Ermənistan döyüşə qocalarla gedir
Yaradılan könüllü dəstələrə yazılanların yaşı 50-60 arasındadır
29 Avqust 2020 13:42 OrduYaradılan könüllü dəstələrə yazılanların yaşı 50-60 arasındadır
Ermənistanda demoqrafik vəziyyət getdikcə drammatik xarakter alır. Qarabağ müharibəsi başlayandan bu günə qədər sürətlə azalmağa başlayan Ermənistan əhalisində gənc nəsilə demək olar ki, məhdud sayda rast gəlinir. Bunun da başlıca səbəbi erməni ailələrin övladlarını yeniyetməlik dövrünə çatan kimi müxtəlif yollarla Ermənistandan uzaqlaşdırmasıdır. Təkcə birinci Qarabağ müharibəsi başlayandan indiyə qədər hər il 500-1000 nəfər yeniyetməlik həddinə çatan erməni gəncinin Rusiya və onun müxtəlif subyektlərinə, eləcə də dünyanın müxtəlif ölkələrinə getdiyi bildirilir. Təsadüfi deyil ki, bir neçə il əvvəl hətta Ermənistanın Müdafiə Nazirliyi belə bir faktın mövcudluğunu dolayı yolla etiraf etmişdi və orduda xidmət etmək üçün könüllülərin silahlı qüvvələrə qəbul ediləcəyini bildirmişdi. Hətta hər bir şəxsə ilkin olaraq müəyyən məbləğ veriləcəyi də vurğulanırdı. Lakin görünür düşmən ölkənin Müdafiə Nazirliyinin bu planı baş tutmadığından yeni bir addımlar atmaq zərurəti meydana çıxıb. Belə ki, yayılan xəbərlərə görə, Ernənistanda "Müdafiə haqqında" qanuna dəyişikliklər ictimai müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən ölkədə hərbi könüllü dəstələrin yaradılması nəzərdə tutulur.
Məsələni şərh edən politoloq Məhəmməd Əsədullazadə Ermənistanda "Müdafiə haqqında" qanuna dəyişikliklərin gündəmə gəlməsini bir neçə amillə əlaqələndirib. O, bildirib ki, bu ilk növbədə insani resursların çatışmamazlığı ilə bağlıdır: "Bildiyimiz kimi Ermənistan ciddi demoqrafik böhran keçirir. Ölkə gənclərinin müxtəlif yollarla Ermənistandan qaçması hərbi xidmətə çağırışda ciddi problemlərin meydana çıxmasına səbəb olub. Qeyri-rəsmi məlumatlara görə, ən son hərbi xidmətə çağırış zamanı əvvəlki illərdən xeyli sayda gənci hərbi xidmətə cəlb etmək mümkün olub ki, bu da Ermənistan hökumətinin işğal altında olan Azərbaycan ərazilərində qeyri-qanunu məskunklaşdırdığı erməni ailələrinin övladlarıdır. Çünki onların hərbi xidmətə əsgər göndərməkdən başqa əlacı yoxdur. Ona görə ki, Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni məksunlaşdırılanlar Suriya, Livandan gətirilən və Ermənistan vətəndaşlığı verilən ailələrdir. Bu səbəbdən onlar məcburiyyət qarşısında hərbi xidmətə övladlarını göndərirlər. Məhdud sayda sırf erməni ailələri var ki, onların da Yerevana, yaxud digər bölgələrə dönüşü qeyri-mümkündür. Çünki onlar minimum sosial durumun qarşılığında işğal altında olan ərazilərdə yerləşdirilib və geriəyə yolları olmadığı üçün işğal edilmiş əraziləri müdafiə etməkdən başqa yol görmürlər. Ancaq Yerevan və digər bölgələrdə yaşayan erməni ailələr isə qətiyyən Ermənistan ordusuna öz övladlarını etibar etmirlər".
Politoloqun sözlərinə görə, Tovuz istiqamətində gedən döyüşlərdən sonra Ermənistanda könüllü şəkildə hərbi xidmətə yazılanların tərcümeyi-halı, eləcə də yayılan fotolardan da aydın görünür ki, düşmən ölkədə gənc nəsil qıtlığı var: "Yayılan fotolardan da aydın görünür ki, orduya könüllü yazılanların yaşı 50-55-dən yuxarıdır və ön cəbhəyə çıxartmağa gənc resursu yoxdur. Belə demək mümkünsə Ermənistan döyüşə qocalarla gedir". Politoloq hesab edir ki, Aprel döyüşləri və Tovuz hadisələri də erməni gənclərinin hərbi xidmətdən imtinasına və xidmətdən yayınmasına təsir edən amillərdəndir: "Bütün dünyanı bürüyən koronavirus pandemiyası da bu mənada hərbi xidmətdən yayınmaq istəyən erməni gənclərin işinə yarayıb deyə bilərik. Bir müddət əvvəl Ermənistan Müdafiə Nazirliyinin sözçüsünün açıqlamasında da etiraf edilirdi ki, hərbi xidmətə çağırış zamanı gənclərin bir çoxunda koronavirus aşkar edilib. Bu mövzuda yayılan digər bir xəbərdə isə qeyd edilirdi ki, erməni ailələr çağırış yaşına çatmış övladlarını qəsdən virusa yoluxdururlar ki, hərbi xidmətə getməsinlər. Çünki indiki halda erməni analar üçün Ermənistan hakimiyyətinin separatçı, işğalçı oyunlarının tərkib hissəsinə çevrilib cəbhədə öz övladını itirməkdən daha yaxşı variant onu virusa yoluxdurub xəstəxanada saxlamaqdır. Nəzərə alsaq ki, Ermənistan səhiyyəsində də durum bərbad vəziyyətdədir və bir xəstənin müalicə edilib sağalması aylar çəkir, o zaman bu erməni ailəsi üçün demək olar ki, övladını hərbi xidmətdən yayındırmaq üçün bir uduşdur".
Məhəmməd Əsədullazadə onu da qeyd edib ki, erməni gənclərin ordudan yayınmasının digər bir səbəbi hərbi sahəyə istənilən diqqətin göstərilməməsi, ordunun çətin durumda olmasıdır: "Hazırda mərkəzi hakimiyyət orduya nəzarət edə bilmir. Paşinyan indiki durumda yalnız öz hakimiyyətini qorumaqla məşğuldur. Hətta orduya diqqət ayırmaq istəsə belə, Ermənistanın iqtisadi potensialı, gücü buna yetərli deyil. Səngərdə bir qarnı ac, bir qarnı tox olan erməni əsgəri güclü Azərbaycan Ordusu qarşısında aciz durumdadır. Ona görə də erməni gənci Paşinyan hakimiyyətinə etibar etmədiyindən orduya getməkdən yayınır".
Politoloq sonda onu da qeyd edib ki, Ermənistan hakimiyyətinin orduya könüllü yığmasını şərtləndirən bir digər amil son vaxtlar Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın daha geniş spektr alması və Azərbaycanda keçirilən hərbi təlimlərdir: "Tovuz hadisələri zamanı qardaş Türkiyənin siyasi və hərbi rəhbərliyinin Azərbaycanı sona qədər müdafiə edəcəklərini bəyan etmələri, Ermənistana ünvanlanan xəbərdarlıq mesajları da Yerevanı könüllü dəstələr formalaşdırmağa vadar edib. Burada ermənilərin Türkiyəyə olan nifrət amilini də nəzərə alaraq belə qənaətə gəlmək olar ki, Ermənistanda yaradılacaq könüllü dəstələrə Suriyadan, İraqdan, Livandan gətirilən muzdlular da cəlb edilə bilər. Hansı ki, həmin muzdlular İraqda, Suriyada Türkiyənin apardığı antiterror əməliyyatlarında qardaş ölkənin ordusuna qarşı döyüşən terrorçular olublar".
Süleyman