Marşrut sürücülərindən tələb - AKTUAL
“Kart sistemi quraşdırılsın, amma planla işləyək”
7 May 2013 16:14 ProblemBakıda şəhərlərarası marşrutların kart sisteminə keçirilməsi prosesinə start verilir. Rəsmi məlumatlara görə mayın sonuna kimi Bakı və Bakıətrafı ərazilərdə hərəkət edən marşrut avtobuslarında kart sisteminin quraşdırılmasına başlanacaq. Artıq bununla bağlı hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğu bildirilir. Yeni qaydalatra əsasən marşrutlarda gediş haqqları nəqdsiz ödənişlə, yəni kart sistemi ilə ödəniləcək. Bunun üçün marşrutlarda ödəniş terminalları quraşdırılacaq və ödənişlər həmin terminallar vasitəsilə həyata keçiriləcək. Yəni, sürücü sərnişindən gediş haqqı tələb etməyəcək. Əslində sistemin tətbiqi təqdirəlayiqdir. Yəni, marşrutlarda sürücü-sərnişin dialoqu olmayacaq, marşrut avtobusları yalnız təyin edilmiş dayanacaqlarda saxlanılacaq, avtobuslarda basabasların qarşısı alınacaq, yersiz mübahisələrə son qoyulacaq. Amma, görəsən Azərbaycandakı sürücülərə bu vəziyyət sərf edirmi? Proses necə həyata keçiriləcək və marşrut sahibləri ilə sürücülər arasında anlaşma hansı səviyyədə olacaq? Məsələn, bu vaxta qədər marşrutlarda işə götürülən sürücülər gündəlik plan əsasında işləyirdilər. Yəni, marşrut sahibinin tətbiq etdiyi planı çıxaran sürücü sonradan özü üçün, yəni öz qazancına işləyirdi. Amma, indi bu məsələ bir az qaranlıq qalacaq. Yəni, sürücü artıq plan deyil, konkret aylıq əmək haqqına xidmət edəcək.
Sürücülər: "Qazancımız 3 dəfə azalacaq"
İntellektual idarəetmə sisteminin tətbiqini sürücülər də normal addım kimi qarşılayır. Amma, bu sistemdə kartla ödənişlərin tətbiqi onları əmək haqqına təsirə görə narahat edir. Bunu şəhərdaxili marşrut avtobuslarında işləyən sürücülər deyir. Sürücülərin dediyinə görə, həmin prosesdə onlara verilən əmək haqqı həddindən artıq az olacaq və bu da dolanacaq üçün yetərli olmayacaq: "Əslində sərf edər, əgər sahibkarla sürücü anlaşması normal olsa. Yəni, artıq məlumatlar yayılıb ki, guya bu sistem tətbiq ediləndən sonra sürücüyə aylıq əmək haqqı veriləcək. Bu isə 250-300 manat olacaq. Bu isə heç bir sürücüyə sərf etmir. 300 manata kim ailəsini dolandıra bilər? Gün ərzində 30 manat, bəzi hallarda 40 manat qazanırıq, ailəni güclə dolandırırıq. İndi isə bu məbləğin 3-də birini alacağıq. Günə 30 manatla dolana bilməyən sürücü 10 manatla necə dolansın? Kim razı olar bu işə? Ondansa marşrutdan çıxıb gedib taksi sürərərm, Bilərəm ki, planı verəndən sonra özüm də pul qazanacam. Belə getsə şəhərdə sürücü qıtlığı yaranacaq. Şəxsən bizə belə işləmək sərf etmir. Səhər saat 6-dan gecə saat 12-yə qədər fasiləsiz işlə, axırda da 10 manat al? Hələ deyilənə görə, bu 10 manatdan biz vergi də verməliyik, Sosial Müdafiə Fonduna da ödəniş etməliyik. Belə çıxır ki, biz 5 manata işləyəcəyik? Fəhlə fəhləliyi ilə bir saat işləyir 30-40 manat qazanır, qalan 23 saatı dincəlir. Biz isə sutkanı dayanmadan işləyəcəyik ki, sonda 10 manat alaq?" Marşrut sürücüləri bu addımı onların qazanclarının azaldılmasına hesablandığını deyirlər.
Sürücülər maaş sistemi ilə deyil, planla işləmək istəyirlər
Marşrut sürücüləri deyirlər ki, onlar kart sisteminin tətbiqinə narazılıq etmirlər. Amma, bu şərtlə ki, onlara aylıq maaş tətbiq olunmasın: "Belə ola bilər ki, kart sistemi tətbiq olunsun, sürücülər sərnişinlərlə dialoq yaratmasın. Amma, maaş sistemi yox, planla işləyək. Bəli, həmin terminallar quraşdırılsın, pullar yığılsın və sonda qarajlarda həmin terminallara gündəlik yığılan pulun məbləği müəyyənləşsin. Sahibkarın planından əlavə yığılan məbləğ bizə verilsin. Belə olsa, əlbəttə ki bizə də sərf edər. Bilərik ki, plandan əlavə yığılan 40-50 manat bizimdi. Daha günü 10 manata işləmirik". Sürücülər deyirlər ki, kart sistemi olsa, sərnişinlərin marşrutlardan pulsuz istifadə etməsi hallarının qarşısı alınar və bu da onlara sərf edir: "Bəlkə də gün ərzində 20-30 sərnişin marşrutdan düşəndə deyir pulum yoxdu, biz də söz deyə bilmirik. Amma, kart sistemində elə deyilməyəcək. Biz də biləcəyik ki, daşıdığımız sərnişinə görə nə qədər pul yığılıb".
İntellektual idarəetmə avadanlıqları keyfiyyətsizdir?
Hazırda avtobuslarda dayanacaq terminallarının da quraşdırıldığını deyən sürücülər bildirirlər ki, bu sistem ümumiyyətlə işləmir. Onların dediyinə görə, terminallar intellektual idarəetmə sistemilə əlaqəli olsa da, nə dayanacaqlardakı vaxt göstəriciləri, nə də avtobusdakılar düz gəlmir: "Hamısı keyfiyyətsizdir. Ya avadanlıqlar keyfiyyətsizdir, ya da quraşdırılma düzgün aparılmayıb. Təsəvvür edin ki, avtobusda quraşdırılan vaxtölçəndə göstərilən vaxt, dayanacaq yerinə ya 10 dəqiqə qabaq çatırıq, ya da yarım saat gec. Çünki, bu sistemi tam olaraq quraşdıra bilməyiblər. Artıq bir ildir ki, bu sistemin quraşdırılmasına başlanıb. Artıq çox sürücülər həmin monitoru çıxarıb atıb qaraja. Çünki, bu monitorda göstərilən vaxtlar bizi çaşdırır. Məsələn, hansısa dayanacağa çatmaq vaxtımız 1 dəqiqə göstərilir, amma həmin dayanacağa 15-20 dəqiqəyə çatırıq. Bu rəqəmlər sürücünü çaşdırır və adam özünü itirir. Bilmirsən hansı vaxtla işləyəsən. Amma pərakəndə olanda ən azından hansı dayanacağa nə vaxta çatdığını bilirsən, təxmini hesablamalarla planlaşdırırsan ki, hansı dayanacaqda nə qədər dayanmalısan, hardan saat neçədə keçirsən".
Tıxacın olması da problemdi, olmaması da
Sürücülər intellektual idarəetmə sisteminin tətbiqinə mane olan daha bir faktı bildirirlər. Onların sözlərinə görə, Bakıda intellektual idarəetməni yaxın bir-neçə ildə tətbiq etmək mümkün olmayacaq. Səbəb isə paytaxtdakı tıxaclardır: "İntellektual idarəetmə sistemi o vaxt tətbiq edilər ki, Bakıda tıxaclar aradan qaldırılar. Bu isə yaxın vaxtlarda mümkün deyil. Bakıda tıxaclar aradan qaldırılmaqdansa, gün-gündən daha da vəziyyət çətinləşir. Bakıda maşınların sayı-hesabı bilinmir. Bir tərəfdən də Gürcüstan bazarlarından hər gün Bakıya maşınlar gətirilir. Belə bir vəziyyətdə tıxaclarla mübarizə heç bir nəticə vermir. Azərbaycanda ümumiyyətlə rayon magistrallarını çıxmaq şərtilə intellektual idarəetmə sisteminə cavab verən yol yoxdu. Bakıda hansı yolu göstərə bilərlər ki, həmin yollar bu sistemlə işləməyə imkan verir? Əlbəttə ki, heç bir yol. Sistemin işləməsi üçün qismən normal olan yol Hava Limanına gedən yoldur. Tək o yolda tıxac olmur. Amma, bir iş də var ki, həmin ərazidə işləyən marşrutlar yalnız o yolla işləmir ki. Məsələn "Koroğlu" metrostansiyasından Suraxanıya gedən marşrut təzə yoldan bir neçə kilometr istifadə edir, sonra yenə keçir tıxaclı yola. Burda intellektual idarəetmə necə tətbiq edilsin ki, burda tıxaclar da nəzərə alınsın, açıq yolda. Tıxacları qət etmək üçün avtobusa 20 dəqiqə artıq vaxt hesablansa, bu da düz gəlmir. Çünki bir də görürsən ki, adətən tıxac olan yol bir gün qəfildən boş olur. Onda gərək marşrut sürücüsü həmin vaxt yolda 10-20 kilometr saatla hərəkət etsin. Buna isə sərnişinin hövsələsi çatmır. Sərnişin də istəyir ki, mənzil başına tez çatsın, sürücü də istəyir ki, yolda çox hərəkət etsin. Amma, tıxac yoxdursa, bu sistemin vaxtından çıxa bilmərsən. Bu da bir problemdir". Sürücülər deyirlər ki, Azərbaycanda bu sistemin tətbiqi üçün ən azından əsas marşrut yolları genişləndirilməlidir ki, tıxaclar nisbətən azalsın. Bu isə hələlik mümkün deyil.
Samir Əli