Su altında qalan qəbiristanlıqlar- FOTOLAR

Cavabdeh qurumların biganəliyi pik həddə çatıb

Zaman-zaman ölkəmizdə qəbiristanlıqlarla bağlı xoş olmayan xəbərlər yayılıb. Buna səbəb kimi qəbiristanlıqların qorunması və saxlanılmasına məsul olan qurumların biganəliyi göstərilir. Sözün həqiqi mənasında ölkə üzrə elə bərbad hala düşmüş qəbiristanlıqlar var ki, onların bərpası illərlə vaxt və kifayət qədər böyük məbləğdə vəsait tələb edir. Əslində söhbət həmin vaxt və vəsaitin necə və haradan əldə edilməsində yox, belə qəbiristanlıqlarda uyuyanların yaxınlarının keçirdikləri mənəvi iztirabdan gedir. Çünki elə dağınıq və bərbad halda olan qəbiristanlıqlar var ki, insanlar doğmalarının qəbrini ziyarət etməkdə belə çətinlik çəkirlər. Cavabdeh qurumlar isə qəbiristanlıqları abadlaşdırmaq əvəzinə, "dəfn biznesi" ilə məşğul olurlar. Beləliklə, qəbir yerlərinin satılmasından tutmuş qəbirlərə dəbdəbəli abidələr qoyaraq hasarlanmasına qədər əldə edilən vəsait qəbiristanlıqların abadlaşdırılmasına deyil, şəxsi ciblərə gedir. 
Hazırda belə acınacaqlı vəziyyət 2-ci Zabrat qəbiristanlığında hökm sürür ki, əksər qəbirlər yağış sularının altında qalıb. Vəziyyətin ciddiliyini nəzərə alan Qasımov Telman Abiəli oğlu çıxış yolunu ölkə başçısına müraciətdə görüb: "Atam Qasımov Abiəli Mirzə-Kərim oğlu 43 il bundan qabaq 52 yaşında vəfat etmişdir. Atam "Bakımetrotikinti"nin birincilərindən  olub. Dəfələrlə dövlət təltiflərinə layiq görülüb. Xeyriyyəçiliyi ilə çox tanınıb. Xüsusən də kimsəsizlərə, yaşlı adamlara çox əl tutub, onların dəfn xərclərini və yas məclislərini öz vəsaiti hesabına təşkil edib. O, 1981-ci ilin yanvar ayının 19-da, ailəmiz indiki Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayarkən qəfil ürək tutmasından dünyasını dəyişdi. Onu 2-ci Zabrat qəbiristanlığında dəfn etdik. Artıq 30 ildən də çox bir müddətdir ki,  Zabratda yaşamasaq da  həmişəki kimi hər il mütəmadi olaraq atamın məzarını ziyarət edir, onun məzarı başında Quran ayələrini oxudur, mənim üçün əziz olan xatirəsini hörmət və ehtiramla yad edirəm.
Lakin son 10-15 il ərzində qəbiristanlığın idarə olunmasında ciddi nöqsanlar yaranmağa başladı. Hal-hazırda isə vəziyyət kritik həddə çatmışdır. Qəbiristanlığın ərazisinə daxil olan anda ürəkdağlayan bir mənzərənin şahidi olursan. Qəbiristanlıq sözün əsil mənasında çirkab sularında itib batan, bataqlıq bir əraziyə çevrilmişdir. Tam əminliklə deyə bilərəm ki, Azərbaycan Respublikasının ərazisində 2-ci belə qəbiristanlıq yoxdur. Sanitar-gigiyena və təmizlik işlərindən danışmaq isə tamamilə yersizdir. Qəbiristanlıq sanki mənfur yadelli işğalı altındadır, dağılır və məhv olur. Nə qəbiristanlığın müdiriyyəti, nə Zabrat Bələdiyyəsi, nə də Sabunçu rayon İcra Hakimiyyəti burada Qanunla müəyyən olunmuş normalara riayət etmirlər. Açıq-aşkar öz vəzifələrinə səhlənkar, məsuliyyətsiz və hətta vicdansız yanaşırlar. Halbuki, bu məsələləri dəqiqliklə tənzimləyən qanunlar və qanun qüvvəli hüquq normaları mövcuddur".
Məlumat üçün qeyd edək ki, ölkədə qəbiristanlıqların qorunması və saxlanılması işinin təşkili bələdiyyələ həvalə edilib. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli qərarı ilə yerli icra hakimiyyəti orqanlarına qəbiristanlıqların müvafiq bələdiyyələrə təhvili işinin təmin edilməsi tapşırılıb. Tapşırığın icrası istiqamətində mühüm addımlar atılıb, artıq bələdiyyələrin əksəriyyəti tərəfindən qəbiristanlıqlar təhvil alınıb. Buna baxmayaraq proses tam yekunlaşmadığından bu istiqamətdə işlər davam etdirilməkdədir.
"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə əsasən yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi olaraq mövcud qəbiristanlıqların qorunması, saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, yeni qəbiristanlıq sahələrinin ayrılması fəaliyyət bələdiyyələrin səlahiyyətinə aiddir. Nazirlər Kabinetinin "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları" barədə qərarında qəbiristanlıqların salınması, idarə olunması, qorunması, köçürülməsi və bağlı elan edilməsinə dair tələblər və müvafiq olaraq bu sahədə göstərilən xidmətlərin təşkilində bələdiyyənin hüquq və vəzifələri müəyyən edilib. Məhz sadalanan səlahiyyətlər çərçivəsində bələdiyyələr tərəfindən qanuna uyğun olaraq ayrılmış torpaq sahələrində qeyri-kommersiya qurumu statusunda qəbiristanlıqlar yaradılır. Ardınca, qəbiristanlığın qorunması, saxlanılması və abadlaşdırılması ilə bağlı işlərin görülməsini təmin edir, mövcud qəbiristanlıqların ərazisinin genişləndirilməsinə və yeni qəbiristanlığın salınmasına dair torpaq qanunvericiliyinə uyğun olaraq təkliflər verir.
Lakin redaksiyamıza ünvanlanan müraciətdən bəlli olur ki, sözügedən ünvanda su altında qalmış qəbiristanlğın qorunması, saxlanılması, abadlaşdırılması, yaxud köçürülməsi ilə bağlı heç bir addım atılmayıb. Əslində isə, cavabdeh qurumlar ən azından qəbiristanlıq ətrafında sanitariya mühafizə zonası yarada, səth sularının (yağış, qar və s.) maneəsiz axıdılmasını təmin edə bilərdi. Çox təəssüf ki, yerli özünüidarə orqanı olan, sakinlərin sosial-məişət şəraitini yaxşılaşdırmağa məsul olan bələdiyyələr qanunvericiliklə üzərlərinə düşən vəzifələrin icrasında belə məsuliyyətsizlik nümayiş etdirirlər. 

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31