Ermənilərin qətlə yetirdiyi azərbaycanlı körpələr..
. Qənirə Paşayeva : “Bu, modern dünyanın ən böyük ayıbı, utancıdır”
31 İyul 2012 16:17 MüsahibəMüsahibimiz millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevadır
-Qənirə xanım, bu günlərdə Qarabağ hadisələrinə həsr olunmuş daha iki - "İtirilmiş gələcək-Aygün" və "Ruhum qarabağlıdır" filminizin təqdimatı oldu. Bu filmləri hazırlamaqda, ərsəyə gətirməkdə əsl məqsədiniz nədən ibarətdir?
-Bu filmlərin hazırlanmasının, geniş auditoriyaya təqdim edilməsinin ilk və başlıca səbəbi erməni vandalizmini, Azərbaycanın erməni təcavüzünə məruz qalmasını, o cümlədən, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə daha dolğun şəkildə catdırmaqdır. Bu gün biz ermənilərlə təkcə hərb, savaş meydanında deyil, həm də ideoloji cəbhədə mübarizə, müharibə aparırıq və bu baxımdan gərəkdir ki, bu informasiya savaşında da haqlı tərəf olduğumuzu sübut edək. Bunun üçün də məhz belə filmlərin hazırlanması və dünya ictimaiyyətinə çatdırılması vacibdir. Konkret olaraq, "İtirilmiş gələcək-Aygün" filminin üzərinə gələrək onu demək istəyirəm ki, bu filmin əsas, baş qəhrəmanı olan 11yaşlı balamız Aygün Şahmalıyeva ötən ilin iyulunda Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Əlibəyli kəndi ərazisindən keçən Tovuz çayına axıdılmış - içərisinə partlayıcı yerləşdirilmiş oyuncağın partlaması nəticəsində qətlə yetirildi. Deyərdim ki, dünyada bu vəhşiliyin, vandalizm aktının analoqu da yoxdur, yəni, oyuncağın icərisinə partlayıcı yerləşdirəsən ki, bunu tapan uşaq həmin oyuncağın partlaması nəticəsində dünyasını dəyişsin, onun qurbanı olsun... Biz də onun - Aygün haqqında bir film hazırladıq. Avrasiya Araşdırmalar İnstitutu İctimai Birliyi olaraq "İtirilmiş gələcək-Aygün" filmini hazırlayıb, ərsəyə gətirdik. Bu filmin hazırlanmasında, onunla bağlı geniş təqdimat mərasiminin keçirilməsində də əsas məqsəd ondan ibarətdir ki, birincisi, indiki gənc nəsil və gələcək nəsillərimiz Aygünü nə unutmalı, nə də unutdurmalıdır. Çünki cox təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar Aygünün belə bir şəkildə, Ermənistan tərəfindən həyata keçirilən terror aksiyası nəticəsində - mən bunu məhz belə adlandırardım - vəhşicəsinə qətlə yetirilməsinə çox biganə yanaşdı, ona lazımi reaksiyanı vermədi.
-Demək istəyirsiniz ki, Aygün həm də beynəlxalq ictimaiyyətin və beynəlxalq qurumların bu kimi vandalizm hərəkətlərinə susqunluğunun, biganəliyinin bir növ qurbanı oldu...
-Tamamilə, doğrudur. Aygün məhz Qarabağ məsələsinin tənzimlənməsi ilə guya məşğul olan beynəlxalq təşkilatların, missiyaçılıq, vasitəçilik funksiyasını öz üzərinə götürən şəxslərin və nəticə etibarı ilə beynəlxalq birliyin, ictimaiyyətin biganəliyinin, laqeydliyinin qurbanı oldu. Aygünə qədər qətlə yetirilmiş azərbaycanlı körpələr, azərbaycanlı uşaqlar var ki, onlar məhz Ermənistan tərəfindən həyata keçirilən dövlət terrorunun, soyqırımların qurbanıdırlar və əgər o uşaqlara görə beynəlxalq ictimaiyyət vaxtında lazımi reaksiyasını versəydi, beynəlxalq təşkilatlar təcavüzkar Ermənistana lazımi təpkini, təzyiqi göstərsəydi və ən başlıcası bu vandalizm aktlarını törədənlərin cəzalandırılmasını tələb edərək buna nail olsaydı, bəlkə o zaman Aygün də bu cür vəhşilklə qətlə yetirilməzdi. Bu günün özündə hələ də Aygünün bu cür vəhşicəsinə qətlə yetirilməsinə laqeyd münasibət gələcəyə yeni qurban aygünlərin olmasına yol açan addımlardır. Ona görə bu filmdə əsas məqsəd olaraq o önə çəkilib ki, indiki və gələcək nəsillərimiz özləri ilk növbədə nə Aygünü unutmalı, nə də unutdurmalıdırlar.
-Bu filmin Azərbaycandan kənarda da yayımlanması nəzərdə tutulurmu?
-Heç şübhəsiz ki, bu film tək Azərbaycanda yayımlanmayacaq, film həm də bizim xaricdəki diaspor təşkilatlarımıza göndəriləcək ki, oradakı bütün insanlarımız, soydaşlarımız bu kimi hadisələri nə unutsunlar, nə də unutdursunlar. Həmçinin, film sosial şəbəkələrdə, "youtube"da da geniş şəkildə yayılacaq, amma vacibi budur ki, bu filmin ingilis dili versiyası hazırlanır və bu versiya bütün beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatlara bizim xaricdəki səfirliklərimiz vasitəsilə geniş şəkildə yayılacaq. Bir daha təkrar olaraq qeyd etmək istəyirəm, burada əsas məqsəd odur ki, bu kimi erməni cinayətlərini nə unudacağıq, nə də unutduracağıq. Bu cür- insanlığa qarşı həyata keçirilən terror aktlarını nə unudub, nə də unutduracağıq. Eyni zamanda, beynəlxalq ictimaiyyətdən də lazımi reaksiya verməsini, öz mövqeyini açıq, birmənalı şəkildə ortaya qoymasın, bunu törədənlərə qarşı təzyiq artırmasını bir daha tələb edəcəyik və bu çağırışı səsləndirəcəyik ki, modern dünyanın gözü qarşısında körpə, məsum uşaqlar oyuncağa yerləşdirilmiş bomba, partlayıcı ilə qətlə yetirilirsə, bu, artq dünyanın ən böyük ayıbıdır, ən böyük utancıldır. Ən böyük utancıdır ki, körpələrimiz bu cür vəhşiliklə qətlə yetirilirlər. Odur ki, gələcəkdə də belə qurbanlar olmasın deyə, biz bütün beynəlxalq ictimaiyyəti bu kimi məsələlərə öz diqqətini daha da artırmağa çağırırıq.
-Bəs, sizin şeirləriniz əsasında ssenariləşdirilmiş "Ruhum qarabağlıdır" filmi haqda nə deyərdiniz?
-Əvvəla, Xocavənd rayon İcra Hakimiyyətinə, icra başçısı Eyvaz Hüseynova şəxsən təşəkkür etmək istərdim ki, onlar belə bir təşəbbüslə, ideya ilə çıxış ediblər. Doğrusu, bu şerlər silsiləsi mənim duyğularım, hisslərim idi və bu hisslərimi, duyğularımı da insanlarla bölüşmək istəmişdim. Eyni zamanda, elə bilirəm ki, bu duyğular, bu hisslər azərbaycanlıların əksəriyyətinin duyğuları və hissləridir. Yəni, biz Qarabağla, işğal altında olan torpaqlarımızla bağlı o arzuları, o acıları, o ağrıları, o həsrəti birgə yaşayırıq, çəkirik. O cümlədən, içimizdəki o inam, o ümid ki, biz mütləq Dağlıq Qarabağa, digər işğal olunmuş topraqlarımıza qayıdacağıq, elə bilirəm ki, bu, bütün azərbaycanlıların icərisində olan inamdır. Mən də hamının içərisində olan ümidi, inamı, ağrı-acını, kədəri paylaşmaq, yəni, hamının paylaşdığı duyğuları özüməməxsus şəkildə "facebook" səhifəmdə dilə gətirmişdim. Çox sağ olsunlar, bu duyğuları ki, kiçik şerlər vasitəsi ilə paylaşmaq istəmişdim, indi onu götürüblər və sənədli - bədii film kimi ssenariləşdiriblər. Buna görə də bu işdə əməyi keçənlərin hər birinə, Xocavənd rayon İcra Hakimiyyətinə, ssenari müəllifi, tanınmış telejutnalist Bəxtiyar Qaracaya, o cümlədən, xocavəndlilərə ilk növbədə minnətdarlığımı bildirmək istəyirəm. Çünki bu gün Xocavəndin, Dağlıq Qarabağın çox kiçik bir parçası bizim əlimizdədir və xocavəndlilər də Qarabağ müharibəsi dövründə çox mətinliklə vuruşublar, - o topraqlar sanki insanlarımızın qanı ilə suvarılıb - ermənilərə çox layiqli cavab veriblər. Bü gün də onlar ön cəbhəmizdə çox mərdliklə dayanırlar və o inamla da yaşayırlar ki, torpaqlarımızı işğaldan azad edəcəyik, biz o torpalarımıza dönəcəyik. Eyni zamanda, bu insanların belə bir təşəbbüslə, ideya ilə çıxış etməsi və bu filmi hazırlaması məni duyğulandıran bir məsələdir. Ona görə ki, bu, bəlkə də yeganə filmdir ki, onun oyunçuları arasında tanınmış aktyorlar, aktrisalar yoxdur, bu filmdə bütün qəhrəmanlar Qarabağ ağrı-acısını yaşayan və yaşamaqda davam edən qarabağlılar, sadə xocavəndlilərdir. Onlar bu filmin gerçək qəhrəmanları kimi o duyğuları sadəcə, oynamırlar, o duyğuları bütün varlıqları ilə yaşayırlar. Ən əsası da bu filmin qəhrəmanları gənclərdir. Yəni, o gənclər ki, torpaqlarımıza sahiblənmək, Qarabağımıza qayıdacağıq, qayıtmalıyıq fikri ilə yaşayırlar. Mən inanıram ki, o gün də uzaqda deyil, Ali Baş Komandanımızın rəhbərliyi altında biz tezliklə o topraqlarımıza, o yurdlarımıza, o evlərinmizə mütləq dönəcəyik. Biz bu günü mütləq və mütləq görəcəyik!
Alim