Nəzarətsiz parklanma tıxac mənbəyi rolunu oynayır - ARAŞDIRMA
Bakıda belə parklanmanın sayı on minlərlədir
20 Fevral 2013 17:24 ProblemAzərbaycanda avtombil tıxaclarının yaranma səbəblərindən biri müəyyən olundu. Nəhayət Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru Elnur Abdullayev bəyan edib ki, ölkədə tıxac problemlərinin əsas səbəblərindən biri qanunsuz parklanmanın fəaliyyət göstərməsidir. Onun sözlərinə görə, 1 illik fəaliyyət əsasında aparılan araşdırmaların nəticəsi göstərir ki, yollarda yaranan tıxacların əsas səbəblərindən biri məhz qeyri-qanuni parklanmadır: "Ötən il ərzində Mərkəz tərəfindən şəhərin əsas küçə və prospektlərində 12 815 ədəd qanunsuz parklanma faktları qeydə alınıb. Hazırda tıxac probleminin əsas səbəbi olan qanunsuz parklanmanın qarşısını almaq üçün Qanunsuz Parklanmaya Nəzarət Sistemi hazırlanır. Bu sistem hazırda test rejimində fəaliyyət göstərir və istifadəyə tam hazırdır. Mərkəz tərəfindən tədbirlər görülür ki, müvafiq qanunvericiliyin qəbulundan sonra sistem tam gücü ilə fəaliyyət göstərsin. Sözügedən sistemin təxminən 1 ildən sonra istismara veriləcəyi gözlənilir". Məlumat üçün qeyd edək ki, baş direktorun elan etdiyi qanunsuz parkların sayı göstərilən statistik rəqəmdən dəfələrlə çoxdur. Demək olar ki, paytaxt Bakının hər addımlığında belə qanunsuz parklanmalar fəaliyyət göstərir. Sirr deyil ki, həmin parklar kimlər tərəfindənsə himayə edilir. Əks halda hər bir dayanacaqda, bazar-dükanın qarşısında belə parkların mövcudluğu mümkün ola bilməzdi. Hətta belə parklarda qanunsuz olaraq taksi sürücüləri və vətəndaşlardan açıq şəkildə pul almaq mümkün olmazdı. Etiraf edək ki, belə parklar hüquq mühafizə orqanları və Nəqliyyat Nazirliyi əməkdaşlarının gözü qarşısında baş verir, hətta bəzi hallarda onların fəaliyyətinə şərait yaradılır. Çünki ortada nəğd pul məsələsi var ki, hər gün həmin pulların hesabı aparılır. Onu da qeyd edək ki, əraziyə nəzarət edən şəxslər yerindən asılı olaraq müəyyən məbləğdə pul qoparmaqla məşğuldur. Əks halda həmin ərazidə avtomobilin saxlanmasına icazə verilmir. Məsələn, Sahil, Neftçilər, Nərimanov metrostansiyalarının ətrafında yaradılan qanunsuz parklarda avtomobilin bir neçə dəqiqə dayanması üçün bir manat ödənilməsi tələb olunur. Digər metrostansiyaların və Milli Parkın ətrafında isə qiymətlər dəyişir. Paytaxtın əsas bazarlarındakı parklarda isə bunu 20 qəpiyə də yola vermək mümkündür. Çünki həmin ərazilərdə gün ərzində kifayət qədər çox avtomobil dayanır. Onu da qeyd edək ki, artıq belə parklar on illərdir ki, paytaxtda məvcuddur və həmin parklara müxtəlif dövlət və özəl qurumlar nəzarət edib. Bir müddət öncə belə parklara nəzarət bələdiyyələrə həvalə edilmişdi ki, o zaman hətta sürücülərə qəbz də verilirdi. Bu biznes sahəsi gəlirli olduğundan onun bir hissəsini özəl mühafizə xidmətləri ələ keçirmişdi. Görünür daha yuxarı orqanların müdaxiləsi nəticəsində həmin parklar xüsusi nəzarətə götürülüb ki, indi onlara "gözün üstə qaşın var" deyən yoxdur. Bunun nəticəsidir ki, içtimaiyyətin daha çox istifadə etdiyi əraziləri avtomobil yığnağından azad etmək mümkünsüz olub. Bu ərazilərin nə qədər genişləndirilməsinə baxmayaraq, orada düzülən avtomobillərin cərgəsi artmaqda davam edir. Qeyd edək ki, belə parklar hazırda əksər dövlət və özəl müəssisələrin qarşısında var. Bəzi müəssisələr həmin əraziləri piyadalar üçün nəzərdə tutulan səkilərlə birgə hasara alıblar. Nəticədə vətəndaşlar həyatlarını təhlükəyə ataraq avtomobil yolu ilə hərəkət etmək məcburiyyətində qalır. Belə parklarda taksilərin hər birinin öz yeri var və ora heç bir avtomobil göz dikə bilməz. Ona görə ki, taksi sürücüləri hər gün qeyri-qanunu müəyyən edilmiş məbləği ödəməli olurlar.
E.Abdullayev həmçinin bildirib ki, Bakı şəhərinin müxtəlif rayonlarında 160-170 yerüstü parkinqin (hər parkinq 300-1000 avtomobil üçün) tikintisi nəzərdə tutulub ki, artıq bir neçəsinin tikintisinə başlanılıb. Eyni zamanda, taksilər üçün 3-4 iri parkinq inşa olunacaq. Ancaq aparılan araşdırmalar deməyə əsas verir ki, bəzi sürücülər belə parklarda avtomobil saxlamaqda maraqlı deyillər. Onlar bunu parklarda qiymətlərin yüksək olması və avtomobilləri qanunsuz parklarda qısa müddətə saxlamaları ilə əsaslandırırlar. Lakin danılmaz faktdır ki, taksilər və şəxsi avtomobillər istədikləri yerdə dayanmağa adət ediblər ki, bu da paytaxtda tıxacların yaranmasına səbəb olur. Vəziyyət o həddə çatıb ki, taksini avtobus dayanacaqlarında saxlayan sürücülər arxadan eşidilən siqnalı da veclərinə almırlar. Nəticədə paytaxta gətirilən iritutumlu abtobusların bir necəsi ərazidə əməlli-başlı tıxac yaradır. Çünki onların öz dayanacaqlarına daxil olmaq imkanları taksilər tərəfindən məhdudlaşdırılır. Belə halda qanunsuz parklara nəzarət avtomobil tıxaclarının qismən də olsa aradan qaldırılmasına şırait yarada bilər. Artıq paytaxt sakinləri belə vəziyyətin şahidi olublar. Nəzarət aylıqları keçirilən zaman qanunsuz parkların yığışdırılması şəhərdə əsil səliqə-sahmanın yaradılması ilə nəticələnir.
Alim