Ramiz Mehdiyevin telefonu borca görə bağlanıb?
8 Yanvar 16:49 OrduPA-nın sabiq rəhbəri ətrafını izolyasiya edib
Gələn həftə, yanvarın 14-də Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsində seçilmiş qətimkan tədbirinin tətbiqindən üç ay ötür.
Musavat.com xəbər verir ki, son bir ay ərzində Mehdiyevin cinayət işi ilə bağlı hətta qeyri-rəsmi məlumatların belə xeyli azalması diqqət çəkir. Onun vəkili və ya vəkilləri barədə də ictimaiyyət üçün dəqiq informasiya yoxdur.
Xatırladaq ki, ötən il oktyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdimatı əsasında Səbayel Rayon Məhkəməsinin qərarı ilə Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilir. Seçilmiş qətimkan tədbirinin müddəti 2026-cı il fevralın 13-də başa çatır.
Məlumata görə, Ramiz Mehdiyevin ailə üzvləri də istintaq nəzarəti altındadır və onların ölkədən çıxışına məhdudiyyət qoyulub. İbtidai istintaq çərçivəsində ailə üzvlərinin maliyyə əməliyyatlarının da araşdırıldığı bildirilir. Bu əsasla Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu - fövqəladə hallar nazirinin sabiq müavini, general-mayor Teymur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyevin ölkədən çıxışına "stop" qoyulduğu deyilir.
Mediada yer alan məlumatlara əsasən, Ramiz Mehdiyev işi ilə bağlı ümumilikdə dörd nəfərin - Vüqar Məmmədov, Əli Kərimli, Məmməd İbrahim və Eldar Əmirovun həbs edildiyi iddia olunur.
Bu müddət ərzində "Ramiz Mehdiyev niyə danışmır?" sualı tez-tez səslənir. İndiyədək onun yalnız bir media nümayəndəsinin zənginə qısa "alo" deməklə cavab verdiyi məlumdur. Sonrakı dövrdə isə Mehdiyevin telefonuna edilən zənglərin ya çatmadığı, ya da cavabsız qaldığı bildirilir. Yeni ilin gəlişindən sonra isə onun mobil nömrəsinə ümumiyyətlə zəngin çatmadığı qeyd olunur. Bu da Mehdiyevin telefonunun məsələn, borca görə bağlanması ehtimalını da gündəmə gətirir.
Azərbaycan qanunvericiliyinə əsasən, ev dustaqlığı qətimkan tədbiri tətbiq edilərkən məhkəmə qərarında telefon və digər rabitə vasitələrindən istifadəyə məhdudiyyətlər nəzərdə tutula bilər. Cinayət-Prosessual Məcəlləsinin 163-cü maddəsinə görə, telefon danışıqları, SMS yazışmaları və internet vasitəsilə əlaqə saxlamaq qadağan edilə və ya ciddi şəkildə məhdudlaşdırıla bilər. Ev dustaqlığında olan şəxsin mobil və ev telefonları istintaq orqanlarının nəzarətində saxlanıla, müəyyən şəxslərlə əlaqə yaratması yasaqlana bilər. Bu məhdudiyyətlər istintaqın gedişinin və təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır.
Qanunvericiliyin bu tələbləri Ramiz Mehdiyevin telefondan istifadəsinin faktiki olaraq mümkünsüz olmasını göstərir. Bu səbəbdən onunla bağlı son məlumatları əldə etmək üçün kürəkəninin telefonuna edilən zənglər də nəticəsiz qalıb.
Görünən odur ki, Ramiz Mehdiyev hazırkı mərhələdə öz ətrafını tam şəkildə izolyasiya edib.