlimizdə onların zəmanət məktubu var, şirkət kreditə zamin durub"
Öz növbəsində "Nikoylbank"da sığorta şirkətinin iddialarını əsassız sayırlar. Bankın İdarə Heyəti üzvünün hüquq məsələləri üzrə müşaviri Elşən Hacıyev fins.az-a bildirib ki, "Meqa Sığorta" şirkəti "BE&G"nin varisi olduğuna görə, hər şey qanuna uyğundur: "Həmin fiziki şəxs bizim bankdan kredit götürüb, "BE&G" şirkəti də - hansı ki "Meqa Sığorta" onun hüquqi varisidir- bizim bankda olan depozitini o kreditin təminatı kimi göstərib. Yəni, şirkət bizə zəmanət məktubu təqdim edib ki, həmin şəxs krediti qaytara bilməsə, həm əsas məbləği, həm faizləri, həm dəppə pulunu ödəyəcəm. Həmin şəxs də krediti qaytarmadığına görə, bank məhkəməyə müraciət edib və 23 dekabr 2011-ci ildə həmin şəxsdən məbləğin tutulması və qoyulan girovun buna yönəldilməsi ilə bağlı qərar qəbul olunub. Şəxsin ödəmək imkanı olmadığına görə, bu məbləğ ona zəmanət verən "BE&G"nin- hansı ki "Meqa Sığorta" şirkəti onun hüquq varisidir və o şirkətin öhdəliklərinə görə məsuliyyət daşıyır- hesablarından tutulması qərara alınıb".
E.Hacıyev iddia edir ki bank sığorta şirkəti ilə yaranmış problemi danışıqlar yolu ilə həll eləməyə çalışıb, lakin qarşı tərəf məhkəmə yolu ilə həllə üstünlük verib: "İndi vəziyyət belədir ki, biz onların qarşısına həmin zəmanət məktubunu qoymuşuq ki, siz bu zəmanəti verməsəydiniz, biz həmin şəxsə o krediti verməzdik".
"Biz BE&G-ni alanda onun bankda öhdəliyi yox idi"
"Meqa Sığorta" da geri çəkilmək niyətində deyil. Şirkət bildirir ki, "BE&G"nin hüquqi varisi olaraq heç bir öhdəlikdən imtina etmir. Sadəcə, şirkət "Meqa Sığorta"ya çevriləndə onun bank qarşısında heç bir öhdəliyi olmayıb: "Bizim əlimizdə sənəd var - biz BE&G-nin səhmlərini almazdan 2 ay qabaq- 2010-cu ilin mayında artıq bankın müştəri xidmətlərinin rəhbəri Bağirov bank rəhbərliyinə xidməti məktubinda göstərir ki, Emil Allahverdi oğlu Allahverdiyevin krediti üçün girov qoyulmuş əmanət hesablarında vəsait qalmayıb. Yəni təminat yoxdur, xahiş edir ki, kredit borcunun bu şəxsdən məhkəmə qaydasında tutulmasını təmin edəsiniz". Başqa sözlə, hələ "BE&G" şirkəti "Meqa Sığorta" çevrilməzdən əvvəl onun hesablarından pullar çıxarılıb: "Bu məsələ ortaya çıxandan sonra biz banka müraciət etmişik ki, bizim varisi olduğumuz şirkətin sizinlə hansısa problemli işləri olubsa, bizə məlumat verin. Onlar da bildiriblər ki, bankın keçmiş əməkdaşlarının diqqətsizliyi nəticəsində "BE&G" sığorta şirkəti tərəfindən girov qoyulmuş əmanətlərin böyük hissəsini girovluqdan çıxarılıb və nəticədə şirkətin zəmanət verdiyi fiziki şəxsin krediti təminatsız qalıb".
Sığorta şirkətində bunu bankın özünün problemi sayırlar: "Əslində bank özü imkan verməməliydi ki, kreditin təminatı üçün saxlanan pullar bankdan çıxarılsın. Bu asan proses deyil. Bunun üçün girovdan azad edilmə məktubu olmalı, girov təminatı, yəni kredit ödənilməlidir. Həmin fiziki şəxs 2-ci, 3-cü aydan problemli müştəri olmasına baxmayaraq, bizə məlum olmayan səbəblərdən o pullar girovluqdan çıxarılıb və həmin şəxsin krediti təminatsız qalıb. Biz onlarla danışıqlar aparanda dedilər ki, Emilin borcunu qaytarması üçün ona təzyiq edib krediti ödətdirək. Biz bunu necə edə bilərik?"
"Burda ya anlaşılmazlıq, yad işçimizin mexaniki səhvi olub"
"Nikoylbank" hüquqşünası bildirdi ki, hadisə 5-6 il bundan əvvəl baş verdiyinə görə, hesabın hansı əsaslarla girovdan çıxarıldığını dəqiq demək mümkün deyil: "Burda anlaşılmazlıq və ya mexaniki səhv ola bilər. Girov qoyulmuş əmanət hesablarını bankdan "BE&G" özü çıxarıb. Lakin məsələ bundadır ki, şirkətin bizdə zəmanət məktubu var- orda göstərilir ki, kreditin ödəniləcəyinə şirkət təminat verir. Deməli onun girov qoyulan hesabından pul özləri tərəfindən çıxarılıbsa, onda başqa hesabından tutulma təmin edilməlidr. "Meqa Sığorta" da BE&G ASC sığorta şirkətinin hüquqi varisidir və qanunla onun bütün öhdəliklərinə cavabdehdir".
"Eyni zamanda 10 hesabla səhv etmək olmazdı"
Öz növbəsində "Meqa Sığorta"da hesabdakı pulların girovluqdan səhvən çıxarıldığına şübhə ilə yanaşırlar: "Burada bir hesabdan söhbət getmir, müxtəlif məbləğlər yerləşdirilmiş 10 hesabdakı depozit girov kimi göstərilib. Onlar məhkəmədə bildirirlər ki, burda bankın işçisinin bilmədən mexaniki səhvi olub. Amma 10 fərqli hesabda təsadüfən səhv etmək olmaz axı. Özü də hesablardan bloku götürmək hər işçinin ixtiyarında deyil. Deməli burada girov göstərilən depozitlər təsadüfi səhv nəticəsində azad edilməyib".
"Məhkəmə qətnaməsində qeyd olunmayan hesabımızdan vəsait silinib"
İstənilən halda haqqında danışılan vəsait "Meqa Sığorta"nın hesablarından silinib. Nəticədə "Meqa Sığorta" artıq bu əməliyyatı aparan icra orqanının özünü - Səbail rayon icra şöbəsini məhkəməyə verib: "Qətnamədə göstərilməyib ki, bu pul bizim 2013-cü ildə yrləşdirdiyimiz vəsaitdən tutulsun". Məhkəmə sığorta şirkətinin dəlilləri ilə razılaşıb və qərar çıxarıb ki, pulların girov predmeti olmayan hesabdan tutulması qeyri-qanuni olub. Apelyasiya məhkəməsi də bu qərarı qüvvədə saxlayıb. fins.az