Çörək məhsulları ilə bağlı dəhşətli faktlar - ARAŞDIRMA

Bu növ çörəklər yem dükanlarına təhvil verilir

Ölkəmizdə istehlak olunan məhsullar sırasında çörək məmulatlarının xüsusi yeri və çəkisinin olduğu nəzərə alınaraq bu növ məhsul üzərində nəzarət mütəmadi xarakter daşımalıdır. İnsafən qeyd etməliyik ki, son illər hökümət tərəfindən ölkədə çörək istehsalı müəssisələrinin təkmilləşdirilməsi, yeni müəssiələrin yaradılması istiqamətində çoxsayı tədbirlər həyata keçirilib. Təkcə bu il dövlətin güzəştli kreditləri hesabına Azərbaycanda illik istehsal gücü 160 min ton olan 14 çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 14 mln. manat, o cümlədən Bakı ətrafı kənd və qəsəbələr üzrə illik istehsal gücü 123,5 min ton olan 8 çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 6 mln. manatadək güzəştli kredit verilib.   Lakin bütün görülən tədbirlərə baxmayaraq hələ də Azərbaycanda keyfiyyətli çörək və çörək məhsulunun istehsalı ilə bağlı çoxsaylı problemlər qalmaqdadır.  Konkret olaraq ölkədəki çörək  müəssisələrinin əksəriyyəti gigiyenik normalara əməl edilmədən fəaliyyət göstərir. Belə müəssisələrin əksəriyyətinin  müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimatı və resepturaları yoxdur. Məhz bu səbəbdən çörək müəssisələri  antisanitar şəraitdə, heç bir gigiyenik normalara əməl edilmədən, çörək istehsalı üçün nəzərdə tutulmayan, icarəyə götürülmüş istehsala yararsız binalarda fəaliyyət göstərir. Məhsul istehsalında istifadə olunan xammalın saxlanması üçün müvafiq anbar olmadığından həmin məhsulların birbaşa istehsal sahələrində saxlanması, temperatur rejiminin gözlənilməməsi nəticədə xammalların keyfiyyətinə mənfi təsir göstərməklə istehsal olunan çörəklərin keyfiyyətinin aşağı olmasına səbəb olur. İstehsal prosesində istifadə olunan unun istifadədən  öncə ələnməməsi çörəyin mexaniki çirklənməsinə yol açır. Müəssisələrdə çalışan işçilərin qeyri-peşəkarlığı çörək məmulatlarının mövcud normativ sənədlərin tələblərinə riayət edilmədən hazırlanmasına, məhsulun çəkisi, saxlama müddəti, daşınması, qablaşdırılması qaydalarının pozulmasına gətirib çıxarıb. Sadalanan problemlər bir yana, üstəlik məhsulun çəkisi normativ sənədlərin tələblərinə zidd olaraq normadan aşağı istehsal edilir, hətta bəzi hallarda nəzərdə tutulmuş çəkilərdən çox ciddi kənarlaşmalara yol verilir, məhsulların saxlanma müddətləri normativ sənədlərdə nəzərdə tutulduğundan 2-3 dəfə artıq göstərilir, bəzi hallarda istehsal olunan çörəklərə istehsal tarixi bir gün sonraya vurulur. Bir qayda olaraq əksər istehsal sahələrində sınaq laboratoriyaları demək olar ki mövcud deyil və hazır məhsulların sınaqları aparılmır. Bütün sadalanan müəssisədaxili  problemlərlə yanaşı, insanların hər gün dəfələrlə üzləşdikləri nöqsanlar var ki, sahibkarlar həmin çatışmazlığı aradan qaldırmaqda maraqlı görünmürlər. Belə ki, dəfələrlə mətbuata çıxarılmasına, irad tutulmasına baxmayaraq çörək məmulatlarının daşınması bu məmulatlar üçun nəzərdə tutulmuş xüsusi maşınlarda deyil, minik avtomobillərinin salonlarında və yük yerlərində gigiyenik normalar gözlənilmədən daşınır. İnsanların oturduğu, ayaq qoyduğu yerlərdə çörək məmulatlarının daşınması həyata keçirilir. Ən yaxşı halda belə maşınlarda çörək karton, yaxud köhnə əski üzərinə yığılır. Aidiyyati qurumlar tərəfindən dəfələrlə tövsiyyə edilməsinə baxmayaraq hələ də çörəyin qablaşdırılması barədə düşünən sahibkarların sayı barmaqla sayılan qədərdir. Halbuku bu proses olduqca ucuz qiymətə başa gəlir. Bu kimi amillərin mövcudluğu çörək məhsullarının istehlak həcmi və bu məhsullara olan tələbat istehsal prosesinə, hazır məhsulların keyfiyyətinə nəzarət tədbirlərinin də gücləndirilməsi zərurəti yaradır. Ölkədə bu sahədə vəziyyət o dərəcədə acınacaqlı hala çatıb ki,  çörək məmulatlarının keyfiyyətinə dövlət nəzarəti tədbirlərini həyata keçirmək məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət  Komitəsi yanında Dövlət Nəzarəti Xidməti yaradılıb. Xidmət fəaliyyətə başladığı dörd ay ərzində 114 çörək məmulatları istehsalı ilə məşğul olan təsərrüfat subyektində dövlət nəzarəti həyata keçirilib, 84 müəssisədə nöqsanlar aşkar edilərək qanunamüvafiq tədbirlər görülüb, 58 müəssisədə çörəyin istehsalına və satışına qadağalar qoyulub. Ölkədə fəaliyyət göstərən 15 çörək istehsalı ilə məşğul olan təsərrüfat subyektinə 28000 manat məbləğində cərimə tətbiq edilib.

Məsələnin mürəkkəbliyi ondan ibarətdir ki, belə vəziyyət respublikanın əksər rayon və şəhərlərində müşahidə olunmaqdadır.  Regionlarda fəaliyyət göstərən çörək müəssisələrində çalışan işçilərin demək olar ki, heç biri həkim müayinəsindən keçmir, sadəcə az əmək haqqı ilə razılaşdığından işə cəlb edilir. Belə halda qanunsuz olaraq gizli sexlərdə istegsal olunan çörək məmulatlarının keyfiyyətindən danışmağa dəyməz. Fakt isə ondan  ibarətdir ki, belə sexlərdə istehsal olunan çörək məmulatları paytaxtın ən məhşur ticarət mərkəzlərində satışa çıxarılır. Axşam isə həmin şərək məmulatları heyvanlar üçün nəzərdə tutulmuş  yem dükanlarına təhvil verilir. Artıq yem dükanlarında satışa çıxarılan ən ucuz məhsul çörək məmulatları hesab olunur. Bakıda  belə dükanların sayı onlarla ölçülür.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31