Hər il təqribən 1.3 milyon insan yol qəzasında həlak olur - ARAŞDIRMA

İnkişaf etmiş ölkələrdə daha yaşlı piyadalar, az və orta gəlir səviyyəsinə malik ölkələrdə isə uşaqlar və gənclər riskə məruz qalırlar

Son aylar ölkədə avtomobil qəzalarının sayında artım müşahidə olunur. Bununla paralel olaraq avtoqəzalarda dünyasını dəyişən insanların da sayı artmaqdadır. Avtoqəzaların baş verməsi müxtəlif səbəblərlə izah olunsa da belə hallar daha çox səhlənkarlıq və yaхud məsuliyyətsizliyin nəticəsi kimi dəyərləndirilir. Məsələn, sürücülərin sərхoş vəziyyətdə avtomobili idarə etməsi potensial təhlükə mənbəyi hesab olunur. Sürücülərin yol hərəkəti qaydalarına ciddi riayət etmələri mühüm şərtdir və bu, əks təqdirdə müxtəlif hadisələrə gətirib çıxarır. Onların səhlənkarlığı və məsuliyyətsizliyi üzündən avtoqəzaların sayının artması bir çox insanların dünyasını dəyişməsi ilə nəticələnir. Avtomobildən mənzil başına tez yetişmək üçün deyil, bəziləri sadəcə həvəskar olaraq istifadə edirlər ki, bu da sürət həddini aşma ilə müşahidə olunur. Hətta mobil telefonla danışan, yüksək səslə musiqi dinləyən və əcaib siqnal sədaları ilə sükan arxasında əyləşən "sürücülər" də var. Çoх təəssüf ki, inzibati tədbirlərin gücləndirilməsinə baхmayaraq belə halların qarşısını almaq müşkül məsələyə çevrilib.Statistik məlumata görə, Azərbaycanda hər il təxminən mindən artıq vətəndaş avtoqəzalar nəticəsində dünyasını dəyişir. Ölkə ərazisində baş verən avtoqəzaların yarıdan çoхu paytaхt Bakının payına düşür. 2012-ci ilin analoji dövrü ilə müqayisədə bu ilin ilk 3 ayında Bakıda törədilmiş yol-nəqliyyat hadisələrinin, eləcə də ölən və xəsarət alanların sayı artıb. Statistik məlumata görə, bu il yanvarın 1-dən mart ayının 30-dək 251 yol-nəqliyyat hadisəsi baş verib. Hadisələr nəticəsində 75 nəfər ölüb, 272 nəfər isə xəsarət alıb. Hadisələrin törədilməsinə əsasən sürət həddinin aşılması (49%), piyadaların vurulması (51%), ötmə-manevretmə qaydalarının pozulması (27 %), yol ayrıclarını keçmə qaydalarının pozulması (18%) və digər qayda pozuntuları səbəb olub. Yol-nəqliyyat hadisələri paytaxtın əsasən Heydər Əliyev, Nobel, Tbilisi, Babək prospektləri və digər ərazilərində qeydə alınıb. Qeyd edək ki, 2012-ci ilin analoji dövründə 217 yol-nəqliyyat hadisəsi baş vermişdi. Həmin hadisələr zamanı 48 nəfər ölmuş, 234 nəfər xəsarət almışdı.

 Hər il təxminən 250 min piyada yol qəzasında həlak olur

Qeyd edək ki, avtoqəzalar nəticəsində insanların dünyasını dəyişməsi təkcə Azərbaycanda deyil, bütün dünyada aktual məsələlərdən hesab olunur. Elə bu səbəbdən beynəlxalq təşkilatlar öz narahatçılıqlarını ifadə edirlər. Məlum olduğu kimi, BMT-nin təşəbbüsü ilə 6 may 2013 - Qlobal Yol Təhlükəsizliyi Həftəsinə start verilib. Bu münasibətlə qurumin Baş Katibi qeyd edib ki, hər il təqribən 1.3 milyon insan yol qəzasında həlak olur, 50 milyon insan müxtəlif xəsarətlər alır. Həlak olanların 250 mini piyadalardır. Bununla bağlı Qlobal Yol Təhlükəsizliyi Həftəsinin bu ilki mövzusu "Gəzməyi təhlükəsiz edək"-dir. Qarşıda duran məqsədlərdən biri yol hadisələrinin yarıdan çoxunda günahkar olan gənclər üçün maşın sürülməsini təhlükəsiz etməkdir. Belə ki, 15-29 yaş arasında ölənlərin əsas ölüm səbəbi məhz yol hadisələridir. Bu gün yollarda təqribən 1 milyard nəqliyyat vasitəsi hərəkət edir. 2030-cu ilə qədər bu rəqəm iki dəfə artacaq. Həyat üçün təhlükələrlə yanaşı, yol hadisələri fərdlər və cəmiyyətə iqtisadi zərbələr də vurur. 2011-ci ildən 2020-ci ilə qədər olan "Yol təhlükəsizliyi üçün hərəkat onilliyi" müxtəlif yol təhlükəsizliyi tədbirləri, o cümlədən qanunvericilik, davranışda dəyişikliklər, daha təhlükəsiz nəqliyyat vasitələri və infrastruktur dəyişikliklərinin dəstəklənməsini nəzərdə tutur: "Bununla belə, yol təhlükəsizliyinin ümumi məsuliyyət olmasını da xatırlatmaq önəmlidir. Mən ikinci Yol Təhlükəsizliyi Həftəsi ilə bağlı çoxsaylı yerli, ölkə səviyyəli və regional təşəbbüsləri dəstəkləyirəm. Birgə səylərlə biz dünya yollarını daha təhlükəsiz edə bilərik". Qeyd edək ki, BMT-nin İkinci Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi (6-12 may) "Hərəkətin Təhlükəsizliyini Qoruyun" şüarı altında işinə başlayıb. Təqribən 70 ölkədə qeydə alınmış hadisələri əsas tutaraq, həftə əsas diqqəti piyadaların ehtiyaclarına yönəltməyə; onların qorunması üçün tədbirlər planı işləyib hazırlamağa; və 5 milyon insan həyatını xilas etmək üçün Yol Hərəkəti Təhlükəsizliyi ilə bağlı Tədbirlərin Həyata Keçirilməsi Onilliyinin (2011-2020) məqsədinə nail olunmasında qüvvəsini əsirgəməməyə çalışacaq.

 ÜST hökumətlərə çağırış etdi

Ümümdünya Səhiyyə Təşkilatı da insanların həyatını xilas etmək üçün tədbirlər görməyə çağırır. ÜST-nın məlumatına görə, hər il yollardakı qəza nəticəsində 270000-dən çox piyada həyatını itirir ki, bu da ümumilikdə nəqliyyatın hərəkəti ilə bağlı 1,24 milyon ölüm hallarının 22 %-ini təşkil edir. Ümumdünya Səhiyyə Təşkilatı piyadaların təhlükəsizliyini gücləndirmək məqsədi ilə hökumətləri konkret tədbirlər görməyə çağırır. Qurum hesab edir ki, yollarda piyadaların qorunması üçün bir çox tədbirlər görülə bilər. ÜST və tərəfdaşları tərəfindən hazırlanan yeni buraxılmış "Piyadaların Təhlükəsizliyi: mütəxəssislər və sıravi şəxslər üçün yol hərəkətinin təhlükəsizliyi üzrə təlimat"da əsas diqqət kompleks icbari, texniki və maarifləndirici tədbirlərə yönəldilir ki, bura digərləri ilə yanaşı aşağıdakılar da daxildir: Sürətin azaldılması, idarəetmə zamanı alkoqolun qəbul edilməməsi və idarəetmə, mobil telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadənin məhdudlaşdırılması ilə bağlı yeni və mövcud qanunların qəbul edilməsi və gücləndirilməsi; Piyadaları digər nəqliyyatın hərəkətindən ayıran (səkilər, yüksəklikdə yerləşən piyada keçidləri, körpülər, yeraltı keçidlər, piyadalar üçün təhlükəsizlik adacığı və yüksəklikdə yerləşən ayırıcı zolaqlar), nəqliyyatın sürətini azaldan (nəqliyyatın hərəkət sürətini məhdudlaşdıran süni nahamarlıqlar, qoruyucu zolaqlar və yolu süni şəkildə daraldan vasitələr) və yolların işıqlandırılmasını gücləndirən infrastrukturun yaradılması; Nəqliyyatın giriş yolunu məhdudlaşdırmaqla şəhər mərkəzlərində piyada zonalarının yaradılması; İctimai nəqliyyatın marşrutunun mükəmməlləşdirilməsi; Piyadaların qorunması üçün avtomobillərin konstruksiyası ilə bağlı normaların işlənib hazırlanması və gücləndirilməsi, o cümlədən yumşaq ön detalların tətbiqi; Həyat üçün təhlükəli xəsarətlər almış şəxslərə təcili xidmət göstərilməsini təmin etmək üçün travmatoloji xidmət sistemlərinin təşkili və ya daha da gücləndirilməsi.

***

"BMT-nin İkinci Qlobal Yol Hərəkəti Təhlükəsizliyi Həftəsi bütün dünyada piyadaların hər gün üzləşdiyi saysız-hesabsız problemləri işıqlandırmaq imkanı verir", deyə, ÜST-ün Qeyri-yoluxucu Xəstəliklər və Əqli Sağlamlıq üzrə Baş Direktor Yardımçısı Dr. Oleq Çestnov qeyd edib: "Biz hamımız piyadalarıq, və hökumətlər bizim hər birimizin daha yaxşı qorunması üçün tədbirlər görməlidir. Bu, yalnız insanların həyatını xilas etməyəcək, həm də hərəkətin təhlükəsizliyinin qorunması üçün zəruri şərait yaradacaq. Yollar təhlükəsiz olarkən, insanlar daha çox piyada gedəcək ki, bu da öz növbəsində, sağlamlığı yüksəldəcək və ətraf mühiti qoruyacaq." Piyadalar təhlükələrə daha çox məruz qalan yol istifadəçiləridir. Araşdırmalar göstərir ki, kişilər, həm uşaqlar, həm də yaşlılar həyatını itirmiş və xəsarət almış piyadaların yüksək qismini təşkil edirlər. İnkişaf etmiş ölkələrdə daha yaşlı piyadalar riskə daha çox məruz qalır, az və orta gəlir səviyyəsinə malik ölkələrdə isə, uşaqlar və gənclər daha çox zərər çəkirlər. Əlil uşaqlar və gənclər əmək qabiliyyətini itirməmiş həmyaşıdları ilə müqayisədə, piyadalar kimi daha çox xəsarət hallarına məruz qalırlar. Digər yol istifadəçilərinin günahı üzündən vurulub öldürülmüş piyadaların faiz nisbəti Afrika ölkələrində ən yüksək (38%) və Cənub-Şərqi Asiya regionunda ən aşağı (12%) həddi təşkil edir. Bəzi ölkələrdə piyadaların ölüm faizi yol nəqliyyat hadisələri ilə bağlı ölüm hallarının təqribən üçdə iki hissəsinə çatmaq üzrədir, məsələn, El Salvadorda (62%) və Liberiyada (66%). "Bütün dünyada yollarda hər həftə 5000-dən çox piyada vurulub öldürülür. Buna səbəb, əksər hallarda avtonəqliyyatın xeyrinə, onların ehtiyaclarına on illər ərzində etinasız yanaşılması olub". Bunu ÜST-ün Zorakılıq, Xəsarətlərin Qarşısının Alınması və Əlillik üzrə Şöbəsinin Direktoru Dr. Etienne Krug qeyd edib. Onun sözlərinə görə, yol hərəkətinin təhlükəsizliyini qorumaq və piyadaların həyatını xilas etmək naminə biz nəqliyyat sistemlərimizi təşkil etmək yollarını yenidən düşünülməlidir. Bütün dünyada hər il yollarda nəqliyyatın hərəkəti ilə əlaqədar təxminən 1,24 milyon ölüm halı baş verir və dünya üzrə ölüm hallarının səkkizinci başlıca səbəbini və 15-29 yaşlı gənclər arasında ölüm hallarının başlıca səbəbini yol hərəkəti ilə bağlı xəsarətlər təşkil edir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən elan olunmuş Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Tədbirlərin Həyata Keçirilməsi Onilliyi (2011-2020) yollarda güclü təhlükəsizliyin təmini tələbinə diqqət yetirilməsi üçün daha çox əsas verir. Bütün dünya hökumətləri tərəfindən 2011-ci ilin may ayından start götürmüş Tədbirlərin Görülməsi Onilliyi ayrı-ayrı ölkələrdə yol hərəkəti təhlükəsizliyinin idarə olunması imkanlarını qurmağa; yolların və nəqliyyatın təhlükəsizliyini yaxşılaşdırmağa; bütün yol istifadəçilərinin davranış tərzini mükəmməlləşdirməyə; və qəzadan sonrakı tibbi xidməti gücləndirməyə çalışır. ÜST, əsasən ayrı-ayrı ölkələri beş əsas risk faktorlarını diqqətə çatdırmaqla yol hərəkəti təhlükəsizliyi sahəsindəki cəhdləri dəstəkləyir. Bu risk faktorları sürət, sərxoşluq və idarəetmə; motosiklet dəbilqələrindən, təhlükəsizlik kəmərlərindən və uşaqlar üçün təhlükəsizlik vasitələrindən istifadə olunmaması; məlumatların toplanmasının və travmatoloji xidmətin yaxşılaşdırılması tədbirlərinə yardım; qlobal vəziyyət barədə hesabatlar yolu ilə monitorinqin aparılması və Tədbirlərin Görülməsi Onilliyinə bir katib kimi xidmət göstərilməsi üzrə təlimatlandırmada ibarətdir. Bu amillərə riayət edilməsi nətizəsində avtoqəzaların və ölüm hallarının sayınım azalmasına nail olmaq mümkündür.

 Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31