Marşrut avtobuslarındakı qəzalar, gündəlik itirilən insan həyatları - AKTUAL

Bakıda marşrut sahibkarları terrorçu, avtobuslar isə tabutu xatırladır

Son günlər ölkədə, xüsusən Bakı və Bakıətrafı ərazilərdə avtobus qəzalarının sayı durmadan artır. Hər gün onlarla sərnişinin həyatı təhlükə qarşısında qalır. Baş verən bu cür qəzalarda onlarla insan ya həyatını itirir, ya da sağlamlığını. Aidiyyəti dövlət qurumları isə bu barədə düşünmək belə istəmir. Hər gün onlarla insanın həyatının təhlükədə olması bu sahəyə cavabdeh olan şəxsləri sözün əsl mənasında maraqlandırmır.
Bu cür hadisələr son vaxtlar Bakıda həddindən artıq çox olur. Demək olar ki, az qala günaşırı, həftədə bir dəfə bu cür hadisə baş verir. Avtobus piyadanı vurub öldürdü, avtobus qatarla toqquşdu, avtobus qəza törətdi, ölən var və sair.
Bakıda baş verən bu cür qəzaların səbəbləri müxtəlifdir. Demək olar ki, bu qəzaların baş vermə səbəblərindən biri də bu sahəyə birbaşa cavabdeh olan şəxslərin səriştəsizliyidir. Bəli, bunu mən tam məsuliyyətlə deyirəm. Səbəbini də açıqlayacam. Bu gün Bakıda marşrutlarda baş verən yol qəzasının səbəbi tam araşdırılmır. Hadisə baş verəndən sonra yol polisi yalnız sürücünü cərimələyir, cəzalandırır və bununla da hər şey bitir. Daha yol qəzasına səbəb nədir, hadisəyə günahkar olan sürücü hansı halda təlimatlandırılıb, hansı şəraitdə qəza törədib və sair vacib məsələlər araşdırılmır. Bu da sonda bu sahədə cəzasızlıq mühiti yaradır. Bu mühit də marşrut xəttinə cavabdeh olanları məsuliyyətdən yayınmağa sövq edir. Bəli bu konkret belədir. Azərbaycanda, xüsusən də Bakıda marşrut xəttində avtobuslara təyin edilən sürücülərin təcrübəsinə nəzarət edilmir. Bu gün bu sahədə çox acınacaqlı vəziyyət yaranıb.

Sürücülük hüququ olmayan qatil sürücülər

Bu gün Bakıda marşrut xəttində sürücü işləyənlərin əksəriyyətinin sürücülük hüququ yoxdur. Bu bir faktdır və bu fakt Dövlət Yol Polisinin yadına düşəndən-düşənə keçirdiyi reydlər zamanı təsdiqlənir. Bakı şəhər Dövlət Yol Polisinin şəhərdə keçirdiyi reydlər zamanı onlarla sürücünün sürücülük vəsiqəsinin olmaması faktları aşkarlanır, həmin vaxt marşrutlardakı bu cür sürücülər xətdən uzaqlaşdırılır. Amma, səhəri gün yenə də eyni sürücü, eyni vəziyyət.

29 saylı marşrut sürücüsü: "Polisə lazımdı mənim çörəyimə dəysin?"

Bu cür faktlardan biri ilə mən özüm də rastlaşmışam. Yol Polisinin keçirdiyi reyd zamanı 29 saylı xətt marşrutunda işləyən avtobusda idim. Avtobus reydə düşdü və araşdırmalar zamanı məlum oldu ki, sürücünün sürücülük vəsiqəsi yoxdur. Yol polisi həmin sürücünü və sərnişinləri avtobusdan düşürüb avtobusu cərimə meydançasına apardı. Hadisədən 1 gün sonra, təsadüfən həmin marşrutda sürücülük hüququ olmayan həmin şəxslə rastlaşanda dəhşətə gəldim. Həmin şəxs yenə də avtobusu idarə edirdi. Yenə də sürücülük vəsiqəsi olmadığı halda. Bu barədə soruşanda isə sürücü çox qəribə bir cavab verdi: "Əşşi, ayda bir dəfə olur elə şeylər. Yol polisidi də, yoxladı, sabah yenə həmin vəziyyətdir. Ona lazımdı mənim çörəyimə dəyməık, o da çörəyə çıxıb bura. Sadəcə məcbur edirlər ki, reyd keçir, o da keçirir". Sürücünün cavabı doğrudan da məni dəhşətə gətirdi. Məlum oldu ki, həqiqətən də yol polisləri bu reydləri "gözdən pərdə asmaq" üçün edirlər. Sonradan müəyyən maraqlarına görə, bu cür hallara yenidən göz yumurlar. Bax elə baş verən yol qəzalarına səbəblərdən biri də yol polislərinin bu əməlləridir.
 

Formal reyd və ya sürücü ilə yol polisi oyun oynayır

Yol polisinin bu hərəkətlərindən istifadə edən sahibkarlar, marşrut xəttinin sahibləri də bu cür özbaşınalıqlara əl atırlar. Nəticə odur ki, həmin gün sürücülükdən uzaqlaşdırılan bu şəxslər xəttə buraxılmır. Sahibkar həmin şəxsləri müvəqqəti olaraq evlərinə göndərsə də, səhəri gün, yəni reydlər başa çatandan sonra yenə həmin şəxslər sahibkar tərəfindən sürücülüyə qaytarılır. Gəlirini, biznesini artırmağı düşünən sahibkar ucuz işçi qüvvəsi üçün həmin şəxslərdən istifadə edir. Gündəlik çörəkpulu üçün asan iş tapan həmin şəxs də təcrübəli sürücüdən ucuz maaşa razılaşır və avtobusu idarə edir. Son nəticədə də avtobusda sükandan başqa heç nə tanımayan bu cür şəxslər avtobus sürücüsü kimi məsuliyyətli işə baş aparır, bu peşəyə məsuliyyətsiz yanaşır. Bunun nəticəsi isə yollarda qəzalar, insan ölümü, ağır xəsarətlər kimi bədbəxtliklə nəticələnir. Amma, nə sahibkar, nə də avtobus sürücüsü bunu dərk etmir. Onlar dərk etmirlər ki, təcrübəsiz bir şəxsin hərəkəti, sahibkarın biznes nəfsi onlarla insanın həyatı bahasına başa gəlir.

Yol qəzalarının hansında sahibkar məsuliyyətə cəlb edilib?

Bu gün Azərbaycanda baş verən avtobus qəzalarının ən ağır formasında belə bir nəfər də olsun marşrut sahibi cəzalandırılmayıb. Niyə? Hadisə baş verənə qədər bu barədə heç kim fikirləşmir, amma hadisə olandan sonra hamı sürücünü günahlandırır, vəssalam. Hadisədən sonra muzdlu işçi olan sürücü cəzalandırılır, sahibkar isə digər təcrübəsiz sürücünü onun yerinə təyin edir. Hüquq mühafizə orqanları da ki, Azərbaycanda yalnız hadisəni törədən şəxsi yaxalayır. Hadisənin törənməsinə səbəb olan amillər isə araşdırılmır və tapılmır. Ona görə də, Bakıda yol qəzalarının sayı azalmaqdansa, artır.

3 manata "sağlam" adı alan sürücülər insan həyatı ilə oynayır

Marşrutlardakı özbaşınalıqlardan biri də sürücülərin müayinədən keçirilməməsidir. Sürücülər vaxtında müayinədən keçmədikləri üçün onların sağlam olub-olmaması da məlum deyil. Amma qanunvericiliyə görə, xətt marşrutunda sürücü işləyən şəxs hər gün marşruta çıxmazdan əvvəl aidiyyəti tibb məntəqəsində yoxlanmalı, tibbi müayinədən keçməli, tam sağlam və sürücülüyə yararlı olması barədə arayış alıb sahibkara təqdim etməlidir. Yalnız belə halda sahibkar həmin şəxsin marşruta çıxmasına icazə verməlidir. Amma, bu gün bu yoxlanış aylarla, bəlkə də illərlə aparılmır. Sürücülər hər gün səhər marşruta çıxmazdan əvvəl, aidiyyəti tibb məntəqəsinin həkim nümayəndəsi marşrutun qarajına gəlir, sürücülərin adına yazılmış saxta arayışları sahibkara satır. Hər sürücünün sağlamlıq haqqında arayışı 3 manatdır. Həmin 3 manatlıq arayış da sürücünün guya tibbi müayinədən keçirilməsi məsələsinin qapanmasına səbəb olur. Yəni, kağız üzərində yazılır ki, guya filan avtobusun sürücüsü tam müayinə edilib və sağlamdır. Əslində isə heç bir sürücü yoxlanışdan keçmir.
Bəli, bu cür hallar Bakıda avtobus qəzalarının baş verməsinə səbəb olur. Sahibkar sərnişin təhlükəsizliyi əvəzinə maddi maraqlarını güdür, müəyyən yollarla yol polisləri və prosesə cavabdeh olan şəxsləri yola gətirir və pul qazanır. Nəticədə də sahibkar nəfsi, məmur məsuliyyətsizliyi faciələrlə nəticələnir. Hələ yuxarı orqanlar bu problemin hələki barədə düşünmür. Amma nə vaxta qədər bilinmir.

Samir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31