Tezbazar yemək, yoxsa tezbazar ölmək?
Eyyub Hüseynov: “Dönərlərin 70 faizi həkim yoxlamasından keçmir”
19 İyun 2013 18:30 ProblemÖlkədə "tezbazar"yemək kimi tanınan dönərlərin tərkibi, onlardan zəhərlənmə hallarının olması barədə dəfələrlə açıqlamalar verilib. Dönərxanaların antisanitar şəraitdə çalışması, mənşəyi məlum olmayan ətin həmin obyektlərə verilməsi, yeməyin təhlükəli şəraitdə hazırlanması və sair. Bununla bağlı aidiyyəti qurumlar bir neçə qərar da veriblər. Amma, bu gün Azərbaycanda, xüsusən də paytaxt Bakıda və Bakıətrafı ərazilərdə satılan dönərlər bir müddət nəzarətə götürülsə də, problem həllini tapmayıb. Qadağan olunan ərazilərdə dönərlərin satılması, standartlara cavab verməyən aparatlarla hazırlanması halları davam etməkdədir. Nəzərə alsaq ki, yay aylarında zəhərlənmə halları daha çox olur, bu aylarda dönərxanalara daha ciddi nəzarət olunmalıdır. Amma, təəssüflər olsun ki, bu gün bu nəzarət yaddan çıxıb.
Azad İstehlakçılar Birliyinin sədri, tanınmış ekspert Eyyub Hüseynov da bu acınacaqlı vəziyyətdən narahatdır.
Natəmiz şəraitdə dönər əti paylayan şirkətlər
Eyyub Hüseynov Azərbaycan dönərxanalarında vəziyyətin həddindən artıq biabırçı olduğunu, bu sahədə qəbul olunan qanunların işləmədiyini deyir. Onun sözlərinə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dönərin standartlarını hazırlayıb. Standart AZS 103-2003 adlanır. Bu standartlara görə Azərbaycan bazarında fəaliyyət göstərən dönərxanalar hazırlanmış dönəri gətirib bişirib satmalıdır. Bu sənəddə dönərin növləri də göstərilib. Standartlara görə, dönərlər qoyun və mal ətindən, qoyun, mal və dana ətinin qarışığından, toyuq ətindən , hind toyuğunun ətindən, toyuq və hind toyuğunun qarışığından hazırlanmalıdır. Burda dönərin hazırlanmasından saxlanmasına qədər hamısı nəzərdə tutulub. Bu standartlar hazır olandan sonra dönərləri natəmiz şəraitdə saxlayan, daşıyan, dönərləri öz avtomobillərində natəmiz şəraitdə gətirən müəssisələr peyda oldu. "Eldo" və "Çudo Peçka" kimi tanınmış müəssisələr dönərləri bu cür hazırlayır".
Bakıdakı dönərlərin 70 faizi toyuq ətindən hazırlanır
Eyyub Hüseynov bildirir ki, Azad İstehlakçılar Birliyi bazarda vəziyyəti öyrənmək üçün sorğu keçirib. Məlum olub ki, Səhiyyə Nazirliyi 2005-ci ildən Azərbaycanda toyuqdan dönərin hazırlanmasına qadağa qoyub. Dövlətin bir qurumu toyuqdan dönər hazırlanması haqqında standart hazırlayır, Səhiyyə Nazirliyi isə toyuqdan dönər hazırlanmasını qadağan edir. Əslində toyuq ətinin mənşəyi məlumdur. Bu toyuq dönərində deyil, digər ətlərdən hazırlanan dönərlərdə problem ola bilər. Azad İstehlakçılar Birliyinin apardığı tədqiqat nəticəsində məlum olub ki, hazırda 60 faizdən çox, 70 faizə qədər toyuq ətindən dönər bişirilir. Hansı ki, Səhiyyə Nazirliyi bu ətdən dönər hazırlanmasını qadağan edib. Bizim sorğularımızın nəticəsinə görə, dönərxanaların 80 faizi dönərləri standartlara uyğun hazırlamır. Bundan başqa, sorğunun nəticəsinə görə, dönərxanaların 60 faizinin gigiyenik sertifikatı da yoxdur. Sorğunun nəticəsinə görə, dönərxanaların 80 faizində Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sertifikatı olmadan fəaliyyət göstərir. Dönərxanaların 40 faizi isə ümumiyyətlə dönərin standartının olmasından xəbərsizdi, 70 faizi isə dönərlərin həkim yoxlamasından keçirilmədiyini deyir. Hətta həkim yoxlanışından keçdiyini iddia edənlərin isə 60 faizinin ümumiyyətlə həkimdən yoxlamadan keçməsi haqqında sənədi yoxdur".
"Çudo Peçka"nın dönərxanalara payladığı ətin mənşəyi məlum deyil
Eyyub Hüseynov deyir ki, əslində dönərlər hazırlanmış halda dönərxanalara gətirilməli, orada bişirilib satışa çıxarılmalıdır. Amma bu gün bişirilən dönərlərin 80 faizi standartlara uyğun deyil və qadağan olunan quş ətindən hazırlanır. Hazırda Azad İstehlakçılar Birliyi dönərxanalara ət paylayan müəssisələrlə bağlı araşdırmalar aparır ki, görək həmin müəssisələrin fermer təsərrüfatları varmı və bu müəssisələr dönərxanalara payladıqları ətli haradan əldə edirlər. Məsələn, "Eldo" şirkəti Gəncə şəhərində yerləşir və Bakı bazarlarında da bu işi görmək istəyirlər. Bizdə olan məlumata görə, "Eldo" şirkətinin fermer təsərrüfatı var. Lakin biz hələ bunu görməmişik və şirkətin həmin fermer təsərrüfatından səmərəli istifadə edib-etmədiyini bilmirik . Hazırdav bizdə məlumatlar var ki, bu şirkət həmin ətə Hindistandan gətirilən ətləri də qarışdırır. Bu məlumat hələlik dəqiqləşdirilir".
Eyyub Hüseynov bildirir ki, Azərbaycanda çox məhşur olan "Çudo Peçka" şirkətinin isə heç bir fermer təsərrüfatı yoxdur və bu şirkətin haradan ət gətirdiyi, necə ət gətirdiyi məlum deyil: "Bu şirkətlə bağlı araşdırma aparmışıq. Məlum olub ki, "Çudo Peçka"nın heç bir fermer təsərrüfatı yoxdur. Belə bir halda bu şirkət əti haradan və necə alır? Hazırda bununla bağlı araşdırmalarımız davam edir".
Azərbaycanda qazla bişirilən təhlükəli dönərlər var
AİB sədri deyir ki, hazırda Azərbaycanda 15 minə yaxın dönərxana fəaliyyət göstərir. Bu sahə ən rentabelli biznes sahəsidir. Burada əsas məsələ yalnız qadağan olunmuş və mənşəyi məlum olmayan ətdən hazırlanan dönərlərin satılması deyil: "Bu həmçinin də "cəld yeməklər" siyahısına daxildir . Burada əhaliyə verilən bişmiş və bişməmiş dönərlərlə birlikdə olan salatların təhlükəsizliyi önə çəkilməlidir. Digər bir məsələ dönərxanalardakı işçilərin sanitar qaydalara cavab verməsi, onların xəstə olub-olmamasının yoxlanılmasıdır. Bundan başqa dönərin istehlakçıya lazımı qaydada, standartlara uyğun miqdarda verilməsi məsələsidir. Ən ciddi məsələ isə bu gün dönərlərin standartlara zidd olaraq qazla bişirilməsi məsələsidir. Dönərlər yalnız elektrik sobaları ilə bişirilməlidir".
Eyyub Hüseynov deyir ki, dönərlər bir çox Avropa ölkələrində oturaq yeməkdir: "Yəni dönərxanalara gedirsən, onu qabda gətirirlər, oturub yeyirsən. Amma, Azərbaycanda elə deyil. Biz hazırda standartlara uyğun olmayan dönərləri təhılükəli hesab edirik. Sorğudan da göründüyü kimi, Azərbaycanda hazırlanan dönərlərin 80 faizi standartlara cavab vermir və mənşəyi məlum olmayan ətlərdən hazırlanır. Təəssüflər olsun ki, hökumətin bununla bağlı qəbul etdiyi qərarların, standartların tətbiqinə işraçı dövlət qurumları tərəfindən düzgün nəzarət edilmir".
Samir Əli