Özəl sərnişindaşımanın özəl problemləri... - AKTUAL
Bu sektor xidmət keyfiyyətini artırmaq əvəzinə əlavə problem mənbəyinə çevrilib
6 Dekabr 2012 13:51 ProblemAzərbaycanda avtoqəzaların tez-tez baş verməsi adi hala çevrilib. Son aylar isə ölkədə avtomobil qəzalarının sayının artımı xüsusilə müşahidə olunur. Bununla paralel olaraq avtoqəzalarda dünyasını dəyişən insanların da sayı artmaqdadır. Daha dəhşətlisi odur ki, belə qəzalarda ən çoх bir ailənin üzvləri həlak olurlar. Bunun səbəbi isə bir sıra amillərlə izah olunur. Bu isə birbaşa səhlənkarlıq və yaхud məsuliyyətsizliyin nəticəsi kimi dəyərləndirilir. Yəni sürücülərin sərхoş vəziyyətdə avtomobili idarə etməsi potensial təhlükə mənbəyi hesab olunur. Sürücülərin yol hərəkəti qaydalarına ciddi riayət etmələri mühüm şərtdir və bu, əks təqdirdə müxtəlif hadisələrə gətirib çıxarır. Onların səhlənkarlığı və məsuliyyətsizliyi üzündən avtoqəzaların sayının artması bir çox insanların dünyasını dəyişməsi ilə nəticələnir. Sürücülük qabiliyyətinə güvənib yüksək sürətlə hərəkət edən "peşəkarlar" sükan arxasında sanki hər şeyi unudurlar. Avtomobildən mənzil başına tez yetişmək üçün deyil, bəziləri sadəcə həvəskar olaraq istifadə edirlər. Hətta mobil telefonla danışaraq, yüksək səslə musiqi dinləyərək və əcaib siqnal sədaları ilə sükan arxasında əyləşən "sürücülər" də var. Yüksək sürətlə sanki ətrafdakıların diqqətini cəlb etməyə çalışan belə sürücülər nəticədə öz həyatlarını təhlükəyə atmış olurlar. Belə halların ictimai nəqliyyatda baş verməsi daha təhlükəli hallara yol açmış olur. Sirr deyil ki, hazırki şəraitdə ölkənin sərnişinnəqliyyatında kifayət qədər problemlər mövcuddur. Bu sahənin əsasən özəl sektora həvalə edilməsi isə problemlərin daha da artmasına gətirib çıxarır. Heç bir ədəb-ərkan, məsuliyyət, keyfiyyətli xidmət barədə düşünməyən özəl sektor yalnız şəxsi mənfəətini artırmaq uğrunda mübarizə aparır. "Mübarizə aparır" ona görə deyirəm ki, sərnişin avtobuslarının hərəkəti sanki ralli yarışlarına bənzəyir. Təəssüf ki, "bir dəqiqə tez, bir manat qazanc" uğrunda aparılan bu mübarizə sərnişinlərin taleyi üzərində qurulur.
Statistik məlumata görə, Azərbaycanda hər il təxminən mindən artıq vətəndaş avtoqəzalar nəticəsində dünyasını dəyişir. Ökə ərazisində baş verən avtoqəzaların yarıdan çoхu paytaхt Bakının payına düşür. Artıq sərnişin avtobusları ilə qatar, yük avtomobili, traktorun toqquşması adı hal alıb. Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Bakıda ötən il qeydə alınan yol qəzalarının yarıdan çoxu avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Yüksək sürət dedikdə nəqliyyat vasitələrinin müəyyən olunmuş hərəkət sürətindən yuxarı həddə deyil, həm də hərəkət sürətinin yol şəraitinə uyğun seçilməməsi nəzərdə tutulur. Bu isə sürücüdə məsuliyyət hissinin artırılmasını tələb edir. Yəni sürücülər öz həyatını, avtomobildə olan sərnişinlərin, eləcə də digər hərəkət iştirakçılarının həyatını fikirləşməlidir. Qəribəsi odur ki, qəzaları törədənlərin çoxu sürücülük təcrübəsi 10 ildən yuxarı olan şəxslərdir. Bu isə o deməkdir ki, özlərini peşəkar hesab edən sürücülər həm də özlərini qəzadan sığortalanmış hesab edirlər. Məhz bu arxayınçılıq bədbəxt hadisələrin baş verməsində əsas rol oynayır. Digər narahatedici məqamlardan biri də azyaşlıların avtomobillə qeyri-qanuni davranışıdır ki, son aylarda onlar tərəfindən törədilən qəzaların sayı хeyli artıb. Məsələ burasındadır ki, bu yaşda uşaqlar heç bir məsuliyyət dərk etmədiklərindən vurduqları piyadanı yolda qoyub qaçır, vaхtında хəstəхanaya çatdırılmayan vətəndaş isə həyatını itirmiş olur. Çoх təəssüf ki, inzibati tədbirlərin gücləndirilməsinə baхmayaraq belə halların qarşısını almaq müşkül məsələyə çevrilib.
***
Ümumiyyətlə, ölkədə sürücü-sərnişin mədəniyyətinin aşağı səviyyədə olması, sürücülərin yol hərəkəti qaydalarına ciddi riayət etməmələri, ən əsası isə subyektiv amillər avtoqəzaların sayının artmasında əsas rol oynayır. Paytaxtda bəzi xəttlərin ləğv edilərək avtobusların sıradan çıxarılması bu məsələdə əlavə problemlərin yaranbmasına səbəb olub. Belə ki, bəzi avtobusların xəttdən çıxarılması ilə əlaqədar marşurutlar arasındakı intervallar və gündəlik plan da paralel olaraq artırılıb. Bu səbəbdən sürücülər mənziı başına həm vaxtında çatmaq, həm də planı ödəmək məcburiyyətində qalıblar. Küçələrin daim tıxac olduğunu nəzərə alsaq, avtobusların "avtoşluğu" barədə əlavə şərh verməyə ehtiyac qalmaz.
Ümümiyyətlə, ölkədə sürücülük mədəniyyəti o dərəcədə aşağı düşüb ki, bu da nəticə etibarilə avtoqəzaların yaranmasına səbəb olur. Vətəndaşların sürücülərlə bağlı müşahidə etdikləri vəziyyət, demək olar ki, hər gün təkrar olunmaqdadır. Məsələn, görülən əməli tədbirlərə baхmayaraq, əksər sürücülər təhlükəsizlik kəmərindən istifadəni özlərinə əskiklik hesab edirlər. Həmçinin avtomobili idarə edərkən damaqlarında siqaret mobil telefondan istifadə adi həyat tərzinə çevrilib. Göründüyü kimi belə vəziyyətin davam etməsi sakinlər üçün əsl təhlükə mənbəyinə çevrilib. Sərnişinlərin belə hallara ictimai qənağı isə az qala özünün avtobusdan düşürülməsi ilə nəticələnir. Yəni elə vəziyyət yaranıb ki, ictimai nəqliyyatda qanun pozuntusunun qarşısını nə qanunvericilik, nə də ictimai qınaqla almaq mümkün deyil. Ümid qalıb özəl şirkətlərin insafına. Ancaq görünən odur ki, özəl sektor xidmət keyfiyyətini artırmaq əvəzinə əlavə problem mənbəyi polunu oynayır.
Alim