Qidanın içindən bu da çıxdı… - FOTO

McDonalds və ya arzuolunmaz qidalar məkanı

Əhali tərəfindən böyük rəğbət görən McDonalds şəbəkəsi Azərbaycanda, paytaxt Bakının çox yerində öz xidmətlərini təklif edir.
Belə ki, hazırda Azərbaycanda 8 McDonalds restoranı fəaliyyət göstərir. 2009-cu ildə McDonalds Azərbaycan özünün 10 illik yubileyini qeyd edib. Azərbaycandakı, Bakıdakı McDonalds restoranlarında 700-dən çox insan çalışır.
Yay və ya qış ayları olmasından asılı olmayaraq, adı çəkilən xidmət mərkəzi müştəri sarıdan korluq çəkmir. Xüsusilə, əhali azyaşlı uşaqlarını McDonaldsa gətirməkdən və qızardılmış, quru yeməkləri onlara yedirtməkdən çəkinmir. Valideyn bəzən şikayət edir ki, uşaqları bu yerin adını çəkir və aparmayanda ağlayır. Bu halın yaranması uşağın deyil, valideynin günahıdr. Çünki valideynlər ilk öncə uşaqları bu cür yerlərə öyrədir, sonra isə problem yaşayırlar. Bu məkanda ən çox istifadə olunan içkinin "Coca-cola" olduğunu, qızardılmış kartofdan çox istifadə edildiyini nəzərə alarsaq, bu qidaların sağlamlığa təsirini o qədər də geniş şərh etməyə ehtiyac yoxdur. Mütəxəssislər hətta oradakı qidaların mənşəyinin qaranlıq olduğunu önə çəkir. Redaksiyamıza şikayət edən istehlakçı isə McDonaldsda qidaların mənşəyi yox, gigiyenik qaydaların gözlənməməsi barədə məlumat verdi.
İstehlakçı paytaxtda məşhurluğu ilə seçilən "Torqovu"da yerləşən McDonalds-da yemək istəsə də, qarşısına çıxan həşərat ona xoşagəlməz saat bəxş edib. Müştəri "Sezar" salatı alıb. Yemək istədikdə isə içində qurd olduğunu görüb. İnzibatçıya bunu dedikdə o: "Kimə istəyirsiz şikayət edə bilərsiniz. Bizə heç kim heç nə edə bilməz" deyib.
Qeyd edək ki, bu cür məkanlarda gigiyenik qaydalara əməl olunması məsələləri müvafiq qurumlar tərəfindən yoxlanılır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin rəhbəri İmran Abdullayev bildirdi ki, bu cür şikayətlər subyektiv xarakter daşıdığından, məsələnin kökünü araşdırmaq olmaz. Amma müştərinin konkret bir şikayəti varsa, bununla bağlı yazılı müraciət etməlidir. Yeməkdən qurd çıxması məsələsinin inanılmaz olsa da, mümkün hal olduğunu deyən İ.Abdullayev bildirdi ki, bu cür məkanlarda qida hazırlanarkən məhsullar emaldan yox, yuyulma prosesindən keçir: "Yuyulma prosesində qurd və ya digər həşəratlar yeməyin içinə düşmüş ola bilər. Ona görə də bu cür halla üzləşən müştəri bizim quruma müraciət etsin. Biz o qidaların alındığı yeri, gətirən təşkilatı-hər detalını yoxlayarıq. Amma bunun üçün yazılı müraciət olmalıdır, əks təqdirdə qanun buna yol vermir".
İ.Abdullayev onu da bildirdi ki, bu günə kimi McDonaldsa aparılan müayinələr zamanı nöqsanlar aşkar olunmayıb.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirdi ki, istehlakçı hüquqlarını qoruyan dünya təşikalatları, o cümlədən AİB bu şəbəkədə satılan qidaları, cəld yeməklər siyahısında olduğu üçün arzuolunmaz qidalar hesab edir: "Bizdə olan məlumatlara görə, burada istifadə olunan kartof, ümumiyyətlə, digər mallar genetik modifikasiya olunmuş mallardır. Biz kiçik yaşlı uşaqların, gənclərin, bədəni həssas olan insanların McDonalds-da qidalanmasının tərəfdarı deyilik. Təsadüfi deyil, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəb bufetləri üçün "Coca-cola"ların satışını qadağan edib. Təəssüflər olsun ki, bu içki McDonaldsda çox geniş şəbəkə ilə yayılıb. McDonalds dünyanın istehlakçı hüquqlarına zərər gətirən məşhur bir brenddir. Lakin istehlakçıların beyninə o qədər yerləşdirilib ki, hansı ölkədə olmasından asılı olmayaraq, o mallara istehlakçı tələbat yaradır. İstehlakçılar buradan mal alarkən çox diqqətli olsunlar. Yeməyin içərisindən arzuolunmaz bir şey çıxarsa, istehlakçının onu geri qaytarmaq hüququ var. Sağlamlığına dəyən zərərlə bağlı məhkəmə qarşısında iddia qaldıra bilər. O cümlədən malın istənilən sertifikatlarını tələb etməyə haqqı var və satıcı onu göstərməyə məcburdur".
AİB sədrinin sözlərinə görə, elektron KİV-lər vasitəsilə istehlakçının beyni aşağı yaşlarından "yuyulur". Ona görə də zərərli belə olsa, bu cür mallara meyl yaranır: "Əgər Coca-cola, bundan 10 il sonra da bu içkini yox, onun rəngində maye buraxarsa, istehlakçı bunu başa düşməyəcək və alıb içəcək. Digər tərəfdən bu cür şirkətlər olduqları ölkədə böyük vergi ödəyicisinə çevrilməklə, hökümətin iqtisadi siyasətinə təsir edirlər".
Qeyd edək ki, MakDonalds - 1940-cı ildə ABŞ-da yaradılan fəstfud şəbəkəsidir. Şirkətin mənzil-qərargahı ABŞ-ın Çikaqo şəhərinin yaxınlığında,Oak Brukda yerləşir.
1940-cı illərin sonunda Dik və Mak Makdonald qardaşları San-Bernardinoda sürücülər üçün açdıqları kiçik restoranı təkmilləşdirmək üçün yeni üsullar axtarırlar. Yaxşı gəlir gətirən bizneslərində kiçik dəyişikliklər etmək əvəzinə, onlar sürətli xidmət, ucuz qiymət və böyük həcmə əsaslanan tamamilə yeni bir konsepsiya icad etdilər. Onlar piştaxta qarşısında özünəxidmət üsuluna keçərək, 25 növ yeməkdən ibarət Barbekyu menyusundan imtina edib, cəmi 9 adda məhdud menyuya üstünlük verdilər: bunlar qamburger, çizburger, üç cür soyuq içki, süd, kofe, qızarmış kartof dilimləri, kökə və restoran işə başladıqdan sonra əlavə olunan kartof-fri və südlü kokteyl idi. 1950-ci illərin ortalarında onların qamburger istehsalı üzrə kiçik fabrikləri ildə 350 000 dollar gəlir gətirirdi. Əvvəlki restoranla müqayisədə indi satışın həcmi demək olar, 2 dəfə artmışdı. Makdonald qardaşları öz tennis meydançalarının döşəməsində diz üstə sürünərək təbaşirlə əvvəlki restoranın mətbəxindən iki dəfə böyük olan yeni növ mətbəxin konstruksiyasını cızdılar. Qidanın hazırlanması zamanı işçilərin hərəkətini öyrənərək, onlar avadanlıqları daha effektiv şəkildə yerləşdirməyə nail oldular. 1954-cü ildə südlü kokteyl hazırlayan maşınlar üzrə ticarət agenti Rey Krok Makdonald qardaşlarının restoranını ilk dəfə öz gözləri ilə gördü. O zaman Rey Krokun 52 yaşı vardı. Bu yaşda çoxları təqaüd haqqında düşünür. Krok isə bu gün McDonald's kimi tanıdığımız həmin şirkətin əsasını qoydu. 1950-ci illərdə Rey Krok kokteyl hazırlamaq üçün Multi-Mixer maşınlarının müstəsna distribütoru kimi gəlirli biznes qura bildi. İlk dəfə onu San-Bernardinodakı qamburger satışı üzrə Makdonald qardaşlarının restoranına məhz Multi-Mixer-lər gətirib çıxartdı. Krok qardaşların hər ay 20 000 pay kokteyli necə sata bildiklərinin sirrini aça bilsəydi, onlara daha çox maşın sata bilərdi. Lakin, 1954-cü ildə, səhər saatlarında Makdonald qardaşlarının restoranında paketdə qamburger və kartoflar alan alıcı növbəsinin sürətlə irəliləməsini görən Krokun ağlına ancaq bir fikir gəldi: "Belə sistem hər yerdə işləyəcək.". Makdonald qardaşları bütün ölkədə özlərinin yaratdıqları konsepsiya ilə biznesin genişlənməsinə şəxsən nəzarət etmək istəmirdilər, buna görə də Rey Krok onların frençayzinq üzrə müstəsna agenti oldu. Nəhayət, dahi ticarət agenti öz son satış məhsulunu tapdı. 1955-ci il martın 2-də Krok yeni, McDonald's Systems, Ink adlı frençayzinq şirkətini yaratdı. Krok Makdonald qardaşlarının iş prinsipini qoruyub saxladı: məhdud menyu, keyfiyyətli qida, konveyer tipli istehsal sistemi, cəld və mehriban xidmət kimi göstəricilərə özünün şəxsi təmizlik, yüksək gigiyena standartlarını da əlavə etdi. Yüksək keyfiyyət, xidmət mədəniyyəti, təmizlik və əlverişlilik bu günədək McDonald's-ın əsas iş prinsipləri olaraq qalır. Rey A. Krok 1961-ci ildə müsəssisənin bütün səhmlərini qurucu-səhmdarlar Dik və Mam MakDonald qardaşlarından satın alır. 1965-ci ildə McDonald's restoranlar şəbəkəsininin restoranlarının sayı 700-ə çatır. 2012-ci ildə McDonalds-ın dünyanın 118 ölkəsində fəaliyyət göstərən 32 000-dən çox restoranı var və bu restoranlarda 1,5 milyondan çox əməkdaş çalışır.
Azərbaycanda isə ilk McDonalds restoranı 1999-cu il noyabrın 6-da ölkənin paytaxtı Bakı şəhərinin mərkəzində yerləşən Fəvvarələr Meydanında açılıb.
 

Aygün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31