Serial çəkilişində heç bir irəliləyiş yoxdur

Urvatsız şou proqramlar, bərbad gündə olan seriallar cəmiyyəti qaranlıq düşüncələrə qərq edir

Vaxtılə Azərbaycanda film istehsalı sahəsində uğurlu təcrübə olub. Hələ sovet dövründə çəkilən kinofilmlərə nəzər salanda görürük  kino üçün lazım olan bütün parametrlərə diqqət yetirilib. Peşəkar  aktyor  seçimi, ürəyə yol tapan musiqilər hamısı öz yerində əks olunaraq tamaşaçının rəğbətini qazanıb. Təbii ki, o dövrün  sərt qadağaları və digər məqamlar filmlərin ssenarisinin çərçivəyə uyğun yazılmasına gətib çıxarırdı. Bəs, bu gün rəğbət doğuracaq, dünyaya səs salacaq filmlərimiz niyə yoxdur?  Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib ki, 90-cı illərdən sonra bir sıra şəxslər qeyd edirdilər ki,  maliyyə olmadığına görə, kino sənayemiz çöküb. Həqiqətən  kinonun inkişafı üçün pul vacibdir. Nəinki kinonun həmçinin elmində, təhsilində, medianında və digər sahələrin inkişafında maliyyə zəruridir: "Ancaq etiraf etmək lazımdır ki,  bu gün  filmlərin çəkilməsi üçün vəsaitlər az  deyil. Dövlət tərəfindən  film çəkilişinə vəsait mütəmadi olaraq ayrılır. Bundan əlavə  serialların nümayişi zamanı  kifayət qədər reklam roliklərinə rast gəlmək olar. Bəs,  vəsaitlərin  ayrılmasından sonrakı dövrdə   niyə uğurlu seriallara rast gəlmirik? Mən maraq üçün son dovlər  çəkilən  seriallara bir qədər nəzər saldım. Demək olar ki, yaradıcı heyətlər filmin yaxşı alınmasına cəhd göstərir.  Ədalət naminə qeyd etməliyik  aktyordan  tələb olunan nə varsa onu edirlər. Ancaq  serial çəkilişində  heç bir irəliləyiş yoxdur. Bəs,  bunun  səbəbi nədir?  Məncə burada ən ciddi problemlərdən biri ssenarilərdədir. Təbii ki, digər ciddi səbəblər var. Zəif, cəsarətsiz,  bayağı ssenari əsasında çəkilən seriallara  yalnız bir dəfə,  çətinliklə baxmaq olur. Tamaşaçının başını belə zəif məhsullarla  müəyyən bir dövr qatmaq mümkündür.. Lakin tamaşaçını heyrətləndirmək, sözün yaxşı mənasında auditoriyanı  əyləndirərək maarifləndirmək üçün ortaya  sanballı film qoymaq lazımdır. Əlqərəz, kino sənayesində və xüsusilə, serial çəkilişində problemin kökü, mahiyyəti, törədəcəyi fəsadlar çoxlarımıza aydındır. Qaranlıq isə yazılmamış qanunlarla tənzimlənən dəyərlərin itməsi təhlükəsidir. Azərbaycanın kino sənayesinə, ssenarilərin yazılışına münasibət dəyişməlidir. Qeyri peşəkar, cəsarətsiz, zəif ssenarilərdən qurtulmaq üçün  daha çox müsabiqələr elan olunmalıdır. Dostbazlığa, yerlibazlığa son qoymaq lazımdır. Bəlkə papaq altında elə oğlanlar var ki,  sanballı  ssenarilər ortalığa qoyacaq. Burada yalnız peşəkarlığa önəm verilməlidir. Əks təqdirdə telekanalları zəbt edən  bayağı ssenarilərdən qurtula bilməyəcəyik".

Onun sözlərinə görə, kino sahəsinin yalnız dövlət büdcəsi hesabına inkişafı qeyri mümkündür: "Dövlət yalnız inkişafa təkan verə bilər, müxtəlif formada yardımlar göstərər.  Bu sahənin rentabelli işləməsi üçün kinonun da iqtisadiyyatı formalaşmalıdır. Azərbaycan çərçivəsində kinofilmlər çəkib ciddi gəlir götürmək real görünmür. Əgər istehsal olunan filmlərin xaricdə satış bazarı möhkəmlənərsə, şübhəsiz, kino iqtisadiyyatı formalaşar. Nəhayət hər əli qələm tutan, hər yazıçı  ssenari yaza bilməz.  Bədii əsərdə, xüsusilə, romanlarda müəllif uzun-uzadı fikirlər yazar, öz real və qeyri real obraz  yaradar. Ancaq kino ssenarilərində müasir tamaşaçınının gözündən heç bir məqam yayınmır. Telekanallardakı urvatsız şou proqramlar, nümayiş olunan bərbad gündə olan seriallar cəmiyyəti qaranlıq düşüncələrə qərq edir. Bu milli dəyərlərin itməsi təhlükəsidir. Ona görə, bir çox məsələlər, istər film çəkilişində, istərsə də digər idarəetmə strukturlarında işıqlı insanlara güvənib, bu və digər işləri onlara həvalə etmək lazımdır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31