“Liv Bona Dea” Nigar Köçərlidən 300 min manat tələb edir – Xəstəxana qalmaqalı böyüyür
12:14 Ordu"Liv Bona Dea" xəstəxanası "Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərlidən 300 min manat təzminat tələb edir.
Bunu Musavat.com-a açıqlamasında onun həyat yoldaşı, "Qanun" Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu deyib.
Bildirib ki, xəstəxana bunu Nigar Köçərlinin açıqlamalarının onların işgüzar nüfuzuna zərər vurması ilə əsaslandırır:
"Guya həyat yoldaşım Nigar xanımın sosial şəbəkədəki açıqlamaları onlara zərər vurub və buna görə də bizdən təzminat tələb edilir. Həyat yoldaşımın yazdıqları "Liv Bona Dea"nın ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşımayıb. Nigar xanım əslində paylaşımlarında özünün ağrılarını yazıb. Əməliyyatdan sonra hansı hissləri keçiribsə, onları yazıb. Əməliyyat sonrası ona ağrıkəsicilər vurulmayıb, vaxtında müdaxilə edilməyib və o, əzab çəkir. Bu gün də o əzabın nəticəsini yaşayır, ağır depressiyadan əziyyət çəkir. Hazırda ağır dərmanlar qəbul edir.
Xəstəxana öz pasiyentinin qayğısına qalmaqdan və şikayətini araşdırmaqdansa, ona qarşı məhkəmə iddiası ilə çıxış edir və Nigar Köçərlidən 300 minə yaxın təzminat tələb edir. Buna görə də biz müdafiəyə hazırlaşırıq. Bizim şikayətimiz xəstəyə biganə münasibət göstərilməsindən idi. Lakin xəstəxana bizə geridönüş etmədi. Ona görə də biz məcbur olduq ki, bu məsələni yazaq və yaşananları dilə gətirək".
Qeyd edək ki, bir müddət öncə "Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli "Liv Bona Dea" xəstəxanasında keçirdiyi əməliyyat zamanı qeyri-insani rəftarla üzləşdiyini iddia etmişdi və bununla bağlı sosial media hesabında geniş açıqlama yaymışdı. O bildirmişdi ki, əməliyyatdan sonra güclü ağrılar hiss edib və yalnız dəfələrlə israr etdikdən sonra ona anesteziya vurulub. Nigar Köçərlinin sözlərinə görə, əməliyyatdan sonra tibb personalı tərəfindən kobud və əsəbi rəftarla da üzləşib.
Xəstəxanadan isə bildirilib ki, Nigar Köçərli tərəfindən işgüzar nüfuza və hüquqlara vurulmuş zərərin aradan qaldırılması məqsədilə məhkəməyə müraciət edilib.