Beş dəqiqəlik yağış və iflic olan paytaxt.. - PROBLEM
Yağış normadan artıqdır, yoxsa kanalizasiya sistemi normativlərə uyğun gəlmir?
22 Oktyabr 2012 17:30 ProblemBir neçə gün əvvəl yağan güclü yağış hər il olduğu kimi yenə də paytaxt Bakıda , eləcə də respublikanın bir sıra rayonlarında çoxsaylı problemləri üzə çıxardı. Xüsusən, paytaxtın bir çox küçəsində apardığımız müşahidələr zamanı yolların gölməçələrin əlindən keçilməz hala düşdüyünün şahidi olduq. Hətta yağan yağış ucbatından paytaxtın bir çox yollarında ucu-bucağı görünməyən tıxaclar yaranmışdı. Piyada keçidləri, nəqliyyat hərəkət istiqamətləri demək olar ki, iflic vəziyyətə düşmüşdü. Paytaxt sakinləri isə bu problemlərlə barışmaq məcburiyyətində qalmışdılar. Qısa müddət davam edən yağışdan sonra şəhərin Azadlıq, Ziya Bünyadov və Azərbaycan prospektlərində yollar yenə də adəti üzrə keçilməz olmuşdu. Prospektin Neft Akademiyası istiqamətində yollarda yığılan su qalaqları maşınların və piyadaların gediş-gəlişinə mane olurdu. Yağış suları burada səkilərin müəyyən hissəsini aşmışdı. Paytaxtın əksər ərazilərinin qazılması ucbatından yağış suları demək olar ki, bütün küçələri palcığa qərq etmişdi. Keçilməz piyada səkiləri bir yana, sel suları alçaqmərtəbəli evlərə də dolmuş, nəticədə vətəndaşlara xeyli dərəcədə ziyan dəymişdi. Təəssüf ki, belə hallar paytaxt Bakıda mütəmadi təkrarlanır. Aidiyyati qurumlar qabaqlayıcı tədbirlər görmək əvəzinə günahkar ovuna çıxırlar.
Yaxşı ki, Bakı küləklər şəhəridir. Digər paytaxt şəhərləri kimi qarlı-şaxtalı, rütubətli şəhər olsaydı, yəqin ki, payız-qış aylarında küçələrə çıxmaq mümkün olmazdı. Cəmi bir neçə on dəqiqə davam edən yağışdan sonra şəhərin bütün mərkəzi küçələri iflic vəziyyətə düşürsə, burada heç bir işdən, yaxud görülən işin keyfiyyətindən danışmağa dəyməz. Axı beynəlxalq aləmdə şəhərsalmanın öz qayda-qanunları var. Bu qaydalara riayət olunmadıqda yağış suları mənfi fəsad törədir. Odur ki, şəhərsalma qaydalarına hələ qədim zamanlarda ciddi riayət olunub, küçələr, qalalar və digər yaşayış məskənləri salınanda yağış sularının axması üçün xüsusi materiallardan yeraltı və yerüstü kanallar çəkiblər. Görünür, bütün dünyanın ciddi riayət etdiyi bu şəhərsalma qaydaları Azərbaycan üçün əhəmiyyətsiz bir inşaat prosesi kimi dəyərləndirilir. Məhz bu səbəbdən yeni salınan yolların kənarları, körpülər, piyada keçidlərinin kənarlarında yağış sularının axması üşün kiçik kanallar quraşdırılmır. Elə bu səbəbdən də beş dəqiqəlik yağışdan sonra paytaxt küçələrində yeni salınmış asvalt yollar kiçik gölməçələri xatırladır. Konkret olaraq, Bakıda və bölgələrdə ani yağan yağış və sel bir sıra fəsad törədib. Bakının bir neçə məhəlləsində su toplanması ciddi problemlər yaradıb. Paytaxtın "Çermet" qəsəbəsində, Biləcəridə, Nobel prospektində, NZS, Rəsulzadə, Dərnəgül qəsəbəsi "Xaqani" petrol yaxınlığında, "Kəmalə və Nərmin" şadlıq evləri ətrafında, Yeni Yasamalda, Nərimanov rayonunda bəzi evləri və küçələri yağış suları basıb. Yağışın mənfi fəsadları regionlardan da yan keçməyib. Güclü yağışlar nəticəsində Goranboy rayonunun Goran qəsəbəsində çay daşıb. Ölkənin qərb bölgəsində isə yağış Ağstafa rayonunda fəsadlar törədib. Sel rayonun Dağkəsəmən kəndində evlərə və həyətyanı sahələrə ziyan vurub. Kənd ərazisində yolboyu arxların olmasına baxmayaraq Qazax və Ağstafa rayonlarını birləşdirən yol tamamilə sel sularının altında qalıb. Yardımlı və İsmayıllı rayonlarında torpaq sürüşmələri qeydə alınılb.
Məsələ orasındadır ki, eini vəziyyət hər il davam etməkdədir. Hər il yollar, təmir edilir, yeniləri tikilər, yeni keçidlər istifadəyə verilir. Yay uzunu tozlu-torpaqlı küçələr keçilməz qalanı xatırladır. Qısası, ölkədə yeni yol infrastrukturunun salınmasına dövlət büdcəsindən milyonlarla manat vəsait xərclənir. Amma bunun müqabilində insanlar hər il eyni çətinlikləri yaşamaq məcburiyyətində qalırlar. Əgər görülən işlər, sərf edilən vəsait insanların rahatçılığına xidmət etməyəcəksə, onda bu qədər vəsaitin göyə sovrulmasına nə ehtiyac var? Maraqlı bir məqam ondan ibarətdir ki, yaranmış problemə görə məsuliyyəti bir-birlərinin üzərinə atan rəsmi dövlət qurumları günahı özlərində deyil, təbiətdə, yaxud texniki çatışmazlıqda görür. Belə ki, aidiyyatı qurumlar suyun yollarda yığılma səbəbini həmin ərazilərin kanalizasiya borularına tökülən suyun həcminin qəbul edilə biləcək miqdarından artıq olmasının nəticəsi kimi dəyərləndirirlər. Ancaq etiraf edilməlidir ki, çox az hallarda Azərbaycanda yağışın həcmi illik normadan artıq olur. Lap tutaq ki, bu il ölkədə yağış illik normadan artıq olub. Əgər yol inşası zamanı mütəxəssislər bu kiçik nüansı nəzərə almayıblarsa, hansı keyfiyyətli yoldan söhbət gedə bilər? Məlumata görə, yeni salınan yollarda kanalizasiyalar alman texnologiyasına uyğun quraşdırılır. Bəzən isə iri layihəli yolların çəkilməsi prosesinə əcnəbi mütəxəssislər cəlb olunur. Amma fakt ondan ibarətdir ki, küləyin aşırdığı kiçik bir budaq vaxtında ərazidən yığışdırılmadığından böyük gölməçələr yaranır. Deməli, birmənalı şəkildə demək olar ki, yağış sularının yollarda yaratdığı çətinliklər görülən işlərin keyfiyyətsiz olmasının nəticəsidir. Əgər yol kənarlarındakı arxlar yağışın həcminə uyğun deyilsə, kanalizasiyalar yağış sularını axıtmaq gücündə deyilsə, deməli yolların çəkilişi zamanı heç bir hesablama aparılmayıb, şəhərsalma qaydalarına riayət edilməyib.
İndi qarşıdan qarlı-yağışlı payız ayları gəlir. Hidrometroloqların məlumatına görə, bu il qış öz sərtliyi ilə müşahidə olunacaq. Belə məlum olur ki, əhali qış boyu gözləməlidir ki, yağan yağış, qar suları nə vaxt özü axıb gedəcək? Axı kanalizasiya sistemləri normativlərə uyğun quraşdırılmayıb.
Alim