Yalançı endirimlər - AKTUAL
Kimi aldadırsan ay zalımoğlu?
4 İyul 2013 14:12 ProblemBu gün müştərilərə təqdim olunan geyimlərin böyük əksəriyyətinin tərkibi, keyfiyyəti bizim üçün qaranlıq qalır. Bir çox mağazalarda aşağı endirimlərin təşkil olunması bir növ deyilənləri təsdiqləyir. Görəsən 5-10 manata olan geyimdən danışarkən hansı keyfiyyətdən söz açmaq olar? Kimisi mağazaların yalançı endirim təşkil etməsindən, kimisi bu cür ucuz geyimlərin keyfiyyətsiz olmasından şikayətlənir, kimisi isə kasıb olduğu üçün belə geyimlər almağa məcbur olduğunu deyir. Bu istiqamətdə araşdırma aparmaq üçün "Neftçilər" metrostansiyasının çıxışında yerləşən mağazalara daxil olduq. İlk öncə mağazalardan birinin önündə "Xalat 5 AZN, kalkotka 1 AZN, uşaq geyimləri 1 AZN" başlıqlı reklam mətni diqqətimizi çəkdi. Mağazaya yaxınlaşaraq satıcıdan bu cür geyimlərə olan tələbat, onların keyfiyyəti haqda məlumat almaq istədik. Əlimizdəki diktofonu görəndə adını açıqlamayan satıcı suallarımızı az-çox cavablandırdı. Satdığı bir manatlıq geyimlərin Türkiyədən gətirildiyini söyləyən satıcı qiymətlərin aşağı olmasını belə izah etdi: "Müdir belə qiymət qoyub. Niyəsini ancaq o bilir. Mənim işim satmaqdır". Bir manata olsa da satılan geyimlərin heç birinin ikinci əl geyim malları olmadığını deyən həmsöhbətimiz onların tərkibi haqda da məlumatsız olduğunu deyərək alıcılıq qabiliyyətinin də bir o qədər ürəkaçan olmadığından gileyləndi: "Tərkibi etiketində yazılıb. Mən bu işlərlə maraqlanmıram. Alıcılıq qabiliyyətinə gəldikdə isə deməzdim ki, müştərilərimiz çoxdur. Bir manatadır deyə, bəlkə də kimlərsə bu cür geyimləri almaqdan qorxur. Buna görə də alıcılıq qabiliyyəti o qədər də ürəkaçan deyil". Alıcı Sima və Səmaya xanım ucuz ətin ucuz şorbası olmadığını desə də belə geyimlərdən imtina etmədiklərini etiraf edib: "Gücümüz belə geyimlərə çatdığı üçün alırıq. Niyə də almayaq?". Keyfiyyətsiz geyimlərin sağlamlıq üçün müəyyən problem yaradacağı haqda düşünməyən həmsöhbətlərimiz geyimə pul xərcləmədiyi üçün həkimə getməyəcəyindən də sığortalanmayıb. Dünyanın gedişatından baş çıxara bilmədiklərini deyən xanımlar səhhətləri haqda deyil, maddi qazancları haqda düşündüklərini söyləyir: "Bu dünyanın gedişatından heç kəsin başı çıxmır. İmkan nəyə çatırsa onu da alırıq". Təxminən 60-65 yaş arası olduğunu güman etdiyimiz ağsaqqal dayının fikirlərini öyrənmək üçün ona yaxınlaşdıq. Deyəsən o da digər həmsöhbətlərimiz kimi sağlamlığına biganə yanaşır. Belə olmasaydı "əşşi, mən nə bilirəm geyim nədir. Nə gəldi geyinirəm. Məndən niyə soruşursuz axı, gedin gənclərdən soruşun belə şeyləri. Onların hər şeydən başları yaxşı çıxır" deyə cavab verməzdi. Məşhur geyim firmalarının birinin önündə hay salıb müştəriləri mağazaya cəlb edən reklamçı bu cür endirimlərin aşağı olmasını fəsil dəyişkənliyi ilə izah edib: "Artıq fəsil dəyişib. Hər kəs ucuz, həm də keyfiyyətli mal almaq istəyir. Buna görə müxtəlif vaxlarda endirimlər təşkil edərək müştəri cəlb edirik".
Diqqətimizi çəkən mağazanın önündə "Hər şey 3-5-10 manat" reklam lövhəsini görərək içəri daxil olduq. Qiymətlərlə maraqlandıqda isə heç də hər geyimin reklam lövhəsində göstərilən qiymətə uyğun olmadığını öyrəndik. Alıcıları aldatmağa çalışan sahibkarların bu əməllərindən müştərilər də gileylənir. Elə alıcı Sahilə Kərimova kimi: "Bir çox dükanlarda yalançı endirimlər təşkil edilir. Məsələn, bu mağazanın önündə də geyimlərin 3-5-10 manat arası olması haqda reklam lövhəsi vurulub. İçəri daxil olarkən hər geyimin bu qiymətə olmadığını görürük. Dükanlar şişirdilmiş qiymətlərə 50-70 faizlik endirim təşkil edərək müştəri cəlb etmək istəyir. Bu cür endirimlərin yalançı olduğunu düşünürəm". Endirimlərin keyfiyyətsiz məhsullar üçün təşkil olunduğunu deyən Sahilə xanım təqdim olunan geyimlərdən bir o qədər də razı olmadığını söyləyib: "Bahalı geyimlərə endirimlər verilmir. Ancaq keyfiyyətsiz geyimlərə endirim təşkil edilir. Mən daha çox onun yaraşıb-yaraşmamasına diqqət yetirirəm. Bir də ki, isti aylar olduğu üçün nisbətən sərin saxlayan mallara üstünlük verirəm". Aldığı geyimlərin etiketləri ilə maraqlanmadığını deyən müştəri bunun səbəbini belə izah edib: "Bugünki dövrdə bütün geyimlərin etiketləri eynidir. Geyim alarkən etiketə fikir vermək mənim üçün önəm daşımır". "Nə alırsan al, 10 AZN" reklam lövhəsi ilə müştərilər cəlb edən məşhur firmalardan birinin dükanına daxil olduq. Qiymətlərin aşağı olmasına baxmayaraq alıcıların bir qisminin bundan narazı olduğunu müşahidə etdik. Azyaşlı övladları ilə geyim seçən Sevda xanım 10 AZN-ə olan malların qiymətindən gileylənməsinin səbəbini belə izah edib: "Məhsulun keyfiyyətinə görə təqdim olunan qiymət məni qane etmir. Belə geyimlər 10 manatdan da aşağı olmalıdır". Satıcı Zəhra Əliyeva isə müştərilərinin daha çox endirimlər təşkil edildikdə çox olduğunu deyir: "Endirim olduqda alıcılarımız çox olur. Elə-belə yox. Alıcılar daha çox aşağı qiymət olanda mağazalara can atır. Amma düşünürəm ki, qiymətlər bundan aşağı olmaz. Çünki çəkilən zəhmət bu zaman hədər getmiş olur. Bir çox alıcılarımız təqdim olunan qiymətlərdən razıdır".
"Altay" Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlı bazar iqtisadiyyatının insanların sağlamlığı kimi önəmli məsələləri arxada qoyduğunu deyir: "Bazar iqtisadiyyatı budur. Hər şeydə ilk növbədə və əsasən kommersiya marağı, gəlir güdülür. İctimai təhlükəsizlik, xalqın sağlamlığı və s. arxa plandadır.
Uzun illlərdir ki Azərbaycanda genişmiqyaslı endirim fırıldaqları aparılır. İstehlakçılar açıq şəkildə aldadılır. Müvafiq qurumlar demək olar ki, bu cür fırıldaqların qarşısını almaq üçün hər hansı tədbir görmür. Cəmi bir neçə mağaza cərimə olunub". 50-70 faizlik endirimlərin yalançı olduğunu iddia edən E.Bayramlı: "Bunlar yalançı endirimlərdir. Hamı sahibkarların öncə malın qiymətini yüksək göstərib sonradan alıcı cəlb etmək üçün endirim təşkil etdiklərini bilir. Endirimlər mövsümü olmalıdır. Bizdə isə ilboyu endirimdir. Bu gün 50 faizdən yuxarı olan endirimlərin də sayı artıb. Halbuki dünya praktikasında 30 faizdən artıq endirim real sayılmır. Bəzi ölkələrdə, məsələn Ruminiyada, Çexiyada 30 faizdən artıq endirim qadağandır. 70-80 faizlik endirim necə ola bilər? Deməli sən malı öz maya dəyərindən dəfələrlə baha satırmışsan, indiyədək istehlakçıları aldadırmışsan, indi də bu qədər endirim edirsən. 5 manatlıq geyimi 30 manata satmısan. İndi isə həmin sənaye məhsullarını alıcılara 10 manata təqdim edirsən.
Adətən xaricdə satılmayan, dəbdən düşmüş, maya dəyəri ucuzlaşmış mallara endirim təşkil olunur. Bizdə isə başqa cürdür. Azərbaycanda endirimlər fırıldaq formada təşkil edilir. İl boyu bütün mağazaların qarşısında "endirim" sözü yazılır. Görəsən bu sahibkarlar nə vaxt əsl qiymətə mal satacaqlar. İlboyu müştəriyə bu qiymətə təkliflər verəcəklərsə o zaman bunu endirim niyə adlandırırlar?" Endirim edilən mallar arasında saxta və keyfiyyətsiz geyimlərin üstünlük təşkil etdiyini deyən ekspert bu cür mallara zəmanət verilmədiyindən də gileylənir: "Endirim edilən geyimlər arasında saxta və keyfiyyətsiz məhsullar çoxluq təşkil edir. Bir çox dükanlar reklamlarda zəmanətin olduğunu söyləsələr də malları geri almırlar. Nəsə problem yarananda bütün günahları alıcıların üzərinə atırlar". Sahibkarların endirimlərdən çox qazanc əldə etdiyini deyən ekspert bunun səbəbini alıcıların da çox olması ilə izah edib: "Təbii ki sahibkarlar çox qazanır. Çünki qiymət aşağı olduqda alıcı da çox olur". Endirim təşkil edən mağazaların digər fırıldaqları haqda danışan E. Bayramlı bəzi sahibkarların yalandan mağazanın önündə "mağaza bağlandığı üçün qiymətlər aşağı endi" deyə reklam mətnləri yerlədirdiyini də deyir: "Bəzən mağazalar yalandan bağlandığı üçün qiymətləri aşağı endirdiyini deyir. Bir çox haallarda belə şüarlar yazan mağazaların bağlanmadığını müşahidə edirik. Bu da sahibkarların növbəti fırıldağıdır".
5 manatlıq Çin mallarının ölkəmizdə 30 manata satıldığını deyən ekspert sahibkarlar tərəfindən alıcıların dəfələrlə aldadıldığını müşahidə edib: "Bir çox mağazalar etiketləri dəyişərək firma malı kimi alıcıya təqdim edir. Azərbaycanda istehlakçıların hüquqları sahibkarlar tərəfindən hər gün milyon dəfə pozulur. Çünki bu mağazalar "Həsən ağa" və onun qohumlarınındır".
Psixoloq Dəyanət Rzayev sahibkarların 4.99, 5.99 kimi qiymətlər təqdim etməklə alıcılara şüuraltı təsir etməklə yüksək gəlir əldə etdiklərini söyləyir: "Mən sizə desəm ki, bu geyimin qiyməti yüz manatdır, o sizə baha görsənəcək. Amma desəm ki, 99 manatdır istər-istəməz sizə elə də baha görsənməyəcək. Insanlar nəsə alarkən real qiymətlərə deyil, rəqəmlərə baxır. Rəqəmlər insanlara şüuraltı təsir etdiyi üçün satıcılar da qiymətləri buna uyğun tənzimləyir". Dəyanət Rzayev də bir alıcı kimi xidmətlərin aşağı, endirimlərin isə yalançı olmasından gileylənir: "Bizdə xidmətlər sıfır da yox, mənfi yüz dərəcədədir. Bu gün "maşennik"lər, dələduzlar mağaza açıb "alınan mallar geri qaytarılmır" deyə reklam qoyur. O, mala zəmanət verməkdənsə alınan malların geri qaytarılmadığını deyir. Belə mağazalardan mal almaq da olmaz. Sabah deyəcək ki, malı geri almıram. Hamının başı çörək pulu qazanmağa qarışıb. Heç kəs heç kəsin vecinə deyil. Belə satıcılar heç bir təlim keçməyən, savadsız, tərbiyəsiz, ata-anasından küsmüş cinayətkar, quldur gənclərdir. Endirimlərin 70 faizi yalançıdır. Endirimli qiymətlə endirimsiz qiymət arasında fərq yoxdur. Bizim satcılarda yalançılıq, fırıldaqçılıq olduğu üçün geyimlərimizi xaricdən alırıq. Məsələn, mağazaya girəndə ilk öncə heç bəyənmədiyim bir geyimi soruşuram deyir 100 manat, daha sonra pisdən yaxşıya bəyəndiyim köynəkləri soruşduqda 50, 40, 20 daha sonra 10 manat deyir".
Nigar Məhərrəm
P.S. Növbəti mövzu geyimlərə zəmanət verilib-verilməməsi ilə əlaqədar olacaq.