Müasir silahlar və hərbi-texniki təchizat ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcək - FOTO

 

26 iyun 1918-ci il tarixli qərarla Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addımlar atıldı.

1992-ci il oktyabrın 9-da isə Silahlı Qüvvələrimizin Bakıda ilk hərbi paradı keçirilib. Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü kimi elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi, 2013-cü ildə isə Silahlı Qüvvələr Gününün yaranmasının 95 illiyi ilə münasibətilə hərbi parad keçirilmişdir.

Ulu Öndərin siyasi kursunu bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Bu hər birimizi sevindirir və qürurlandırır. Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, ölkəmizin müdafiə qabiliyyəti gündən-günə artaraq, xalq-dövlət-ordu birliyi monolit birliyə çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi.

Bu haqq savaşında Müdafiə Sənayesi Nazirliyin istehsalı olan müasir silah-sursatın, pilotsuz uçuş aparatlarının uğurlu tətbiqi tarixi Qələbənin qazanılmasında mühüm rol oynadı. Azərbaycan Vətən müharibəsindən qazandığı şanlı Zəfərdən sonra ilk dəfə 2022- ci ildə keçirilən IV ADEX sərgisində daha müasir silahlarını təqdim edildi.

Sərgini Prezident İlham Əliyevin ziyarət etməsi ADEX-in inkişafına xüsusi təkan verib. Dövlət başçısı xarici ölkələrin bütün əsas stendlərinə, eləcə də yerli ekspozisiyalara baş çəkib, müasir silahların və hərbi-texniki təchizatın Azərbaycanın müdafiə qabiliyyəti üçün əhəmiyyətini qeyd edib. 

Bütün bunlar Azərbaycanın müdafiə qabiliyyətinin inkişaf etdirmək əzmini göstərir. Prezident, Müzəffər Ali Baş Komandanımızın qeyd etdiyi kimi, qarşıdan gələn dövrdə də müasir silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsalına xüsusi diqqət yetirməklə Azərbaycan Silahlı Qüvvələrini və ölkəmizin müdafiə qabiliyyətini daha da gücləndirəcəyik.

Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanmaqdadir.

Azərbaycan Silahlı Qüvvələri bu gün necə güclüdürsə, gələcəkdə də məhz belə olacaqdır!

Həsən Ağayev,
YAP Xətai rayon təşkilatının fəal gənci,
Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitutunun əməkdaşı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31