Hansı hallarda yaşayış sahəsindən istifadə hüququ yaranır? - AKTUAL
Ailə münasibətlərinə xitam verilmiş şəxslər yenidən bir mənzildə yaşamaq məcburiyyətində qalır
21 Noyabr 2012 15:16 ProblemSon zamanlarda məhkəmə təcrübəsində yaşayış sahəsindən istifadə hüququ ilə bağlı şikayətlərin sayı xeyli artmış və məsələ aktual problemlərdən birinə çevrilmişdir. Bu cür mübahisələrin artmasının əsas səbəbləri kimi ölkədə vətəndaşların mənzil ehtiyaclarının lazımınca təmin olunmamasını və durmadan artan boşanma proseslərini göstərmək olar. Belə ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsindən bir çox hallarda şəxsin özü ilə birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) ilə yanaşı sonradan bu üzvlərdən nikaha daxil olan şəxslərin uşaqları, əri və ya arvadı da həmin mənzilə köçür. Bu isə ailə-nikah münasibətləri pozulduğu təqdirdə tərəflər arasında mübahisələrə səbəb olur. Çünki tərəflərin gərgin münasibətləri onların bir mənzildə yaşamasını mümkünsüz edir və əksər hallarda keçmiş ər istifadə hüququnun xitamı ilə bağlı məhkəməyə müraciət edir, bu halda məhkəmə ədalətli kompensasiyanın ödənilməsini təmin etməlidir. Ailə münasibətlərinə xitam verildiyi təqdirdə yaşayış sahəsindən istifadə hüququnun xitamına görə kompensasiyanın ödənilməsi yalnız yeni Mənzil Məcəlləsi qüvvəyə minməmişdən əvvəl, yəni 30 iyun 2009-cu ilə qədər yaranan münasibətlərə şamil olunur. Çünki yeni məcəlləyə görə mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildikdə həmin şəxslərin istifadə hüququ yalnız məcəllədə göstərilmiş konkret hallar mövcud olduqda müvəqqəti olaraq saxlanılır. Remedium Hüquq Mərkəzinin əməkdaşı Qiyafət Xeyirxəbərli bildirib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mənzil Məcəlləsində isə fərqli qayda nəzərdə tutulmuşdur: əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Burada başqa razılaşma dedikdə tərəflər arasında bağlanmış və ikinci şəxsə mənzildən istifadə hüququ verən hər hansı müqavilə nəzərdə tutulur (məsələn, əvəzsiz istifadə). Yəni bu zaman şəxsin istifadə hüququnun yeganə əsası ailə münasibətləri olmadığından bu münasibətlərə xitam verilsə belə digər əsasa görə istifadə hüququ saxlanılır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bu zaman yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsindən əvvəl yaranmış münasibətlərə Mülki Məcəllənin müvafiq maddəsi, ondan sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin müvafiq maddəsi şamil olunur. Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notarial qaydada təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Lakin mülkiyyətçi ilə birgə yaşayan və ya kənarda yaşayan ailə üzvlərinin (ər, arvad, uşaqlar, valideynlər) yaşayış sahəsindən istifadə hüququ qanundan irəli gəldiyi üçün belə notarial qaydada təsdiq olunmuş müqavilə bağlamağa ehtiyac yoxdur. Mülkiyyətçinin övladları öz yetkinlik yaşına çatmayan uşaqlarını mülkiyyətçinin razılığı olmadan da köçürə bilərlər, lakin həyat yoldaşlarını yalnız mülkiyyətçinin razılığı ilə köçürə bilərlər. Bu zaman yeni köçən şəxslərə mülkiyyət deyil, yalnız istifadə hüququ keçir və onların bu hüquqları alqı-satqı, girov və icarənin müstəqil predmeti ola bilməz. Əgər mənzil başqa şəxsin xeyrinə özəlləşdirilərsə üçüncü şəxslər əgər öz istifadə hüquqularından rəsmi qaydada (notarial qaydada təsdiq olunmuş) imtina etməyiblərsə bu hüquq saxlanılır. Yəni burada konkret yaşayış sahəsi istifadə hüququ ilə yüklü olduğundan mülkiyyətçi dəyişsə də bu hüquqa xitam verilmir. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur:mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Praktikada yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün notarial qaydada təsdiq olunmuş yazılı razılaşmanın bağlanmasından sonra şəxsin müvafiq mənzildə qeydiyyata alınması da tələb olunur. Yəni istifadə hüququ rəsmi qeydiyyata düşdükdən sonra yaranır. Mülkiyyətçi tərəfindən mənzillə bağlı sərəncamvermə hüquqları həyata keçirilərkən həmin mənzildə qeydiyyatda olan şəxslərin razılığı da tələb olunur. Mülki Məcəllənin 228.3. maddəsinə əsasən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya vermək yolu ilə xitam verilə bilər. Qanunverici kompensasiyanın hesablanmasının xüsusi qaydasını müəyyən etməyib, bunu məhkəmələrin səlahiyyətlərinə verilib. Praktikada məhkəmələr kompensasiyanı hesablayarkən tərəflərin maddi vəziyyətlərini, ailə üzvlərinin sayını, şəxsin istifadə hüququ olan yaşayış sahəsinin faktiki şəraitini, həmin ərazidə eyni şəraitli evlərin aylıq kirayə haqlarını və s. faktorları nəzərə alırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-cil il qərarında göstərilən "əvəzləşdirmə"yə uyğun məbləğ məhz davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir. İlk növbədə ekspertiza təyin edilərək mübahisəli mənzilin bazar qiymətləri əsasında faktiki dəyəri müəyyən olunur. Mənzilin yerləşdiyi ərazidə eyni şəraitli evlərin aylıq kirayə haqlarının orta qiyməti əsasında müəyyən müddət ərzində (məhkəmə müxtəlif faktorları nəzərə alaraq bu müddəti elə müəyyənləşdirməlidir ki, istifadə hüququna xitam verilən şəxs həmin müddətin bitməsinə qədər öz mənzil ehtiyaclarını sərbəst ödəmək imkanına malik olsun) yaşayış sahəsinə olan tələbatını ödəmək imkanı verən pul məbləği müəyyən olunur. Yaşayış sahəsindən istifadə hüququnun xitamı ilə əlaqədar kompensasiya verilməsi şəxsin hüquqlarının qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Çünki xitam nəticəsində şəxs ən əsas həyati tələbatlardan biri olan yaşayış sahəsindən məhrum olur. Bir çox hallarda boşanma proseslərindən sonra, əsasən qadınlar belə problemlərlə üzləşirlər və hüquqi savadsızlıq nəticəsində öz hüquqlarını tələb etmirlər, nəticədə bir çox sosial çətinliklərlə qarşılaşırlar. Halbuki verilmiş kompensasiya məbləği onların öz maddi vəziyyətlərini normallaşdıranadək və mənzil tələbatlarını normal ödəmək imkanı əldə edənə qədər mənzil ehtiyaclarını alternativ yollarla təmin etmələri üçün şərait yaradır. Kompensasiyanın əsas məqsədi istifadə hüququna xitam verilən şəxsin əvvəlki mənzilə xas şəraitli yaşayış sahəsində mənzil tələbatının ödənilməsidir.Bəzən hüququ xitam olumuş şəxsin maddi vəziyyəti özünü eyni şəraitli mənzillə təmin etməyə imkan verir və kompensasiyaya heç bir ehtiyacı olmadığı halda mülkiyyətçidən müəyyən məbləğ ödənilməsini tələb edir.Bu isə maddi vəziyyəti yaxşı olmayan mülkiyyətçiniyə zərər vura bilər.Belə hallarda, fikrimcə, məhkəmə kompensasiyaya nə dərəcədə ehtiyac olduğunu və hər iki tərəfin maddi vəziyyətini nəzərə alaraq qərar çıxarmalı, lazım olan halda kompensasiyanın müəyyən olunmasından imtina etməlidir.
Alim