Bakının taksi sürücüləri rüşvət verməkdən bezib - PROBLEM
Qanunsuz rüsumlar və əsassız cərimələr sürücüləri boğaza yığıb
25 Sentyabr 2013 15:11 ProblemÖlkənin nəqliyyat sektorundakı bəzi nöqsanlar barədə faktlar bitib tükənmək bilmir. Marşrut xətlərindəki özbaşınalıqlar, Nəqliyyat Nazirliyinin nəqliyyat müfəttişlərinin Bakıdakı sürücülərə divan tutması, sürücülərdən heç bir əsas olmadan rüşvət alınması və sair. Bunlardan biri də taksi sürücülərinə qarşı edilən haqsızlıqlardır.
Taksilərin fərqlənməsi 18 manatdır, yoxsa 56 manat?
Bu barədə redaksiyamıza taksi sürücüləri müraciət edib. Sürücülərin dediyinə görə, Nəqliyyat Nazirliyi taksi xidməti göstərən şəxslərdən əməlli-başlı rüşvət alır. Taksi sürücüləri deyir ki, artıq iş o həddə çatıb ki, onlar aylıq qazanclarını elə nazirlik işçilərinə ödəyirlər: "Biabırçı vəziyyət yaranıb. Taksi xidmətinə görə lisenziya, fərqlənmə nişanları iki-üç dəfə baha qiymətə satılır. Heç kim də buna etiraz edə bilmir. Etiraz edən sürücüyə taksi xidməti göstərməyə icazə verilmir. Məsələn, götürək Nəqliyyat Nazirliyinin taksilərə tətbiq etdiyi fərqlənmə nişanını. Bu sənəd hər ay dəyişdirilir. Sənədin 1 aylıq qiyməti 18 manatdır. Yəni, dövlət rüsumu. Amma, departament işçiləri həmin sənədi bizə 56 manata satırlar. Amma, bizə verilən qəbzdə ödəniş 18 manat göstərilir. Qalan pullar hara gedir bilinmir". Sürücülər deyir ki, bununla bağlı onlar dəfələrlə Nəqliyyat Nazirliyinə və Nəqliyyat Departamentinə müraciət ediblər. Amma, faydası olmayıb. Əksinə, bu müraciətdən sonra taksi sürücülərinə qarşı təzyiqlər başlanıb: "Nəqliyyat Nazirliyi buna heç bir münasibət bildirməyib, nəinki tədbir görmək. Dəfələrlə müraciətlərimiz cavabsız qalıb. Nəqliyyat Departamenti isə bizimlə prinsip aparıb. Belə bir şikayət edən kimi, nəqliyyat müfəttişləri bizi gözümçıxdıya salır. Gah dayanacaqlardan kənarda dayanmağa imkan vermir, gah səbəbsiz cərimələır yazır. Biz başa düşə bilmirik, taksi avtobus deyil ki, yalnız dayanacaqda saxlaya. Taksi səyyar xidmət göstərməlidir. Amma, departament əməkdaşları bizi bu cür şərləməklə məcburi rüşvət alırlar. Pulu istədikləri qədər verməyən kimi, cərimələr yazıb maşınlarımızı alırlar. Bu da sonra daha artıq xərcimizin çıxmasına səbəb olub. Çarəsiz qalıb susmuşuq ki, qanunsuz cərimələr yazdırmayaq".
31 manatlıq lisenziya 110 manata
Sürücülər deyir ki, onlar Nəqliyyat Departamentindən təkcə fərqlənmə nişanı almaqla kifayətlənmir. Bundan başqa da, problemləri var. Daha doğrusu digər rüşvətlər də var: "Fərqlənmə nişanından əlavə aylıq lisenziya da alırıq. Bu lisenziya əslində Nəqliyyat Nazirliyindən verilməlidir. Lakin, həmin sənəd Nəqliyyat Nazirliyində hazırlanandan sonra Nəqliyyat Departamentinə göndərilir. Burada hər sürücüdən lisenziyanın da qiymətindən 2-3 dəfə artıq rüşvət alınır. Ayda 110 manat da həmin lisenziyaya veririrk. Amma, eşitdiyimizə görə, bu sənədin qiyməti 31 manatdır. Departament isə bunun üçün bizə heç qəbz də vermir ki, sənədin qiymətini bilək . Qalmışıq belə, bilmirik, nə edək,dərdimizi kimə deyək".
Sürücülər deyirlər ki, məsələ ilə bağlı dəfələrlə etiraz aksiyaları da keçiriblər. Amma, heç bir faydası olmayıb. Əksinə, aksiyada iştirak edən sürücülərdən bir neçəsi saxlanılıb, onlardan izahatlar alınıb buraxılıb. İkinci dəfə isə həmin sürücülər heç bir aksiyaya getməyiblər.
Bəli, bu gün nəqliyyat sistemindəki bu cür özbaşınalıqlar onlarladır. Sürücülcər qanunsuz təqib edilir, taksilərə əlavə haqq tətbiq olunur, qanunsuz rüsumlar alınır, sürücülərdən rüşvət tələb edilir və sair. Bu məsələdən Nəqliyyat Nazirliyinin rəhbərliyinin də birbaşa məlumatı var və prosesin nə yerdə olduğu bəllidir. Amma, nədənsə bu özbaşınalıqlara son qoyulmur ki, qoyulmur. Sahibkarlara marşrut xətlərinin açılması üçün əlavə məbləğlər tətbiq edilməsi, onlardan külli miqdarda rüşvət alınması, intensiv sərnişin sıxlığı yaranan marşrut xətlərinin baha qiymətə satılması və ya həmin xəttin sahibkardan zorla alınaraq öz tabeçiliyində olan şirkətlərə verilməsi, nəqliyyat sektorunun gəlirlərinin bir əldə cəmləşdirilməsi və sair faktlar, taksi sürücülərinə qarşı amansızlıq nümayiş olunması, xüsusi taksilərin sıxışdırılaraq fəaliyyətinə qadağa qoyulma və digər onlarla fakt bu gün bu sistemin inkişafına deyil, iflic olmasına aparır.
Samir