Dağlıq Qarabağ və ətraf ərazilərdə də karantin rejimi tətbiq edə bilərik

"Rəsmi Bakı respublikamızın bütün ərazisində qüvvədə olan xüsusi karantin rejimi qaydalarını eynilə Dağlıq Qarabağ və ətraf ərazilərdə də tətbiql edə bilər. Və buna bizim tam hüququmuz çatır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, bildirib ki, beynəlxalq hüquq da Dağlıq Qarabağın və ətraf ərazilərin Azərbaycana məxsus olduğu faktını qəbul edir: "Paşinyan və onun əlaltıları pandemiyanın tüğyan etdiyi bir dövrdə Dağlıq Qarabağda qondarma "seçki" şousundan törəyən siyasi xaosa və iğtişaşlara son qoya bilmirsə, o zaman biz öz suveren hüququmuzdan istifadə edib müharibəsiz yolla, karantin rejimini tətbiq etməklə qayda-qanun, sabitlik yarada bilərik". Partiya sədri qeyd edib ki, Paşinyanın və əvvəlki Ermənistan prezidentlərinin siyasi avantüralarından bezmiş sıravi Dağlıq Qarabağ erməniləri də mənəvi-psixoloji cəhətdən buna hazırdırlar: "Onlar özünə əlac eləyə bilməyən Ermənistan dövlətinin Dağlıq Qarabağın "yük"ünü çəkə bilməyəcəyini yaxşı anlayırlar. Dağlıq Qarabağ gerçəkdən də rəsmi İrəvan üçün böyük bir yükə çevrilib. Həm siyasi, həm də hərbi və iqtisadi mənada".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31