Bakıya qış yaraşmır, paytaxt yenə ilk qara təslim oldu - GÜNDƏM

İşıqlar söndü, yollar dondu, şəhər iflic oldu

Dekabrın 11-də axşam saatlarından Azərbaycanın əksər rayonlarına qar yağdı. Əslində Azərbaycana ilk qar bir neçə gün əvvəl yağmışdı və aidiyyəti qurumlar Bakıya da yaxın günlərdə qar yağacağı proqnozunu vermişdi. Dekabrın 11-də axşam isə aran rayonları ilə yanaşı Bakı və Bakıətrafı ərazilərə qar yağmağa başladı, özü də küləkli qar. Elə bununla da Bakı və bakıətrasfı ərazilərdə hərəkət iflic oldu. Bəli, sözün əsl mənasında. İlk qarın ölkədə bu qədər çətinliklər törədəcəyini düzü heç kim düşünməsə də, təbiətin ilk şıltaqlığı özünü göstərdi. Ötən ildən fərqli olaraq builki ilk qar nisbətən az yağdı. Yəni, ötən il dekabrın 16-da Bakıya yağan ilk qarın hündürlüyü 25-40 santimetrə, rayonlarda isə 50-70 santimetrə çatmışdı. Amma, bu dəfəki qar elə rayonlarda 20-40, Bakı və Bakıətrafı ərazilərdə 5-7 santimetrdən artıq olmadı. Bəs, ötən illə bu ilki ilk qarın törətdiyi fəsadlarda fərq oldumu? Qətiyyən olmadı. Əksinə Bakı və Bakıətrafı ərazilərdə problemlər ötən ildən də çox oldu.

Rəsmi xəbərdarlıq edilir, amma tədbir görülmür

Başlayaq rəsmi məlumatlardan.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeorologiya Departamenti dekabrın 11-i axşamdan 12-si səhərədək Azərbaycan ərazisində müşahidə olunmuş faktiki hava şəraiti haqqında məlumat yayıb. ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində dekabrın 11-i gündüz hava şəraiti əsasən yağmursuz keçib, lakin 11-i axşamdan 12-si səhərədək qeyri-sabit olub, əksər rayonlarda yağış, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv olub. Qar örtüyünün hündürlüyü Bakıda 6, Rvarudda (Lerik) 40, Altıağacda 29, Gədəbəydə 25, Yardımlıda 23,  Xınalıqda 21, Lerikdə 20, Daşkəsəndə 19, Göygöldə 16, Kəlvəzdə 14, Sarıbaşda 13,  Ağdərədə 12, Naxçıvanda 11, Şərurda 9, Şamaxıda 7, Şahbuzda 5,  Mərəzədə 4, İsmayıllıda 3, İmişli, Lənkəran, Göyçayda 2, Cəfərxan, Biləsuvar, Kişçay (Şəki), Zərdab, Qəbələ,  Xaçmazda 1, Quba-Qusar zonasında 20-32 sm-ə çatıb. Şimal-qərb küləyinin sürəti Neftçalada 20, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 19-23, bəzi yerlərdə 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metr təşkil edib. 

Qeyd edək ki, əlverişsiz, intensiv qar haqqında xəbərdarlıq 2 gün əvvəlcədən əlaqədar təşkilatlara çatdırılıb.

İkinci rəsmi xəbərdarlıq. Bakı yol polisi qarlı hava şəraiti ilə bağlı sürücüləri diqqətli olmağa çağırıb.Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, qarlı, anomal hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümi təkərlərin olması vacib şərtdir.Onun sözlərinə görə, avtomobil əyləc sistemindən mümkün qədər istifadə etməməklə sürət qutusunun köməyi ilə hərəkətə gətirilməlidir.V.Əsədov sürücülərə avtomobili yüksək sürətlə idarə etməməyi, şüşəsiləni işlək olmayan avtomobillərlə yola çıxmamağı, ətrafdakıları yağış suları ilə islatmamağı tövsiyə edir.Bakı yol polisi sürücüləri şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyə, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə və ehtiyatlı olmağa çağırıb.

Beton yolda biabırçı vəziyyət

İlk olaraq şəhərin giriş hissəsindən başlayaq. Sumqayıtdan Bakıya istiqamətdən. Bakı-Quba avtomobil yolunun  əksər hissəsi tam buz bağlamışdı. Gecədən yağan küləkli qar beton örtükdən ibarət olan bu yolu iflic etmişdi. Sumqayıtdan Bakıya gedən istiqamətdə buz üstə sürüşən avtomobillər bir neçə yerdə qəza da törətmişdi. Nəticədə Bakı-Sumqayıt şosesi ümumiyyətlə bağlanıb. Həmin yolla hərəkət edən bir çox nəqliyyat vasitələri Masazırdan geri dönmək məcburiyyətində qalmışdı. Binəqədi-Rəsulzadə yolu ilə nəqliyyat vasitələrinin hərəkəti də mümkün olmayıb. Bütünlüklə su altında qalan yolda nəqliyyat vasitələri hərəkətsiz qalıb.
İş orasındadı ki, Sumqayıt-Saray-Masazır-Bakı yolunda daha dəhşətli mənzərə yarandı. Həmin yolda Masazır duz gölü olsa da, heç kim bu yolda hərəkət edə bilmirdi. Avtomobillər bu yolun bəzi hissələrini yavaş-yavaş qət etsələr də, duz gölünün yanındakı yolda olan yoxuşda bütün avtomobillər ilişib qaldı. Yola bir qram da olsa duz və ya qum səpilməmişdi. Yola baxımsızlıqda həmin ərazidə bir neçə yol qəzası baş verdi. Yoldan sürüşüb çıxan kim, yolda toqquşan kim və sair. Ən maraqlısı isə odur ki, həmin yolun Masazırdan keçən hissəsində hər gün 8 yol polisi maşını olurdu. Yəni adi, qarsız günlərdə. Dövlət Yol Polisinin 10YP 627, 10 YP 628, 10 YP 629, 10 YP 630, 10 YP 631, 10 YP 632, 10 YP 633 və 10 YP 634dövlət nömrə nişanlı avtomobillər həmin yolda pusquda dursalar da, indi, qarlı hava ilə əlaqədar yol polislərinin biri də bu yolda gözə dəymirdi. Hər gün bu yolda gözlərimizi "mazol" edən, bir az sürətli hərəkət edən kimi həyəcan siqnalı ilə avtomobilləri qovan, müxtəlif bəhanələrlə sürücüləri süründürən həmin yol polislərindən biri də yox idi. Səbəb odur ki, indi nə qayda pozan olacaq, nə də onlara rüşvət verən olacaqdı. Çünki, indi yol polisləri hərəkəti tənzimləməli, yollarda avtomobillərin hərəkətinə yardım etməli idilər. Ona görə də biri də gözə dəymirdi.

Ekologiya postunda polislər avtoqəzalara hind filmi kimi baxır

Bakı-Sumqayıt yolunun Masazır-Xırdalan yol birləşməsində də vəziyyət eyni cür idi. Əksər avtomobillər buz üstündə sürüşür, yoldan çıxır, bir-birinə dəyirdi. Burda da yol polisi barədə danışmağa dəyməz, çünki yox idi. Yol boyu zorla hərəkət etməyə çalışan avtomobillərdən geri qayıdanı qayıdır, mənim kimi çarəsiz qalıb işə tələsənlər isə nə yolla olursa olsun, Bakıya çatmağa cəhd edirdilər. Bir qədər yolu zorla qət edəndən sonra nəhayət ki  Respublika Dövlət Yol Polisi İdarəsinin Ekologiya postuna çatdıq. Amma, necə çatdıq Allah bilir. Sürüşə-sürüşə, addım-addım birtəhər bu əraziyə yaxınlaşırdıq və zənn edirdik ki, yəqin bu postdakı yol polisləri hərəkəti tənzimləyər. Sən demə, burda vəziyyət o biri ərazilərdən daha acınacaqlı imiş. Ekologiya Postunun qarşısında bir nəfər də olsun yol polisi gözə dəymirdi. Avtomobillər o qədər sıx idi ki, hətta bəzi maşınlar postun düz qarşısından hərəkət edirdi. Yəni yoldan çıxan avtomobillər hərəkətin qadağan edildiyi ərazi ilə gedirdi. Əvvəlcə elə bildim postda heç kim yoxdu, yaxınlaşanda isə gördüm ki, yol polisləri hamısı postdadı, amma içəridə. Yol polisləri hamısı postun xidmət zalındakı plyonkalı şüşədən boylanıb avtomobillərin yaratdıqları vəziyyəti seyr edirdilər. Nə bir nəfər polis var yolda, nə də hərəkəti tənzimləyən. Bütün yol polisləri bir nəfər kimi şüşədən boylanırdı, çölə çıxmırdılar ki, soyuq olar. Sanki sovet dönəmində kənd mədəniyyət evinə hind filmi gəlib, hamı filmə baxmağa can atır. Buzlu yolda isə avtomobillər sürüşməkdə davam edirdilər. Elə əslində ekologiya postunun qarşısındakı vəziyyət də hind filmlərini xatırladırdı.

Yol Polisi "qaç",  Nəqliyyat Nazirliyi "tut" deyir

Bu ərazini də birtəhər keçib Bakıya tərəf  yaxınlaşırıq. Biləcəri ərazisinə qədər təxminən 40-50 dəqiqəyə gəldik və Bakı Beynəlxalq Şəhərlərarası Avtovağzala yaxınlaşırıq. Xocəhəsən istiqamətindən gələn yoldakı avtomobillər Sumqayıt istiqamətindən hərəkət edən maşınlara qarışır, sürüşür, dəyir, əzilir və sair. Bu münvalla Bakının girişinə-Şamaxı yoluna çatdıq. Dedik yəqin şəhərin içərisi təmiz olar. Amma, yenə yanıldıq. Bakı hara, təmiz yol hara, bu ərazidə də biabırçı vəziyyət, eyni situasiya. Nə yollara qum səpən var, nə də duz. Hər yer sürüşkəndir. Artıq ictimai nəqliyyatın əksəriyyəti xətdən çıxarılıb. Səbəb yolun sürüşkən olmasıdır. Maraqlısı odur ki, yol polisi iki gündü ictimaiyyəti maarifləndirir, xəbərdarlıq edir ki, paytaxtda ictimai nəqliyyatdan istifadəyə üstünlük verin, bu tərəfdən də Nəqliyyat Nazirliyi və bir neçə sahibkar ictimai nəqliyyatın fəaliyyətini dayandırır. Təxminən 40 dəqiqədən artıq "20 yanvar" metrostansiyasının qarşısında dayanıb 29 saylı xətt marşrutunu gözlədim. Amma bu marşrutdan xəbər çıxmadı. Məcburiyyət qarşısında qalıb metrodan istifadə edib "Elmlər" Akademiyası" stansiyasına qədər gəldim və zənn etdim ki, burdan marşrut daha tez işləyər. 1 saat 10 dəqiqə də burda gözləyəndən sonra məlum oldu ki, 86 saylı marşrut tamamilə bağlanıb, qara görə işləmir. 1 saat 10 dəqiqədən sonra nəhayət həmin yolla hərəkət edən 5 saylı marşrut xətti ilə bir sərnişin avtobusu gəldi və təsəvvür edin vəziyyəti. 30 nəfər tutumu olan avtobusun içərisində 40 nəfərdən  artıq sərnişin dayanacağa yaxınlaşdı. Təxminən 100 nəfər sərnişin də həmin avtobusa yaxınlaşdı və əlavə şərhə ehtiyac görmürəm. Yəqin vəziyyəti artıq oxucular təsəvvür etdilər.

"Bakıelektrikşəbəkə"nin qışa hazırlığı insanları qırmağa hesablanıb?

İlk qar Bakıda tək yol fəsadı törətmədi. Bakının əksər ərazilərində elektrik enerjisinin verilməsində qəfil fasilə yarandı. Bu fasilə dekabırn 11-də gecə saatlarından başlayıb və dekabrın 12-də, saat 14-00-dək hələ bərpa olunmayıb. Bakının Binəqədi, Sabunçu, Suraxanı, Yasamal və digər rayonlarında əksər ərazilər işıqsız qaldı. Bundan başqa, Abşeron rayonunun Fatmeyi, Goradil, Saray, Masazır əraziləri də həmin gecəni qaranlığa qərq oldular. Səbəb isə elektrik xətlərindəki nasazlıqlar oldu. Xatırladaq ki, Binəqədi və Abşeron rayonlarında elektrik xətləri ötən il təzələnmişdi və bu ərazilərdə kabelləşmə həyata keçirilmişdi. Amma, "Azərenerji" bu əraziləri necə kabelləşdirib yeniləyibsə, bir il keçməmiş yenə xətdə ayrılmalar oldu. "Azərenerji" yay aylarından bəri hər gün palaz-palaz press-relizlər yayır ki, bəs filan ərazidə qışa hazırlıq başa çatdı, filan rayonda elektrik xətləri tam təzələndi, filan transfarmator yenisi ilə əvəzləndi və sair. Amma, bu təzələnmənin nəticəsi heç hiss olunmur. Hiss olunur, amma tərsinə. Köhnə xətlərdə ayda, iki ayda bir dəfə açılmalar olurdusa, təzə xətlər təzəliyindən ayda 5 dəfə açılır.

Bəli, bu gün paytaxtda yaranan vəziyyət budur. İlk və gözlənilən qarın yağması, məmurların hələ qış girməmiş qış yuxusunda yatması Bakı və Bakıətrafı əraziləri iflic etdi. Yollar keçilməz oldu, sakinlər üz-göz oldular, şəhərsə keçilməz. Artıq bu problemi ictimailəşdirməkdən ictimaiyyət də bezib. Amma nədənsə bəzi cavabdeh məmurlar hələ də öz əməllərindən, insanlara sitəm eləməkdən bezməyiblər. Hər dəfə eyni vəziyyət, biabırçı proses, yeni vədlər və boş gözləntilər. Bunun nə vaxta qədər davam edəcəyini isə bilmirik. Hər gün gözləyirik.

Samir Əli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31