8 ayda 3 dəfə təmir olunan yol niyə çökdü? - PROBLEM

Mənimsənilən milyonlara görə kim cavabdehdir

Bakının mərkəzində yeni tikilmiş asfalt çökdü. Bu biabırçılıq artıq bir neçə dəfə şəhərdə təkrarlanıb. Yeni tikilən, əsaslı təmir olunan avtomobil yolları bir neçə aydan sonra qazılır. Ya asfalt çəkiləndən sonra yadlarına düşür ki, burdan hansısa kommunikasiya xətti keçir,ya da bir aydan sonra bir bəhanə ilə qazırlar. Bakının Səbail rayonunda ötən ilin may aylarına çəkilən avtomobil yolu qəfil çöküb. Söhbət Yasamal-Qurd qapısı deyilən ərazidən Mikayıl Müsviq küçəsinin kəsişməsindəki avtomobil yolundan gedir. Bu yol 2012-ci il may ayının 19-da istifadəyə verilib. Səbail rayon icra başçısının təşəbbüsü ilə yol tam olaraq təmir edildi. Avtomobil yolunda təmir işləri təxminən iki ay çəkəndən sonra sonra, mayın 19-da istifadəyə verildi. Yolda aparılan təmir işləri o qədər uzun çəkdi ki, əhali fikirləşirdi ki, bu yol ən azından 5-10 il dağılmayacaq. Amma, hər şey gözlənilənin əksinə oldu. Təxminən iki  aydan sonra, həmin ilin iyul ayının sonlarında yeni çəkilən asfalt qazılmağa başladı. Xeyr, həmin vaxt bu yolda heç bir problem yox idi. Sadəcə, kiminsə yadından nəsə çıxmışdı deyə yol yenidən təmir olundu. Təxminən 500 metrlik ərazi yenidən qazıldı. Bu da yolun yenidən bir aya yaxın bağlı qalması ilə nəticələndi. Həmin vaxt məlumat yayıldı ki, guya həmin ərazi ilə yeni su xətti çəkilir və ona görə də, yol qazılır. Bu münvalla da həmin yolun yenidən təmiri üçün külli miqdarda əlavə vəsait ayrıldı və...

Təmir adına bərbad vəziyyətə salınan yollar, mənimsənilən milyonlar

Və bilinmədi bu pul hara ayrıldı, nəyə xərcləndi. Çünki yolun ortası ilə su xətti çəkiləndən sonra həmin hissə başdansovdu asfaltla örtüldü ki, desinlər ki, guya yol təmir olundu. Amma, yol təmir olunmaq əvəzinə, əksinə bərbad vəziyyətə salındı. İki ay əvvəl əsaslı təmir olunmuş yol iki aydan sonra qazılaraq pis vəziyyətə salındı, Həmin vaxtdan etibarən hamı bilirdi ki, bu yola ayrılan vəsaitin heç üçdə biri təyinatı üzrə xərclənməyib. Elə də oldu. Bu hadisədən altı ay sonra indiki vəziyyət yarandı. Fevralın 18-də yolun əsas hissəsi-Qurd Qapısı restoranının yanında birdən-birə çökdü. Hadisə nəticəsində yol bağlandı və yol üçüncü dəfə təmirə dayandı. İndi bu yola xərclənən, daha doğrusu ayrılan, amma xərclənməyən vəsait göz qabağındadır. Bu yola nə qədər vəsait ayrılıb, nə qədər xərclənib, nə qədər mənimsənilib. Bu məsələ ciddi araşdırılsa yəqin ki, fakt ortaya çıxacaq və yolu təmir edən icraçı, sifarişçi çətin duruma düşəcək. Amma, onlar da arxayındılar ki, bu işi başdansovdu görüblər. Əks halda, ən azından bu işə cavabdeh şəxslər gördükləri işlərin məsuliyyətini dərk edib ən azından xəcalət çəkər və ya qorxu hissi keçirərdi. Amma, prosesdən görünür ki, onlar da kimlərəsə arxayın olub gözdən nisbətən yerləri istədikləri kimi "təmir" edirlər. Bu təmir isə söküb-dağıdıb, büdcədən əlavə pul yeməkdir. Bundan başqa, həmin üsul heç nəyə yaramır.

Nəqliyyat Nazirlyi niyə susur

Bu yolun çökməsini Nəqliyyat Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi də təsdiqləyib. Daha doğrusu yolun çökməsi barədə məlumatı bu qurum yayıb. Bildirib ki, guya həmin yolda yeraltı proseslərdən çökmə olub. Maraqlı və qəribədir. Bura sürüşmə zonasına kifayət qədər uzaq olduğu yerdə necə çökmə ola bilər. Bəlkə də onlar istəyiblər ki, bu dəfəki çökmə maxinasiyasını Bayıldakı sürüşmə ilə əlaqələndirsinlər. Amma, alınmadı. Çünki, bu ərazi ora kifayət qədər yaxın və yaxınlığında yaşıllıq zolağı olduğundan bu yolun sürüşmədən çökməsi absurddur. Ona görə də, həmin şəxslər heç bir bəhanə gətirə bilmirlər. Bunun bir səbəbi var. Yolun əsaslı tikintisinə ayrılan pullar yeyilib, mənimsənilib və sonda nəticə bu cür olub. Yəni yol qəfildən çöküb. Məsələyə cavabdeh olan Nəqliyyat Nazirliyi isə hələ ki susur. Çünki, bu prosesdə danışıb bəhanə gətirməyin adı yoxdur. Ayrılan vəsait təyinatı üzrə xərclənmədiyindən görülən işin keyfiyyətsizliyi, aparılan maxinasiyalar üzə çıxıb. Yəni, yola cavabdeh olan məmurların səriştəsizliyindən onların paxırları açılıb.

Bu birinci fakt deyil. Ümumiyyətlə Bakıda əksər avtomobil yollarında təmir işləri bu cür davam edir. Yollar təmir adı ilə bağölanır, keyfiyyətsiz təmir işləri görülür və yol istifadəyə veriləndən qısa müddət sonra dağılır, əvvəlkindən də bərbad vəziyyətə düşür. Dövlət büdcəsindən ayrılan milyonlar hesabına başa gələn bu yollar bir neçə aydan sonra yenidən təmirə ehtiyac duyur. Sonra da adını qoyurlar ki, guya ağır tonlu yük maşınları yolu bərbad vəziyyətə salıb və ya yolda sürüşmə və sair hadisələr olub.

Samir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31